PALÇIQ VULKANLARI VƏ ƏTRAF MÜHİT


adil

Professor Adil Abas oğlu Əliyev AMEA Geologiya İnstitutu

Azərbaycan palçıq vulkanları diyarıdır. Şərqi Azərbaycanın ərazisində — quruda və Xəzərin akvatoriyasında 350 palçıq vulkanı və vulkan təzahürləri mövcuddur (Алиев, Рахманов, 2008). AMEA Geologiya İnstitutunda palçıq vulkanları 45 ildir hərtərəfli öyrənilir, onların ekoloji baxımdan da tədqiqi çox vacib məsələdir, çünki vulkan fəaliyyətinin həm müsbət, həm də mənfi cəhətləri vardır. Məqalədə palçıq vulkanlarının fəaliyyətinin ətraf mühitə təsiri və bununla əlaqədar iki mühüm məsələ səciyyələnir. Bunlardan biri, palçıq vulkanlarının güclü püskürməsidir.

 Şəkil 1. Azərbaycanın palçıq vulkanları xəritəsi. Püskürmə vaxtı yer səthinə karbohidrogen qazları çıxarılır, 300-400 metrə çatan alov sütunu alınır, bəzən yüksək faizdə karbon qazı çıxarılır, eyni zamanda böyük həcmdə vulkan brekçiyası tullanır. Vulkanın sakit fəaliyyəti dövründə yenə də qaz, minerallaşmış sular, lilli palçıq, bəzi vulkanlarda isə çoxlu neft çıxarılır və nəticədə vulkan sahəsində qeyri-adi şoran torpaqlar və geokimyəvi cəhətdən nadir landşaftlar yaranır, bununla da aydındır ki, ətraf mühitə, canlı orqanizmlərə təsiri olur. Bu baxımdan, vulkanoloq-mütəxəssisləri çox narahat edən məsələlərdən biri də palçıq vulkanları sahələrinin zibillənməsi və vulkanın yaxınlığında insanların məskunlaşmasıdır. Binəqədi qəsəbəsi yaxınlığındakı Keyrəki palçıq vulkanının 2002-ci ilin fevral ayında baş verən püskürməsindən sonra, vulkan yanında böyük yaşayış massivi yaranmışdır, hətta bəzi binalar vulkanın yamacında salınmışdır (foto 2). 

Abşeron yarımadasında yerləşən digər Qobu Bozdağı palçıq vulkanında isə krater sahəsinin ətrafında yaşayış binaları tikilmişdir. Beləliklə, qeyd etdiyimiz kimi, Azərbaycanda geniş yayılmış palçıq vulkanlarının paroksirmal və qrifon-salza fəaliyyəti nadir landşaftları formalaşdırır, ətraf mühitə və canlı orqanizmlərə təsir göstərir. Kimyəvi elementlərin yüksək konsentrasiyası və ya kifayət miqdarda olmaması, biosfer üçün onların qeyri-adi mütənasibliyi palçıq vulkanları zonalarında ekosistemin vəziyyətində müəyyən dəyişikliklərə səbəb olur. Bu baxımdan Azərbaycan palçıq vulkanları, intişarından asılı olmayaraq, unikal hələ də geokimyəvi cəhətdən tam aşkarlanmamış landşaft obyektləridir. Şərqi Azərbaycan ərazisində palçıq vulkanları Abşeron yarımadasında, Şamaxı-Qobustan regionunda, cənubi-şərqi Şirvanda və Cənubi Xəzərin Bakı arxipelağında yerləşmişlər. Hər palçıq vulkanı zonası özünə xas olan geoloji, geokimyəvi və iqlim xüsusiyyətləri ilə səciyyələnir ki, bunlar landşafta və müvafiq olaraq ekoloji məsələlərə təsir edirlər. Qeyd etmək lazımdır ki,  bu istiqamətdə Azərbaycan EA Coğrafiya İnstitutunda elmi-tədqiqat işləri həyata keçirilmişdir, bir sıra iri vulkanların landşaft xəritəsi tərtib edilmişdir, relyefin torpaq-bitki örtüyünün müxtəlif yaşlı vulkan brekçiyalarında formalaşmasının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Keçən əsrin 80-cı illərinin ortalarında Akif Əhmədovun namizədlik dissertasiyası xüsusi qeyd olunmalıdır. Bu iş Azərbaycanın 3 – Çeildağ, Keyrəki və Dəmirçi vulkanlarının (onlar müvafiq olaraq yarımsəhra, step və dağçəmən landşaft zonalarında yerləşiblər) landşaftlar geokimyasına həsr olunmuşdur. Onun tərəfindən ilk olaraq bir sıra biloji aktiv mikroelementlərin – bor, molibdenin – nəinki palçıq vulkanı brekçiyasında, həmçinin torpaqda, bitkilərin və heyvanların fəaliyyətinin ətraf mühitin geokimyəvi xüsusiyyətlərinə təsiri başlıca olaraq yarımsəhra zonasında qeyd edilmişdir, haradakı iqlim şəraitləri palçıq vulkanlarının çıxardığı mikroelementlərin toplanması üçün əlverişli olmuşdur (Ахмедов, 1978). Qeyd etdiyimiz kimi, Azərbaycanda palçıq vulkanizmi geniş yayılmışdır. Əksər palçıq vulkanları Qobustanda olduğu kimi, yaşayış məntəqələrindən uzaqdadırlar. Ancaq elələri də vardır ki, xüsusilə Abşeron yarımadasında, Şamaxı rayonunda, harada vulkanla yanaşı kənd, şəhər tipli qəsəbələr, kənd təsərrüfatı, əkin yerləri, anbar tikililəri (binaları) yerləşir. Məhz bu halda, insanların düşünülməyən təsərrüfat fəaliyyəti nəticəsində bu vulkanlar zibillənir, onların ətrafındakı ərazilər təsərrüfat tullantıları saxlanılan yerə çevrilir, vulkan yaxınlığında yaşayış binaları tikilir ki, bu da güclü püskürmələr olanda fövqəladə təhlükəlidir. Vulkanların püskürmələri təbiətin maraqlı hadisələrindən olsa da, eyni zamanda insanlar üçün təhlükəlidir. Vulkan adətən gözlənilmədən püskürməyə başlayır və bu vaxt ətrafdakı adamlar üçün təhlükə yaradır. Məsələn, 1902-ci ildə Abşeronda Güzdək Bozdağı vulkanı püskürməyə başladıqda vulkanın kraterində gecələməyə qalan 6 çoban 2000 qoyun sürüsü ilə birlikdə həlak olmuşdur. 1932-ci ildə Xəzərdə Səngi-Muğan vulkanında baş verən partlayış insan tələfatına səbəb olmuşdur və s. (Алиев, 2007). Bəzən vulkanların canlanmasında insanların da rolu olur. Sönmüş olan vulkanların yaxınlığında aparılan təsərrüfat, tikinti işləri vulkanın aktivləşməsinə və püskürməsinə səbəb olur. Belə faktlar az deyil. Ümumiyyətlə, tikinti işlərinin aparılması, müəyyən obyektlərin yaradılması vulkan yerləşdiyi sahədən 1.5-2 km aralıda olmalıdır. 1999-cu ilin iyul ayında Abşeron yarımadasındakı Qobu Bozdağı palçıq vulkanının püskürməsi baş vermişdir: müxtəlif istiqamətdə uzanan çatlar əmələ gəlmişdir və onların biri vulkana yaxın sahədə tikilmiş yaşayış binalarına çatmışdır. 2000-ci ilin oktyabr ayında Abşeron yarımadasında Ceyranbatan su anbarının sahilində yerləşən sönmüş Keçəldağ vulkanının püskürməsinin səbəblərindən biri də onun yamaclarında və yaxınlığında aparılan tikinti işləri olmuşdur. Nəticədə vulkanın ətəyində tikilməkdə olan yaşayış binaları tullanan brekçiyanın altında qalmışdır (foto 3) (Алиев, 2007). 2001-ci ilin oktyabr ayında Lökbatan vulkanının oyanmasına və güclü püskürməsinə əsas səbəb, demək olar ki, onun şimal-şərq yamacında, kraterə yaxın sahədə, insanların düşünmədən apardıqları dağıntı işləri olmuşdur. Təbiidir ki, vulkanların və onların ətrafındakı ərazilərin zibillənməsi təhlükəlidir. Vulkanın püskürməsi nəinki palçıq vulkanı materiallarının səpələnməsinə və yayılmasına, həmçinin havanın və torpağın digər arzuedilməz potensial çirkləndiricilərlə təmasına səbəb ola bilər. Digər tərəfdən palçıq vulkanı fəaliyyəti xüsusi növ duzlanma ilə müşayiət olunan landşaftın yaranmasını şərtləndirir. Sonuncular bəzən neftlə hopdurulur. Bu landşaft geokimyəvi cəhətdən fərqlənir və bir sıra mikroelementlərin izafi miqdarının canlı orqanizmlərə təsirini öyrənmək üçün maraq kəsb edir. 

 Azərbaycanda 40 vulkan və vulkan təzahürünün bollu neft çıxardığı məlumdur. Bundan başqa, vulkanların KH qazlarının, minerallaşmış sularının tərkibi sabit deyildir. Aparılan tədqiqatlar nəticəsində onların dəyişmə xüsusiyyətləri müxtəlif palçıq vulkanı rayonlarında müəyyən edilmişdir. Məsələn, Şamaxı rayonu, Şimali Qobustan palçıq vulkanlarının suyu zəif minerallaşmışlar, qələvidirlər və hidrokarbonat-natrium növlüdürlər. Ölkənin cənubunda, CŞ Şirvanda onlar güclü minerallaşıblar, xlor-kalsium, hətta şor su növlü olurlar və onların ümumi minerallaşması 1000 mq/ekv-dən çoxdur. Qazların tərkibində CH4, CO2, ağır KH-in nisbəti müxtəlifliyilə səciyyələnir (Якубов, Алиев, 1975). Və nəhayət vulkan brekçiyasının mikroelement tərkibi. Vulkan brekçiyasında Mendeleyev cədvəlinin kimyəvi elementlərinin təxminən hamısı aşkar edilmişdir. Onlardan bəziləri B, Mn, Mo, Cu, Ba, Sr, Li, Rb səciyyələnirlər, yüksək miqdarda onların çökmə süxurlardakı klark kəmiyyətindən xeyli çox rast olunurlar. Bununla yanaşı, vulkanizmin yayıldığı hər rayon vulkanların püskürmə materiallarının özünə xas olan mikroelement tərkibi ilə səciyyələnirlər (Якубов, Алиев, 1975). Cədvəldə, müxtəlif regionlarda yerləşən palçıq vulkanları püskürmə məhsullarının ümumiləşdirilmiş səciyyəsi verilmişdir. Beləliklə, geoloji və iqlim faktorları ilə yanaşı ladşaftın və müvafiq olaraq ətraf mühitin, canlı orqanizmlərin formalaşmasına palçıq vulkanlarının həm eruptiv, həm də qrifon-salza fəaliyyəti nəzərə çarpacaq təsir göstərir. Onların geokimyəvi landşaftın səciyyəsinə müsbət və ya mənfi təsiri vulkanın çıxardığı süxur və flüidlərin tərkibi, mikroelementlərin – bor, molibden, qurğuşun və s. təzə palçıq axınındakı anomal miqdarı ilə müəyyənləşdirilir. Bu səbəbdən artıq bu gün hələ keçən əsrin 80-cı illərində 3 vulkan timsalında başlanmış palçıq vulkanları landşaftlarının geokimyəvi tədqiqatlarının davam etdirilməsinin vacibliyi barədə düşünmək lazımdır. Bu işlərin gələcəkdə genişləndirilməsi, vulkanların müxtəlif morfoloji ifadəsi və aktivliyini nəzərdə saxlamaqla, həmçinin vulkan brekçiyasında, torpaqda, heyvanların və bitkilərin külündə mikroelementlərin miqdarının müqayisəli analizi ilə müşayiət olunmalıdır. Yalnız o vaxt palçıq vulkanizminin ekoloji problemlərə müsbət və ya mənfi təsiri barədə aydınlıq gətirmək mümkün olacaqdır. Palçıq vulkanları sahələrinin zibillənməsi və vulkan yaxınlığında yaşayış evlərinin, ümumiyyətlə inşaat işlərinin aparılması məsələlərinə qadağa qoyulmalı və ciddi nəzarət edilməlidir. Palçıq vulkanlarının fəaliyyəti nəticəsində yaranan qeyri-adi şoran torpaqlar, bitki aləmi, geokimyəvi cəhətdən unikal landşaftlar, ətraf mühitə və canlı orqanizmlərə təsiri baxımından, AMEA-nın Geologiya, Coğrafiya, Botanika İnstitutlarının elmi-tədqiqat obyekti olmalıdır.

ƏDƏBİYYAT

 Алиев Ад.А. Рахманов 2008. Количественная оценка грязевулканических процессов в Азербайджане. AMEA Xəbərləri, Yer elmləri, 2008, №2, 17-28.

 Алиев Ад.А. 2007. Родина грязевых вулканов. “Yol”, № 3(7), 6-14

 Ахмедов А.Т. 1978. Геохимия ландшафтов грязевых вулканов Чеилдаг Кейреки и Демирчи). Автореферат диссертации. Баку, 30 с.

 Якубов А.А. Алиев Ад.А. 1978. Грязевые вулканы. М, «Знание» серия наук о Земле, № 8, 56 с.

 Якубов А.А. и др. 1978. Объяснительная записка к карте грязевых вулканов нефтегазоносных областей Азерб. ССР. Баку, 39 с.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK