BÖYÜK QAFQAZIN CƏNUB YAMACLARININ MEŞƏ ÖRTÜYÜNÜN AŞAĞI VƏ YUXARI SƏRHƏDLƏRİNDƏ ANTROPOGEN DƏYİŞİKLİKLƏRİN PEYK MƏLUMATLARI ƏSASINDA ARAŞDIRILMASI.


DCanməmmədova. Rəsmiyyə
Böyük Qafqazın cənub yamacına daxil olan rayonların (Balakən, Qax, Şəki, Oğuz, Qəbələ) ərazisində bitki örtüyü dağlıq əraziyə məxsus yüksək zonallıq qanununa uyğun olaraq dəniz səviyyəsindən yuxarı qalxdıqca dəyişir. Balakən, Zaqatala, Qax rayonlarının cənub hissəsində düzən meşələrinin qalıqlarına (qızılağac, yalanqoz, ağyarpaq qovaq, uzunsaplaq palıd ) rast gəlinir. Bu ərazilərdə pozulmuş düzən meşələri çox sayda bağlar, kənd təsərrüfatı sahələri, törəmə tipli kolluqlar (şibləklər) və yaşayış məntəqələri ilə əvəz olunmuşdur.Dağlıq zonanın dəniz səthindən 1000-1100 m. yüksəkliyə qədər yerləşən aşağı dağ-meşə qurşağında iberiya palıdı və qafqaz vələsinin üstünlük təşkil etdiyi meşəliklər, 1000-1800 m. yüksəklikdə yerləşən orta dağ-meşə qurşağında əsasən fıstıq meşələri, 1800-2000 (2300) m yüksəklikdə, yəni yuxarı dağ-meşə qurşağında şərq palıdı, Trautvetter ağcaqayını və tozağacı meşələri yayılmışdır. Bu qurşaqda respublikamızın ərazisi üçün yeganə sayılan qafqaz redodendronunun kiçik sahələrinə Zaqatala qoruğunda təsadüf olunur.
Yüksək dağlıq zonada üç bitki qurşağı ayrılır: subalp qurşağı 1800 (2000)-2600 m., alp qurşağı 2600-3000 (3200) m yüksəklikdə və alp qurşağının üstündə 3500 m-dən hündürdə yerləşən subnival (nival) qurşaqları.
Subalp zonasında torpaq-iqlim şəraitindən asılı olaraq mezofil subalp çəmənləri, bozqırlaşmış subalp çəmənləri, subalp bozqırları, alp qurşağında isə alçaqboylu otlardan ibarət alp çəmənləri (xalıları) yayılmışdır. 3500 m. – dən yuxarıda, subnival qurşağında torpaq yoxdur.
Regionun yüksək dağlıq zonasında, meşə, xüsusilə subalp və alp qurşaqlarında qayalıqlar, uçqunlar, yarğanlar, daşlıqlar geniş sahə tutur.
Regionun cənub hissəsində Göyçay və Əlicançayları arasında və qanıxçay hövzəsində geniş sahədə ardıc və saqqız – ardıc meşələrinə rast gəlinir. Bizim dövrümüzdə ardıc meşələri nisbətən uzaq və əlçatmaz yerlərdə qalmışdır. Cənub yamaclar əsasən çılpaq (bitkisiz) olub ardıc ağaclarına yalnız yamacın aşağı və az meyilli hissələrində seyrək halda və kol şəklində rast gəlinir. Ardıc meşələri çox vaxt saqqız ağacla qarışıq meşəlik əmələ gətirir.
Şəki, Oğuz və Qəbələ rayonları ərazisində Qanıx-Həftəran vadisinə birləşən Bozqır yaylanın əsasən şimal sərhədlərində iberiya palıdı üstünlük təşkil edən pozulmuş meşə qalıqlarına təsadüf edilir.
Meşə örtüyünün antropogen pozulması, ağac cinslərinin tərkibinin dəyişməsi ilə nəticələnir ki, bu da bir tərəfdən meşəəmələgəlmə şəraitinə az təsir göstərir, digər tərəfdən isə meşəəmələgəlmə şəraitinin kəskin pozulmasına səbəb olur. Bircə halda törəmə tipli bitki örtüyündə müvafiq meşəçilik tədbirlərini həyata keçirməklə ilkin meşəni bərpa etmək olur. Meşəəmələgəlmə şəraiti kəskin pozulduqda ilkin meşə tipini bərpa etmək qeyri mümkündür. Odur ki, belə törəmə bitki tiplərinin məhsuldarlığını artırmaq məqsədilə digər üsullardan istifadə etmək lazım gəlir.
Nəhayət, bitkilərin qışlama şəraiti və dağ yamaclarında meşələrin intensiv surətdə qırılması nəticəsində mezo və mikroiqlimin pisləşməsi ehtimalı və onun son illərdə real həqiqətə çevrilməsi faktı mövcud meşələrin ekoloji gərginliyini bir qədər də artırır. İqlimin qlobal istiləşməsi rayon ərazisində hələ hiss olunmasa da dağ yamaclarında meşələrin qırılması nəticəsində düzənlikdə iqlimin kontinentallıq dərəcəsinin artması tendensiyasını izləmək olar. Bu proses düzən hissədə “soyuq hava gölü”altında qalan Muğanlı kəndində və onun Qanıx boyunca ətraflarında bitkilərin güclü soyuma nəticəsində qışlama şəraitinin pisləşməsi ilə müşayət olunur. Düzdür, bu proses özünü bəzən açıq səmalı qış gecələrində aydın göstərir, lakin bir neçə gün davam edən, yaxud vaxtaşırı əmələ gələn temperatur inversiyaları bəzi isti sevən bitkiləri şaxtavurmadan xilas edə bilmir. Belə hallarda meyvə bağları sahələrində mövcud iqlim-meliorasiya tədbirlərindən (örtük, tüstüləmə, qızdırma və s.) istifadə etmək lazım gəlir.
Aşağı dağ-meşə qurşağında və dağətəyi zonada aşağı doluluqlu palıd-dəmirqara meşəliyi və ya seyrəkliyi, yaxud törəmə tipli sırf dəmirqaralıq əmələ gəlmişdir. Meşəni mal-qaranın təsirindən qorumaqla və kolları sıradan çıxarmaq yolu ilə (işıqlandırma) meşəliyi bərpa etmək olar.
Dağ yamaclarının güney sərhədlərində yaranan törəmə kolluqlarda torpaq qatı yuyulmuş, çox yerdə ana suxur səthə çıxmış, meşəəmələgəlmə şəriti quraqlaşmışdır. Aşağı dağ-meşə qurşağında (600-1100 m.) yuyulmuş daşlı torpaqlarda krım şamı, orta dağ-meşə qurşağının eroziyaya uğramış yamaclarında qarmaqvari şam, adi şam və krım şamından istifadə etmək lazımdır.
Əsas sel mənbəyi sayılan meşənin müasir yuxarı sərhəddindən üstdə 100-200 m. enində qoruyucu zolaq ayrılmalı və orada mal-qaranın otarılması qadağan edilməlidir. Eroziyaya uğramış dik güney yamaclarda belə “bufer” zolaqlarını daha enli götürüb, meşəni iqlim sərhəddinə çatdırmaq olar. Meşənin təbii bərpasına şərait yaradan xüsusi meşəçilik tədbirləri həyata keçirilməlidir.
Orta və alçaq dağlıq qurşaqlar əsasən meşə altındadır. Lakin meşələrin intensiv qırılması nəticəsində burada da torpaq eroziyası yüksəkdir, aşınma və yuyulma prosesləri sürətlə gedir. Ümumiyyətlə, dağlıq ərazinin sərt, kəskin parçalanmış relyefə malik olması və burada intensiv gedən aşınma, yuyulma, sürüşmə və uçqun prosesləri və sel hadisələri bu ərazinin mənimsənilməsini çətinləşdrir.
Böyük Qafqazın cənub yamaclarında antropogen pozulmaların analizi müxtəlif illərdə cəkilmiş kosmik şəkillərin identıfıkasiyası nəticəsində aparilmiş, 1976-cı ildə cox zonalı sintez olunmuş və 2010-cı ilin ag-qara kosmik şəkilləri əsasında araşdırılmışdır. Nəticədə Böyük Qafqazın cənub yamaclarının meşə örtüyünün aşagı və yuxarı sərhədlərində antropogen dəyişiklərini göstərən xəritə-sxem tərtıb olunmuşdur. Azərbaycanın dağ meşələri böyük kəmiyyət və keyfiyyət dəyişkənliyinə uğrayaraq təbii və süni landşafların ekoloji tarazlığına mənfi təsir göstərdiyindən pozulmuş meşələrin və meşə massivlərinin yerində yaranan ekosistemlərin yaxşılaşdırılması və bərpasına yönəldilən tədbirlər sisteminin həyata keçirilməsi günün ən vacib və aktual məsələsi hesab olunur.
Ədəbiyyat
1.Hüseynov Y. Azərbaycanın meşə sərvətləri Bakı 1968.
2.Исаев А.С. – Общие вопросы аэрокосмических исследований лесов.
3. Исаев А.С., Кириев Д.М. – Принципы и методы изучения лесов из космоса. В кн.: «Аерокосмические исследования Земли». М., 1979, с.101-105.
4. Əmirov F. Azərbaycan Respublikasının meşələri və meşə təsərrüfatı Bakı, 1997.
5. Долуханов А.Г. Очерк лесной растителъности бассейна р. Тала чай Загатальского района. Тр. БИН АзФаН, Баку.1938. т.IУ.
Nəticə
Məqalədə Böyük Qafqazın cənub yamaclarında antropogen pozulmaların analizi müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin identifikasiyası nəticəsində aparılmış, 1976 — cı ildə çoxzonalı sintez olunmış və 2010 –cu ilin ağ- qara kosmik şəkilləri əsasında araşdırılmışdır. Nəticədə Böyük Qafqazın cənub yamaclarının meşə örtüyünün aşağı və yuxarı sərhədlərində antropogen dəyişiklikləri göstərən xəritə — sxem tərtib olunmuşdur.
Резюме
Антропогенное изменение верхней и нижней границы лесного покрова южного склона Большого Кавказа.
На основе дешифрирования аэрокосмической информации проанализированы результаты антропогенного воздействия на лесную растительность южного склона Большого Кавказа. Основным фактором, обуславливающим быстрое изменение горных лесов и сокращение их площадей, является интенсивное и разнообразное антропогенное воздействие.
В верхнем лесном поясе оно выражается в бессистемном выпасе скота и нерегламентируемых случайных вырубках деревьев, а в нижнем лесном поясе в сведении лесной растительности под сельскохозяйственные поля, в строительстве населенных пунктов, дорог и разработка полезных ископаемых, строительных материалов.
Составленная по космическим снимкам карта-схема дает представление изменение верхней и нижней границы лесного покрова южного склона Большого Кавказа.

 

Advertisements