AZƏRBAYCANDA ZƏNGİN ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ MÖVCUDDR


Şamil MÖVSÜMOV, ekologiya və energetika üzrə müstəqil ekspert

Bu mənbələrdən maksimum istifadə etmək dövrün tələbidir
Son illər enerji təhlükəsizliyinin yüksəlməsinə yönəldilən bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Hazırda ölkəmizin enerji gücü 6500 MVt-dır və gələn ilin sonunadək bu gücün daha 1300 MVt artırılması nəzərdə tutulur. Eyni zamanda alternativ enerji mənbələrindən maksimum istifadə edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün konkret addımlar atılır.
Bu məqsədlə qəbul edilmiş «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nda ölkədə külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün müvafiq dövlət qurumları qarşısında yerinə yetirilməsi vacib olan konkret məsələlər qoyulmuşdur. Dövlət proqramına müvafiq olaraq respublikada külək və günəş enerjisinin paylanması üzrə xəritələr, cədvəllər hazırlanmış, kiçik çayların, kanal və digər su axarların enerji potensialının öyrənilməsi həyata keçirilmişdir.
Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, küləyin illik orta sürəti Azərbaycanın Xəzəryanı ərazisində 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr hündürlükdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Külək enerjisini elektrik enerjisinə çevirmək üçün külək energetik qurğularından (KEQ) istifadə olunur. Bu qurğular müxtəlif — kiçik (0,1 — 30 kVt (kiloVatt)), orta və böyük gücə (0,33-5 MVt) malikdir. Təyinatına görə onlar müvafiq olaraq fərdi və şəbəkə qurğularına bölünürlər. Kiçik gücə malik olan KEQ-lər əsasən fərdi elektrik tələbatçılarını (fərdi və bağ evlərini, kiçik fermer təsərrüfatlarını, müxtəlif məişət xidməti obyektlərini və s.) elektrik enerjisi ilə təchiz etmək üçün istifadə olunur. Orta və böyük gücə malik olan KEQ-lər isə yüksək gərginlikli elektrik sisteminə qoşularaq, onun dayanıqlı və fasiləsiz işləməsinə şərait yaradır.

2009-cu ildə özəl şirkət tərəfindən Xızı rayonunun Şuraabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal edən pilot layihəsi həyata keçirilmiş və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt gücə malik olan 2 KEQ quraşdırılmışdır. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülmüşdür. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə bərabər, tələbatçıları «yaşıl enerji» ilə təmin etmişdir. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur. Şirkət tərəfindən həyata keçiriləcək yeni layihəyə görə, hazırda hər birinin gücü 3 MVt olan 16 KEQ-dən ibarət külək parkının yaradılması üçün işlər yerinə yetirilir. Bundan əlavə, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin ərazisində hər birinin gücü 0,9 MVt olan 3 KEQ quraşdırılmışdır. Onu da qeyd edək ki, Avropa İttifaqı dövlətlərinin rəsmi məlumatına görə, təkcə külək enerjisindən istifadə olunması atmosferə atılan karbon qazının miqdarını 2020-ci ildə 236 milyon ton azaltmağa imkan verəcək.

Azərbaycanın iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saat və il ərzində 1 kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt-saatdır. Bu yaxınlarda AzGüntex zavodunda günəş modulları istehsal olunmağa başlanmışdır. Yaxın gələcəkdə LED lampaları xətləri də fəaliyyət göstərəcək. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. Bərpa olunan enerjinin tətbiqi zamanı istifadə olunan əsas çeviricilərdən biri də LED lampalarıdır. Yeni nəsil işıqlandırma sistemi olan və geniş yayılan bu LED lampalar enerjiyə qənaəti və uzun müddət ərzində istismar olunması ilə fərqlənir. Müəssisə tam işə salındıqdan sonra il ərzində 240 min günəş paneli və 12 milyon LED lampası istehsal olunacaq.
2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında Günəş Kollektorları və Qazanları Zavodu fəaliyyət göstərir. Yüksək keyfiyyətə malik olan bu kollektorların iş prinsipi suyun qızdırılmasından ibarətdir. İstehsal edilən kollektorlar 1 saat ərzində 100 litr suyu hava şəraitindən asılı olaraq 40-80oC və daha artıq qızdırma gücünə malikdir. Zavodda təbii dövretmə prinsipi ilə işləyən qapalı isti su kollektorlarından və xrom çənlərdən ibarət su sistemləri və təzyiq altında işləyən boyler sistemləri də istehsal edilir. Həmçinin Qobustan Eksperimental Poliqonu ərazisində 1,8 MVt gücündə günəş elektrik stansiyası fəaliyyət göstərir.
Bunlardan əlavə, «Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı» Dövlət Proqramına müvafiq olaraq respublikanın iqtisadi rayonlarında ümumi gücü 140 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi, Naxçıvan iqtisadi rayonunda isə eyni zamanda KEQ-lərin və günəş elektik stansiyalarının tikintisi nəzərdə tutulur. Biokütlə enerjisinə gəldikdə isə qeyd edək ki, Qobustan Eksperimental Poliqonu ərazisində 1 MVt gücündə bioenerji qurğusu quraşdırılmışdır. Azərbaycanın ərazisi termal sularla da zəngindir və bu sulardan istilik enerjisi almaq məqsədilə istifadə oluna bilər.
Dövlət başçısının 29 dekabr 2011-ci il tarixli sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət strategiyasının 6 ay müddətinə hazırlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Sərəncama görə dövlət strategiyasında həmin enerji mənbələrinin hesabına istilik və elektrik enejisi istehsalının əsas istiqamətləri müəyyən edilməli, normativ-hüquqi baza yaradılmalı, stimullaşdırıcı tədbirlər görülməli və iqtisadiyyatın bütün sahələrində həmin mənbələrdən istifadə olunması təmin edilməlidir.
Azərbaycanda elektrik enerjisi tələbatçılarının üçdə ikisi fərdi tələbatçılar olduğu üçün kiçik gücə malik KEQ-lərin istehsalına başlanması ümumi işin xeyrinə olardı. Fərdi elektrik tələbatçıları arasında KEQ-lərin tətbiqini genişləndirmək məqsədilə Xəzər sahili ərazidə və Abşeron yarımadasında küləyin energetik parametrlərini 12-15 metr hündürlükdə ölçməyə imkan verən əlavə metroloji stansiyalar quraşdırmaqla ərazinin elektron külək atlası hazırlanıb alınan məlumatların ictimaiyyətin istifadə etməsi üçün şərait yaradılması da həmçinin. Dağ rayonlarında fərdi tələbatçılar üçün kiçik dağ çaylarının enerjisindən istifadə etməklə kiçik gücə malik (30 kVt-a qədər) qurğuların, maldarlığın, quşçuluğun inkişaf etdiyi iqtisadi regionlarda isə sutkada məhsuldarlığı 5-15 kubmetr olan kiçik bioqaz qurğularının istehsalı çox fayda verir. Belə qurğuların istismarı zamanı alınan maye gübrələr əkinçilikdə məhsuldarlığı 15-20 faiz artırmağa şərait yaradır. Xəzər dənizi akvatoriyasında isə küləyin potensialından səmərəli istifadə etmək məqsədilə dəniz külək parkının yaradılması məqsədəuyğun olardı.
Ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi sahəsində dövlət tənzimlənməsini, fəaliyyətin səmərəli təşkilini və dövlət nəzarətini həyata keçirən dövlət agentliyinin yaradılmasından 3 il keçməsinə baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni tənzimləyən qanunvericilik aktları qəbul edilməmişdir. Buna görə də «Alternativ və bərpa olunan enerji mənbələri» haqqında qanunun qəbul edilməsi üçün tədbirlərin həyata keçirilməsi sürətləndirilməli və milli standartlar qəbul olunmalıdır. Təbii ki, bu aktlar beynəlxalq tələblərə müvafiq hazırlanmalı və qanunvericilik aktlarında mənbələrin təsnifatı, onların yerləşdiyi ərazilərdə ətraf mühitin qorunması tələbləri göstərilməli, mənbələrdən istifadə olunması zamanı hüquqi-iqtisadi tənzimləmələr, şəbəkə və fərdi tələbatçılarının hüquq və vəzifələri öz əksini tapmalıdır.
Kiçik gücə malik KEQ-lərin, bioqaz qurğularının, günəş kollektorlarının fərdi istehlakçılar arasında yayılmamasının əsas səbəblərindən biri də geniş əhali kütləsinin bu qurğular haqqında məlumatlarının kifayət qədər olmamasıdır. Fərdi istehlakçıların bərpa olunan enerji mənbələri, onlardan istifadə edilməsi, texniki imkanları və s. haqqında maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin imkanlarından, internet şəbəkəsindən geniş istifadə olunmalıdır. Belə ki, telekanallarda, radio yayımlarında, qəzetlərdə aparıcı alimlər və mütəxəssislərin çıxışları hazırlanmalı, xüsusi internet şəbəkəsi yaradılmalı (şəbəkə vasitəsi ilə on-layn rejimində istifadəçilərin sualları mütəxəssislər tərəfindən cavablandırılmalı, qurğuların seçilməsi, yerləşdirilməsi və quraşdırılması ilə əlaqədar video görüntülər verilməli) və bu qəbildən olan digər vacib tədbirlər görülməlidir.
Bu sahə üzrə elmi-tədqiqat işləri də sürətləndirilməlidir. Qeyd edək ki, KEQ-lər ilə məşğul olan kiçik qrup AMEA-nın Radiasiya Problemləri İnstitutunun bərpa edilən enerji növlərinin çevrilməsi laboratoriyasının tərkibində fəaliyyət göstərir. Lakin bu qrupun imkanları məhduddur. Onların malik olduğu cihazlar və qurğular elmi-tədqiqat işlərini müasir tələblər səviyyəsində aparmağa imkan vermir. Bununla belə, AMEA-nın Fizika İnstitutunda yarımkeçiricilərin bazasında günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif tədqiqatlar aparılmış və günəş panellərinin sınaq nümunələri hazırlanmışdır.
Enerjiyə olan tələbatın artdığı və karbohidrogen ehtiyatlarının məhdud olduğu bir şəraitdə özünün sınaq və istehsal bazası olan «Alternativ və bərpa olunan enerji mənbələri» elmi-texniki mərkəzin yaradılmasına ehtiyac duyulur. Mərkəzdə nəinki külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrinin elmi-texniki problemlərinin həlli istiqamətində, eləcə də XXI əsrin enerji mənbəyi sayılan hidrogen enerjisindən istifadə olunması sahəsində elmi-tədqiqat işləri də aparılmalıdır. Belə ki, suyun müxtəlif üsullarla parçalanması nəticəsində alınan hidrogenin yanması zamanı enerji yaranır və tullantı kimi yenidən su yaranır. Qeyd etmək lazımdır ki, hazırda dünya miqyasında «hidrogen iqtisadiyyatı» adında məfhum formalaşır və ABŞ, Yaponiya, Avropa İttifaqı, Rusiya və digər dövlətlər hidrogen enerji mənbəyindən istifadə olunması sahəsində geniş elmi-tədqiqat işləri aparırlar. Yaxın illərdə dünya ictimaiyyəti bu tədqiqatların nəticələrindən bəhrələnəcək. Yeri gəlmişkən bildirək ki, keçmiş sovet dövründə respublikamızın alimləri və mütəxəssisləri tərəfindən bu sahədə elmi-tədqiqat işləri aparılmışdır və həmin kadr potensialının imkanlarından istifadə etməklə tədqiqatların bərpa olunmasına şərait yaradıla bilər.
Azərbaycan Prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun əsasında bərpa olunan enerji mənbələrindən istifadə edilməsi sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Göründüyü kimi, bu sahə üzrə dövlət strategiyasının hazırlanması və onun bilavasitə həyata keçirilməsi ilə bu şirkət məşğul olacaq. Strategiyanın həyata keçirilməsi nəticəsində 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarı azı 12 faizə çatdırılmalıdır. Bu vəzifənin həyata keçirilməsi üçün isə ölkəmizdə kifayət qədər enerji, insan və maliyyə resursları mövcuddur.

Advertisements
By Teymur Kasamanli Posted in TÜRK