ELXAN BÖYÜKAĞA OĞLU ƏLİYEV — 60


elxan_eliyev

Bu il Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun aparıcı elmi işçisi, biologiya elimləri üzrə fəlsəfə doktoru, EKO-İNTER ictimai beynəlxalq jurnalın redaktoru, “Gen mühəndisliyi fəaliyyəti ilə bağlı ictimai birliyin” sədri Əliyev Elxan Böyükağa oğlunun anadan olmasının 60, elmi fəaliyyətinin 35 ili tamam olur.

E.B. Əliyev 24 avqust 1952 ci ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlmişdir. Orta məktəbi 1969 cu ildə bitirdikdən sonra E.B. Əliyev S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1975 ci ildə həmən fakültəni bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirmişdir. Sonrakı 3 il müddətində o təyinatı üzrə Masallı rayonu, Təzə Alvadı kəndində biologiya və kimya fənləri üzrəəllim vəzifəsində çalışmışdır.

1977 — cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun əyani şöbəsinin genetika ixtisası üzrə aspiranturasina daxil olmuş və həmən il keçmiş SSRİ nin ən nüfuzlu elm mərkəzlərindən sayılan Novosibirsk şəhərinin Sitologiya və Genetika institutuna ezam edilmişdir. 1983 — cü ildə “Yumşaq buğdalarda fotoperiodizm reaksiyasının sitogenetik tədqiqi” mövzusunda namizədlik dissertasiyasıni müvəffəqiyyətlə müdafiə edərək, alimlik dərəcəsinə layiq görülmüşdürElmi fəaliyyətinə 1980 – ci ildən Əkinçilik institutunda başlamış, əvvəlcə kiçik elmi işçi, 1984-1995 ci illərdə böyük elmi işçi, 1995 – ci ildən aparıcı elmi işçi və eyni zamanda genetika qrupunun rəhbəri olmuş və hal-hazırda institutun “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifələrində çalışır. E.B.Əliyev 2002-2005 ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin “Ekologiya və həyat elimləri” kafedrasında dosent vəzifəsində pedoqoji fəaliyyətlə də məşqul olmuşdur. E.B.Əliyev 1982-1989 cu illərdə yuxarıda adı çəkilən Sitologiya və Genetika institutunun “Buğdanın genetikası” laboratoriyası ilə Əkinçilik institutunun indiki “Bitki seleksiyası” şöbəsi arasında ikitərəfli elmi əməkdaşlıq və təcrübə mübadiləsi yaratmış, uzun müddət Abşeron şəraitində buğda bitkisi üzərində müxtəlif səpgili sitogenetik tədqiqat işlərini həmən laboratoriyanın əməkdaşları ilə birlikdə həyata keçirmişdir. O 2005 ci ildən “EKO-İNTER” ictimai beynəlxalq jurnalın redaktoru vəzifəsində çalışaraq həmən jurnalın redaksiya heyətinin daimi üzvüdir. E.B.Əliyev Azərbaycanda ilk dəfə təşkil edilən “Gen mühəndisliyi fəaliyyəti ilə bağlı maarifləndirmə” ictimai birliyin təşəbbüskarı, təsisçisi və sədridir. Alimin elmi fəaliyyətinin əsas istiqamətləri buğda bitkisinin fərdi genetikası, fotoperiodizm xüsusiyyətinin genetik mexanizminin tətqiqi, buğda bitkisi genomunun rekonstruksiyası və genetik pasportlaşdırılmasıdır.

O 1983 cü ildə keçirilən elmi praktiki konfransın fəxri fərmanına, 1987 ci ildə fundamental tədqiqatlar üzrə keçmiş SSRİ məkanında 3 cü dərəcəli Ümumittifaq diploma layiq görülmüşdür. Tədqiqatçı alim 2009 cu ildə ABŞ kənd təsərrüfatı departamentinin Beynəlxalq sertifikatına layiq görülmüşdür.
Son illər E.B.Əliyev mütəxəssis genetik qismində gen mühəndisliyi fəaliyyəti ilə alınan geni dəyişdirilmiş orqanizmlər (GDO) və onların əsasında istehsal olunan məhsullarla bağlı yaranan problemlərin həlli ilə məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən o Azərbaycanda GDO — larla bağlı həyata keçirilən tədbirlərin koordinator funksiyasını yerinə yetirir. ”Gen mühəndisliyi fəaliyyəti ilə bağlı təhlükəsizlik” haqqında Qanun layihəsinin işlənib hazırlanmasında fəal iştirak etmişdir.
E.B.Əliyev 2007 ci ildə Praqada, 2008 ci ildə Daşkənddə Beynəlxalq səviyyədə keçirilən “GDO məhsulların istifadəsi ilə bağlı yaranan risklərin qiymətləndirilməsi və nəzarətə alınması” mövzusunda yığıncaqlarda Azərbaycan tərəfindən iştirak etmişdir. E.B. Əliyev Türkiyənin Antaliya şəhərində 2011 ci ildə keçirilən “KƏND TƏSƏRRÜFATININ BİOTEXNOLOGİYA VƏ BİOLOJİ TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ EKSPERTLƏRİN SUBREGİONAL MƏSLƏHƏTLƏŞMƏ müşavirəsində” ölkəmizi ekspert qrupunun rəhbəri kimi təmsil etmişdir.
Alim müxtəlif KİV — lərdə təşkil olunan tele-radio verlişlərin, dəyirmi masaların, disskusiya və debatların daimi fəal iştirakçısıdır.
E.B.Əliyevin 110 dan artıq elmi əsəri müxtəlif ölkələrin ən nüfuzlu jurnallarında və mötəbər Beynəlxalq səviyyədə keçirilən konfrandların materiallarında dərc olunmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Əsərlərinin xeyli hissəsi geni dəyişdirilmiş orqanizmlərlə bağlı problem və məsələlərin həllinə həsr edilmişdir ki, onların çoxu da Beynəlxalq EKO-İNTER jurnalında çap olunmuşdur. Alimin “Biocoğrafiya” və “Ekologiyanın əsasları” fənləri üzrə müəllifi olduğu metodiki vəsaitlər bu gün də ali məktəblərdə uğurla istifadə olunur. E.B.Əliyev Əkinçilik institutunda yaradılan “Leukurum 3601” sortunun müəlliflərindən biridir.
İnstitutda və Beynəlxalq EKO-İNTER jurnalının redaksiya heyətində işlədiyi müddətdə E.B.Əliyev öz fədakar əməyi, həssas, qayğıkeş yoldaşlığı və prinsipial vətəndaşlıq mövqeyi ilə kollektivin dərin hörmətini qazanmışdır.
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun rəhbərliyi və kollektivi, EKO-İNTER jurnalının redaksiya heyəti yubilyarı 60 yaşının, əmək və elmi fəaliyyətinin 35 ilinin tamam olması münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.

İnstitutun kollektivi adından: C.M. Talai S.Ə. Dünyamalıyev
Beynəlxalq EKO-İNTER jurnalının redaksiya heyəti adından: T.M. Kəsəmənli

 

Реклама