ENERJİDƏN SƏMƏRƏLİ İSTİFADƏ ZAMANIN TƏLƏBİDİR


img_0330.250x0Şamil MÖVSÜMOV,ekologiya və energetika sahəsində müstəqil ekspert
Sosial-iqtisadi inkişafın əsası enerji təhlükəsizliyidir. Odur ki, enerji effektivliyinin artırılması, enerjiyə qənaət olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi enerji təhlükəsizliyinə təminat verən amillərdən biri kimi iqtisadiyyatın bütün sahələrini əhatə etməlidir.Enerji effektivliyi texnoloji və energetik avadanlıqlardan səmərəli istifadə etməklə vahid məhsula (1 kiloqram, 1 ton, 1 kubmetr) sərf olunan enerjinin azaldılmasını tələb edir. Enerji effektivliyinin təyin olunması zamanı enerjinin istehsalına və nəql olunmasına sərf edilən maliyyə vəsaitlərinin azaldılması enerji effektivliyinin artırılmasına yönəlmiş şərtlərdən biri sayılır. 
oliujkjkjElektrik stansiyalarında enerji effektivliyinin əsas göstəricisi vahid enerji istehsalı (elektrik, yaxud istilik enerjisi) zamanı sərf olunan yanacağın (təbii qaz və ya dizel yanacağı) minimum sərfidir ki, bu da yanacağın yanmasının optimal rejiminin seçilməsi zamanı mümkündür. Son 10 il ərzində Azərbaycanda tikilmiş elektrik stansiyalarının 6-sı modul tiplidir. Bu yaxınlarda istifadəyə verilmiş gücü 780 meqavat olan «Cənub» Elektrik Stansiyası 6 turbindən ibarətdir. Stansiyanın faydalı iş əmsalı 52 faiz, bir kilovatsaat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 237 qramdır. Stansiyanın qaz, mazut və dizel yanacağı ilə işləmək imkanı var.
ARDNŞ tərəfindən dənizdə yerləşən platformanın üzərində tikilmiş Qaz Turbinli İstilik-Elektrik Stansiyasının gücü 45 meqavat, turbinlərinin sayı 6, istismar müddəti 25 ildir. Turbinlərin dördü yalnız qazla, ikisi isə həm qaz, həm də dizel yanacağı ilə işləyə bilir. Elektrik stansiyasında istifadə olunan avadanlıqlar və qurğular dəniz şəraitində istismar tələbləri üçün qoyulan beynəlxalq standartlara cavab verir.
Ölkədə enerji istehsalında enerji effektivliyinin yüksəldilməsi ilə əlaqədar  müxtəlif tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübəyə görə, belə tədbirlər həyata keçirilərkən bərpa olunan enerji mənbələrindən istifadə edilməsi prioritet sayılır. Respublikada bərpa olunan  enerji mənbələrindən (günəş, külək, hidro və biokütlə) istifadə sahəsində son illər bir sıra layihələr həyata keçirilmişdir. Pilot layihə kimi ilk dəfə olaraq özəl şirkət tərəfindən Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında ümumi gücü 1,7 meqavat olan iki külək qurgusu istifadəyə verilmişdir. Daha sonra Qobustandakı eksperimental poliqonda günəş panelləri, külək və biokütlə qurğuları quraşdırılmışdır. Onların ümumi gücü 5,5 meqavatdır. Bu poliqonun genişləndirilməsi və güçünün artırılması ilə əlaqədar layihə üzərində iş davam etdirilir. Özəl şirkətlər tərəfindən Qobu qəsəbəsi yaxınlığında külək parkı istifadəyə verilmişdir. Şurabad və Yaşma qəsəbələrinin yaxınlığındakı külək parklarında quraşdırma və sazlama işləri aparılır.
«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda müxtəlif iqtisadi regionlarda kicik su-elektrik stansiyalarının tikilib istifadəyə verilməsi ilə əlaqədar işlər öz axarınca gedir. Bu yaxınlarda isə gücü 1 meqavat olan «Qusar-1» və gücü 1,6 meqavat olan «İsmayıllı-1» kiçik elektrik stansiyaları tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindən 2020-ci ilə kimi bərpa olunan enerji mənbələrinin enerji istehsalında payının artırılması üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə layihələrdən Pirəkəşkül ərazisində tikiləcək külək parklarını, respublikanın kənd məktəblərində və sosialyönümlü obyektlərində gündəlik istehsal gücü 15-20 kubmetr olan kiçik bioqaz qurğularının quraşdırılmasını qeyd etmək olar. Lakin həmin mənbələrdən müxtəlif tələbatçıların enerji ilə təmin edilməsində çətinliklər mövcuddur.
Son illər respublikada iri enerji tələbatçıları olan sənaye və tikinti materialları istehsalı sahəsində müasir tələblərə cavab verən bir sıra müəssisələr işə salınmış və həmin müəssisələrdə də enerjiyə qənaət edən müxtəlif təyinatlı texnoloji və enerji avadanlıqları quraşdırılmışdır. Belə müəssisələr digər şirkətlərə nisbətən enerjinin minimum sərfiyyatına nail olmuşlar. 
Enerjidən səmərəli istifadə olunması və vahid məhsula sərf edilən enerjinin azaldılması ilə əlaqədar işlərin müasir dövrün tələblərinə uyğun aparılması məqsədilə müəssisələrin hər birində müxtəlif tədbirlər (təşkilati, texniki, maliyyə-iqtisadi) hazırlanıb həyata keçirilməlidir. Belə tədbirlərdən enerjinin auditinin aparılmasını, balansının hazırlanmasını və xüsusi sərfini, itkilərin azaldılmasını, qənaət potensialının təyin olunmasını, eləcə də enerji effektivliyinin artırılmasını nəzərdə tutan investisiya layihələrini qeyd etmək olar.
Məlumdur ki, Avropa İttifaqında işıqlanma üçün istifadə olunan közərmə lampalarının satışı və istifadə olunması qadağan edilmişdir. Bu lampaların əvəzinə enerjiyə qənaət edən lampalardan (lüminessent lampaları, işıqlandırıcı diodlar — LED lampaları) istifadə olunur. Lakin Azərbaycanda işıqlandırma sistemində  közərmə lampalarından istifadə olunmasını qadağan edən və enerjiyə qənaət edən lampalardan istifadə olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə şərait yaradan qanunvericilik aktları yoxdur. Lüminessent lampalarının tərkibində 3-5 milliqram civənin olması, lampalardan kütləvi şəkildə istifadə zamanı onların yığılıb utilizasiyasının aparılmamasının ətraf mühitə və insan sağlamlığına ciddi təsiri ola bilər. Ona görə də enerjiyə qənaət üçün LED lampalarından istifadə olunması hər cəhətdən sərfəlidir. 2012-ci ilin aprel ayında Sumqayıtda istifadəyə verilmiş və ABOEMDA tərəfindən inşa edilmiş zavodda ikinci istehsalat xəttinin — LED lampaları xəttinin işə düşməsi mümkün qədər sürətləndirilməlidir. Belə ki, həmin istehsal sahəsi istismara verildikdən sonra burada ildə 12 milyon lampa hazırlanacaq. Közərmə lampalarından səkkiz dəfə az elektrik enerjisi tələb edən və istismar müddəti 80 dəfə çox olan bu lampaların binaların, küçələrin, meydanların, müxtəlif təyinatlı obyektlərin işıqlandırılması zamanı tətbiqi elektrik enerjisindən qənaətlə istifadəyə şərait yaradacaq.
İstilik nasosu yerin təkinin, yeraltı və səth sularının, eləcə də dəniz suyunun temperaturunu istilik enerjisinə çevirən qurğudur. Bu qurğunun iş prinsipi məişətdə istifadə olunan soyuducunun iş prinsipinə oxşardır. Qurğunun iş rejiminin təmin olunması üçün kompressordan və dövretmə nasosundan istifadə olunur. İnkişaf etmiş dövlətlərdə — ABŞ, Kanada, Qərbi Avropa dövlətlərində son 40 ildə həmin qurğulardan müxtəlif təyinatlı binaların qızdırılmasında və soyudulmasında (nasoslarda konstruktiv dəyişikliklər etməklə) geniş istifadə olunur. Ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Azərbaycan Diplomatik Akademiyasının ərazisində gücü 1,3 meqavat olan istilik nasosları quraşdırılıb istifadəyə verilmişdir. Bu qurğunun tətbiqinin əsas şərtlərinə istilik mənbələrinin temperaturunun qiyməti və onun dəyişməməsi, binaların yerləşməsinin coğrafi şəraiti və konstruktiv quruluşu, tələb olunan istiliyin miqdarı və tətbiq edilən istilik sisteminin növü (mərkəzi,  yaxud fərdi olması) daxildir.
Ölkədəki günəş kollektorlarının və onların bazasında müxtəlif texniki göstəricilərə malik olan günəş istilik sistemlərinin istehsalına baxmayaraq, bu avadanlıqlardan və qurğulardan suyun və fərdi istilik sistemində işlədilən istilik batareyalarının qızdırılması üçün istifadə olunmur. Buna səbəb əhalinin bu qurğular haqqında məlumatlarının olmaması, tikinti şirkətlərinin isə qızdırıcı sistem kimi kombiyə üstünlük verməsidir. Qeyd etmək lazımdır ki, kombi sistemi fərdi evlərin — həyət evlərinin qızdırılması üçün nəzərdə tutulmuşdur. Buna səbəb isə həmin evlərin mərkəzləşdirilmiş istilik sistemlərindən kənarda yerləşməsi və yaxud həmin sistemlərin ərazidə olmamasıdır. İri şəhərlərdəki çoxmərtəbəli binalarda yerləşən mənzillərin kombi sistemı ilə qızdırılması  həmin binalarda enerji effektivliyinə nail olmasına imkan vermir. Bundan əlavə,  kombilərin mənzillərin eyvanlarında quraşdırılması binanın və şəhərin arxitekturasına mənfi təsir göstərir. Buna görə də yaşayış təsərrüfatlarında enerji effektivliyinin artırılması və enerjidən səmərəli istifadə olunması ilə əlaqədar iri şəhərlərin ayrı-ayrı yaşayış massivlərində ekoloji norma və tələblərə cavab verən, istilik gücü 1-30 meqavat olan modul tipli qazanxanaların tikilməsi hər cəhətdən sərfəlidir.
Ölkənin sosial-iqtisadi inkişafının sürətlə getdiyi indiki vaxtda enerjidən daha səmərəli istifadə olunması üçün enerji effektivliyi haqqında qanun qəbul edilməsi və dövlət proqramının hazırlanıb həyata keçirilməsi, fikrimizcə, ən  vacib məsələlərdən biridir.
 

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK