VULKAN PALÇIĞI MÜALİCƏ VASİTƏSİDİR


Adil Əliyev geologiya — mineralogiya elmləri doktoru, professo Azərbaycanın ərazisi palçıq vulkanlarının yayıldığı unikal regiondur. Şərqi Azərbaycanda və həmsərhəd Xəzər dənizi akvatoriyasında 300-dən çox palçıq vulkanı mövcuddur, bu da planetimizdə olan vulkanların üçdə birini təşkil edir. Palçıq vulkanları neft və qaz yataqlarını müşayiət edərək geoloqlara Yein təkindəki yanacaq dəfinələrinin axtarışında kömək edir. Bununla yanaşı vulkan palçığı təbabətdə qiymətli müalicə vasitəsi kimi geniş tətbiq edilir.

Spesifik komponentlərlə — mineral duzlarla, üzvi birləşmələrlə, mikroelementlərlə zənginləşmiş vulkan palçığı müalicə xüsusiyyətlərinə malik olub insan orqanizminə müsbət təsir edir. Palçıq vulkanı olan ölkələrdə ondan geniş istifadə olunur. Məsələn, İtaliyada bu palçıqdan hələ XVI əsrin ortalarında istifadə olunmuşdur. Gürcüstanda cəmi 10 vulkan olsa da, keçmiş SSRİ dövründə Ümumittifaq kurortu “Axtarma” (Axtala) fəaliyyət göstərmişdir.

Vulkan palçığı müalicə vasitəsi olaraq kurortdan kənar şəraitdə Krımın, Saxalin adasının poliklinikalarında və xəstəxanalarında istifadə olunmaqdadır. Keçən əsrin 60-cı illərində Azərbaycan kurortologiya və müalicənin fiziki metodları ETİ-da (indiki tibbi reablitasiya ETİ) tibb elmləri doktoru Fəridə Əfəndiyeva vulkan palçığının klinik öyrənilməsinə başlamışdı. Nəticədə vulkan palçığının müalicədə istifadə üçün yararlığı yüksək qiymətləndirilmişdir. Azərbaycan ərazisində — Xəzərin qərb sahillərində vulkan palçığı geniş yayılmışdır. Burada 200-dən artıq palçıq vulkanları və onun çox böyük ehtiyatı vardır. AMEA Geologiya İnstitutu uzun illər ərzində Kurortologiya institutu və Akademiyanın digər institutları, xüsusilə torpaqşünaslıq və aqrokimya institutu ilə Azərbaycanın vulkan palçıqlarında bioloji aktiv maddələrin (duzlar, qazlar, vitaminlər, fermentlər, hormonlar, biogen stimulyatorlar) aşkar edilməsi üçün elmi tədqiqatlar aparmışdır. Nəticədə bu palçığın ölkənin 15 tibb müəssisələrində müalicə təcrübəsində tətbiqinə nail olunmuşdur. Belə ki, keçən əsrin 70-ci illərinin sonunda və 80-cı illərin əvvəlində Şorbulaq və Axtarma-Qaradağ vulkanlarının palçığı terapevtik təmayüllü xəstələrin müalicəsində Bakı şəhərinin poliklinikalarında, 3 nömrəli qadın konsultasiyasında, “8-ci kilometr” qəsəbəsinin kosmetoloji müalicəxanasında, Abşeron yarımadasının sanatoriya – profilaktoriyalarında, Bahar vulkanının palçığı Ələt-liman stansiyasının qovşaq xəstəxanasında, Babazənən palçığı Salyanın Mərkəzi xəstəxanasında müvəffəqiyyətlə tətbiq olunmuşdur. Vulkan palçığının fövqəladə yüksək balneoloji xüsusiyyətlərinə görə, bir sıra xəstəliklərin müalicəsində ondan istifadə edirlər. Bura dayaq-hərəkət aparatının, oynaqların, onurğanın, ətraf əsəb sisteminin, dəri, mədə-bağırsaq traktının, şəkər diabeti xəstəliyi, ateroskeleroz və boyun osteoxondrozu, ginekologiya, urologiya və kosmetologiya daxildir. Azərbaycanın vulkan palçığının üzvi komponentlərində bioloji aktiv maddələr aşkar edilmişdir. Onlarda müalicə üçün faydalı inqradiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunmuşdur. Üzvi maddələrdən – naften, humin və fulvo turşuları, bir sıra fermentlər qeydə alınmışdır. Bundan başqa palçıqlar bakterisid maddələr və digər birləşmələr ehtiva edir ki, onlar orqanizmin müalicəsində müsbət rol oynayır. Üzvi maddələrin göstəricilərinə görə vulkan palçığı müalicəvi naftalan neftinə yaxındır. Qeyd etmək vacibdir ki, palçıq vulkanları neft-qaz rayonlarında bərqərardır. Bu təbii ki, palçığın kimyəvi tərkibinə və müalicə xüsusiyyətlərində əks olunur, onları yerüstü mənşəli lillərdən, torf və sapropel müalicə palçıqlarından fərqləndirir. Yerin dərinliklərindən çıxan vulkan palçıqları faydalı mikroelementlərlə və üzvi maddələrlə zəngin olub yüksək biostimul təsirinə malikdir. Bu palçıqların daha bir xüsusiyyəti ondan ibarətdir ki, onların kimyəvi tərkibi stabildir: quru palçıq su ilə isladıldıqda ilkin vəziyyətini bərpa edir və bütün faydalı keyfiyyətlərini hifs edir. Belə ki, müalicə üçün nəinki təzə, həm də qurumuş palçıqlardan istifadə etmək olar. Sonuncular vulkanların kraterində boldur. Qeyd etmək yerinə düşər ki, respublikamızın bir sıra rayonlarında yerli sakinlər (əhali) öz təşəbbüsləri ilə yay zamanı palçıq vannalarını bilavasitə vulkanlarda qəbul edirlər və beləliklə, palçıq müalicəsinin “misir metodundan” faydalanırlar.  Ələt rayonunda Xəzərin sahilində yerləşən Bahar vulkanında palçıqdan istifadə edən xəstələr dənizin yaxınlığından istifadə edərək su prosedurları da qəbul edirlər.  Son illər vulkan palçıqları ilə demək olar ki, lazımınca məşğul olmurlar, halbuki, respublikamızda vulkan palçığı müalicəsinin müasir səviyyədə geniş miqyasda həyata keçirilməsinin vaxtı çoxdan çatmışdır. Mərkəzləşdirilmiş palçıq müalicəsini hətta Xəzərin sahilində təşkil etmək olar. Bunun üçün burada nəhəng palçıq vulkanları mövcuddur. Palçıq müalicəxanaları təbii şəraitdə sanatoriya rolunu oynaya bilər.

 İstifadə olunmuş ədəbiyyat:

 Якубов А.А. Алиев Ад.А. 1978. Грязевые вулканы. М, «Знание» серия наук о Земле, № 8, 56 с.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK