İQLİM DƏYİŞMƏLƏRİ BARƏDƏ MƏKTƏBLİLƏRİN EKOLOJİ BİLİKLƏRİNİN FORMALAŞDIRILMASI METODİKASI


CYMERA_20140325_220833Metodiki tövsiyə
Tərtib edən:Kənd Təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru R.Bəşirov
İqlim-atmosferin, hidrosferin və litosferin qarşılıqlı təsiri nəticəsində yaranan müxtəlif ekoloji amillərin məcmusundan ibarətdir. İqlimin formalaşmasında iştirak edən amillər coğrafi Günəş radiasiyası, planetar və kosmik qruplara bölünür. Günəş radiasiyası Yer səthinə müxtəlif bucaq altında düşdüyü üçün ayrı-ayrı coğrafi qızması bir-birindən fərqlənir və havanın temperaturu zonalar üzrə paylanır.Yerin günəş ətrafında fırlanması nəticəsində isə iqlimin mövsümi xarakter daşıması və dəyişməsi baş verir. Atmosferin ümumi dövranı suyun dövranına, paylanmasına və okean cərəyanlarına səbəb olur. Yer səthinin əraziləri müxtəlif səth örtüklərindən dağlar, qar örtükləri, buzlaqlar, düzənliklər, çəmənliklər, qaratorpaq və sair torpaq və meşələdən ibarət olduğu üçün onlar Günəş radiyasiyasını eyni səviyyədə udmadıqlarına görə müxtəlif dərəcədə isinir vəö buna görə fərqli olur.
Okean və dənizlərin səthləri yayda çox isinmədiyinə, qışda isə çox soyumadığına görə həmin ərazilərdə havanın temperatur amplitudu kiçik olur və dəniz iqlimi hakim və aparıcı sayılır.
Dünya miqyasında iri sənaye şəhərlərinin daha da genişlənməsi, yeni meşə zolaqlarının, milli parkların, meşəliklərin salınması, çoxlu su tutarları və anbarlarının, yeni sənaye rayonlarının və şəhərlərin tikilməsi relyefin dəyişilməsi nəticəsində həmin ərazilərdə yeni iqlim növü-mikroiqlim yaranır.
Yer kürəsində iqlim qurşağının 13 növü mövcuddur. İqlim qurşaqları üfüqi zonalarda-ekvatordan şimal və cənub istiqamətlərində mütəmadi olaraq eyni dərəcədə bir-birini əvəz edir.
İqlim şünas alimlərin ( L.S.Berq, V.P.Kopen, A.V.Voyeykov və b.) iqlimin təsnifatı sahəsində xeyli iş görərsə də əsas müasir təsnifatı rus alimi V.P.Alişov tərəfindən təklif olunmuşdur. Onun təsnifatında əsas iqlim əmələ gətirən amil kimi havanın temperaturu və küləklər prioritet olaraq qəbul edilmişdir.
V.P.Alışovun təsnifatına əsasən, Yer kürəsində 7 əsas və 6 aralıq iqlim qurşağı müəyyən edilib. Əsas iqlim qurşaqlarına ekvatorial. Tropik. Mülüyim, qütb-Arktika və Antarktika və s.; keçid (aralıq) qurşaqlarına isə subekvatorial, subtropik, subarktik, subantarktik və s. aiddir.
Lakin tropik iqlim qurşağının özünün də quru və rütubətli tropik, mülayim iqlim qurşağının isə mülayim-dəniz, mülayim-kontinental və musson iqlim tipləri vardır.
Müasir şəraitdə Azərbaycanın mərkəzi və onun bölgələrində iqlim dəyişmələri barədə məktəblilərin ekoloji bitkilərinin formalaşdırılmasına ehtiyac vardır. Gündəlik yaşadığımız həyatın (və ya təsərrüfatın) elə bir sahəsi yoxdur ki, o, az və ya çox dərəcədə hava və iqlimlə əlaqədar olmasın. Etiraf etməliyik ki, sənaye, kənd təsərrüfatı. Nəqliyyat, həmçinin mədəni-məişət işçiləri və s. demək olar ki, hər gün havanın bir çox şıltaqlığı ilə hesablaşmalı olurlar. Onlar istər təsərrüfat istiqamətinin müəyyən edilməsində və istərsə də tikinti işlərində, eyni zamanda istirahət və sağlamlıq ocaqlarının, həmçinin təbiət muzeylərinin, milli parkların təşkilində iqlimi nəzərə almalıdırlar.
Şagirdlər hərtərəfli biliyə malik olmalıdır. Çünki onlar yaxşı bilməlidirlər ki, kənd təsərrüfatında işlərin yaxşı və ya pis getməsi hava və iqlim şəraitindən çox asılıdır. Buna görə də onlar, hava və iqlim haqqında elmin ayrı-ayrı sahələrində kənd təsərrüfatının tələbatına daha çox fikir verməklə, ekoloji bitkilərinin formalaşdırılması istiqamətində çox iş görməlidir.
Məktəblilər ekoloji biliklərini formalaşdırmaq üçün, kənd təsərrüfatı meteorologiyasına daha çox fikir verməli və onu dərindən öyrənməyə çalışmalıdırlar. Kənd təsərrüfatı meteorologiyası nədir? Bunu bilmək lazımdır. Bu meterologiya müstəqil bir elmdir. Və XIX əsrin sonları meydana gəlmişdir.
1901-ci ildən başlayaraq Rusiyada “Kənd təsərrüfatı meteorologiyası üzrə əsərlər” çıxmağa başlamışdır. Lakin bu elmin əsil inkişafı SSR-də 1919-cu il yanvar ayının 1-də A.Voyeykov adına Baş Geofizik Rəsədxanasında İqlimşünaslıq şöbəsi yaranandan sonra başlamışdır.
Hazırda Azərbaycanın bölgələrində, demək olar ki, hər bir iri təsərrüfat və təşkilatın özünün meteroloji stansiyası və məntəqəsi vardır.
Hava və iqlim haqqında nəyi bilməliyik? Hava və iqlim dedikdə, biz necə düşünməliyik? Məlumdur ki, hava və iqlim haqqında biliklərimiz meteorologiya elmi ətrafında cəmləşir. Buna məktəblilər ekoloji biliklərini formalaşdırmaq yolu ilə elmə və çoxillik təcrübəyə əsaslanmaqla öyrənilməlidir. Meterologiya elminin əsas vəzifələrindən biri ondan ibarətdir ki, xalq təsərrüfatının müxtəlif sahələrinə ziyan vura biləcək atmosfer hadisələrinin qabaqcadan xəbər verməsidir.
ceBu elm həm də hava və iqlimin cəmiyyət üçün xeyirli olan cəhətlərini də öyrənir; təbiətin tükənməz enerji ehtiyatlarını müəyyən edib onlardan daha geniş miqyasda istifadə etmək işinə xeyli kömək göstərir. Qədim xalq nağıllarının birində deyilir: “İnsan yol ilə gedirdi. Birdən o, günəş, şaxta və küləyin ona qarşı gəlldiklərini gördü. Günəş aciqla qişqirdi:
Dayan, yoxsa səni yandıraram
Külək ona cavab verdi:
Qoymaram, buludları qovub kölgə salaram
Bu halda Şaxta işə qarışdı:
Ey, dayan mən səni donduraram.
Kelək isə cavab verdi:
Qorxma, mən sənin üstünə isti külək əsdirərəm.
Havanın xeyir verə biləcək ayrı-ayrı ünsürlərini insanlar lap qədimdən müəyyən etmişlər. Hazırda hava və iqlimin xeyirli cəhətləri diqqət mərkəzindədir və dəqiq surətdə öyrənilir-təbii ehtiyatlar kimi istifadə edilir.
Məktəblilər meteorologiya elminin vəzifələrindən biri olan meteroloji amillərin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına göstərdiyi təsir barədə dəqiq məlumata malik olmalıdır.
Hava haqqında düşündükdə isə müəyyən müddət ərzində atmosferin yerə yaxın təbəqəsinin fiziki vəziyyəti başa düşülməlidir. Yəni “hava necə keçir” dedikdə biz isti və ya soyuğu. Külə və ya sakitliyi, yağıntı və ya quraqlığı, günəşli və ya buludlu havaları nəzərdə tuturuq.
Hava axınlarının meydana gəlməsi, həmçinin havanın dəyişilməsinin əsas səbəbi yer səthinin və atmosferin aşağı təbəqələrinin qeyri-bərabər qızmasıdır. Qeyd etməliyik ki,yer səthinin təxminən 70% (faizini) əhatə edən okean və dənizlər qitələrin havasına böyük təsir göstərir. Dəniz və qurunun qitə daxilindəki müxtəlif xarakterli səthlərinin qeyri-bərabər qızması havanın tədricən və ya kəskin hərəkətinə, onun xassələrinin dəyişilməsinə təkan verən əsas qüvvədir.
Uzun illər ərzində hava üzərində aparılan müşahidələr cəmləşdirilir, ümumiləşdirilir və müəyyən rayonun iqliminin təsvir etməyə imkan yaranır. Deməli, iqlim dedikdə biz havanın çoxillik dövr ərzində gedişini başa düşürük.
İqlim haqqında məktəblilər nəyi bilməlidir? Onlar bilməlidir ki, iqlim havaya nisbətən sabitdir. İqlimin dəyişilməsi üçün bir neçə illər, bəzən də bir neçə insan ömrü, hətta yüz və min illər belə kifayət deyil. Elmə əsaslanaraq insanlar bilir ki, Bakının iqlimi bəzi dağlıq bölgələrinkindən istidir.
İqlimşünaslar Bakının iqlimi ilə Qusar, Şuşa və ya Naxçıvan ilə müqayisə edərək, Qusarı, Şuşanı və Naxçıvanı soyuq, Bakını isə isti iqlim tipinə mənsub edirlər. Lakin. Buna baxmayaraq bəzən həmin dağlıq bölgələrində hava Bakıdakından isti keçir. Bu cür qısamüddətli isinmə və ya soyumalar iqlimin yox, havanın dəyişilməsinin nəticəsidir.
Ekoloji baxımdan iqlimin insan səhhəti üçün əlverişli olan amilləri mülayim en dairələri və subtropik qurşaqda daha çoxdur. Bu amillərin çoxundan, xüsusilə günəş radiyasiyasından bir sıra xəstəliklərin müalicəsi üçün geniş miqyasda istifadə edilir.
İnsanların iqlimlə müalicə yolları müxtəlifdir. Günəş şüaları ilə müalicə helioterapiya, açıq havada müalicə aeroterapiya, dəniz suyu ilə müalicə tallasoterapiya adlanır. Lakin iqlim və digər müalicə vasitələrinin (mineral su, müalicə palçığı və s.) birgə təsiri daha qüvvətli olub yaxşı nəticələr verir.
Məktəblilər iqlim dəyişmələri ilə əlaqədar, ekoloji biliklərinin formalaşdırılmasına diqqət verməli, dost xarici ölkələrdə və Azərbaycanda iqlim kurortları barədə geniş təsəvvürə və biliyə malik olmaları tövsiyə olunur.
Bizə məlumdur ki, iqlim kurortları ən çox Qafqazda, Krımda, Pribaltikada, Orta Asiya və s. yayılmışdır. Məktəblilər və gənclərimiz bilməlidir ki, Azərbaycanın ərazisi də kurort sərvətləri ilə çox zəngindir. Bunların içərisində iqlim kurortları xüsusi yer tutur. Hələ 1930-cu ildə İ.Fiqurovski sübut etmişdir ki, Şuşa bir çox iqlim xüsusiyyətlərinə görə İsveçrədəki məşhur dünya kurortu Davosla müqayisədə, hətta onu ötüb keçir. Onların iqlimi bir-birinə çox oxşayır. Sonrakı tədqiqatlar nəticəsində isə müəyyən edildi ki, gözəl təbii mənzərələrə malik olan Şəki bir sıra mühüm iqlim göstəricilərinə görə Kislovodskidən heç də geri qalmır. Xəzər dənizi sahilində yerləşən Mərdəkanın təbii şəraiti isə çox əhəmiyyətli kurort olan Yevpotoriyanınkından üstündür.
Bol günəş radiyasiyası və narın qumlu peyarlarına görə Abşeron yarımadası diqqətli daha çox cəlb edir. Burada Bilgəh, Buzovna, Pirşağa, Mərdəkan, Şüvəlan, Türkan, Şıx düzü kimi sağlamlıq və istirahət ocaqları, çimərlikləri vardır. Xəzər dənizinin cənub bölgəsində, Lənkəran-Astara rayonu sahillərində də təxminən eyni şərait mövcuddur.
Azərbaycan orta dağ zonasının iqlimi dağ iqlimi kurortlarının yaradılması üçün əlverişlidir. Məşhur Göy-göl, Maral-göl, Hacıkənd kurort istirahət zonaları həm də turizm üçün çox əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində, o, cümlədən Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Lahıc, Lerik, Quba, Qusar, Nabran və s. əlverişli iqlimi olan sağlamlıq və istirahət ocaqları çoxdur.
Məktəblilər iqlim dəyişmələri barədə öz ekoloji biliklərini formalaşdırmaq üçün respublikamızda adları çəkilən kurort-istirahətlərində olarkən iqlim dəyişkənliyi barədə yaşlı insanlardan çox şey öyrənə bilər.
Buradan bizi maraqlandıran belə bir sual meydana çıxır iqlim dəyişilirmi?
Bizə məlumdur ki, havanın dəyişkən olması heç kəsdə, əsla şübhə doğurmur. Çox vaxt havalar isti və ya soyuq keçən illərdə, iqlimin dəyişildiyini göstərirlər. Lakin hava ilə iqlimin mahiyyətini qarışdırırlar. Əgər hava bir neçə il dalbadal isti, yaxud soyuq keçsəydi, əlbəttə, iqlimin isinməsini və soyumasını söyləmək olardı. Ancaq isti keçən ay və ya fəsil sonrakı il və ya iki-üç il dalbadal soyuq keçir, yaxud da əksinə. Bu onu göstərir ki, iqlim havaya nisbhətən az dəyişilir. İqlim dəyişkinliyini müəyyən etmək üçün uzun illər və əsrlər boyu iqlimin dəyişilməsi haqqındakı məlumatları izləmək, onları təhlil etmək lazım gəlir.
Məktəblilər dərk etməlidirlər ki, planetimizdə iqlim həmişə indiki kimi olmamışdır. Yer üzərinin müxtəlif bölgələrindən tapılmış qədim bitki və heyvanat qalıqları; bəzi buzlaq əşyaları (morenləri) və sair sübut edir ki, yaxın genoloji dövrdə iqlim dəfələrlə kəskin surətdə dəyişilmiş, uzun sürən buzlaşma dövründən sonra isti keçən dövrlərlə əvəz olunmuşdur. Alimlər yer üzərində baş vermiş buzlaşmaları iki əsas müxtəlif nəzəriyyə ilə izah edirlər. Birinci nəzəriyyəyə görə buzlaşmanın əmələ gəlməsi astronomik səbəblərlə əlaqədardır. Nəzəriyyə tərəfdarlarının fikrincə günəş sistemində vaxtaşırı əmələ gələn dumanlıqlar günəşdən gələn radiyasiyanı azaldır. Bu isə yer üzərində temperaturun azalmasına, yağıntının çox vaxt qar halında düşməsinə səbəb our. İlin isti dövründə qurtara bilməyən qar yavaş-yavaş toplanıb buzlaqlar əmələ gətirir.
İkinci nəzəriyyəçilərin tərəfdarları buzlaşmanın əmələ gəlməsinin tektonik hərəkətlərlə (yer qabığının) qalxıb enməsi) ilə izah edirlər. Bu nəzəriyyəyə görə yerin müəyyən hadisəsi qalxdığı zaman onun yüksəkliyi o dərəcədə çatır ki, temperatur “0” (sıfır) dərəcədən aşağı enir. Nəticədə uzun müddət qar halında düşən yağıntı buzlaqların əmələ gəlməsinə səbəb olur.
Hazırda Yer üzərində böyük buzlaqlar qütb dairəsi arxasında (Buzlu Şimal okeanında, Antarktidada və Qrenlandiyada) qalmaqdadır. Eyni zamanda bəzi yüksək dağlarda da buzlaq sahələr vardır. Məktəblilərimiz öz ekoloji bilik və bacarıqlarını formalaşdırmaqla iqlim dəyişmələri barədə belə bir fikir söyləyə bilərlər ki, buzlaqlararası dövrlərdə iqlim isindiyinə görə əlverişli şərait yaranır.
Daha sonra isti şərait sevən bitki və heyvanat aləminin yaranması başlanır.
Qeyd etmək lazımdır ki, görəsən insanın havaya və iqlimə fəal təsiri varmı?
Düzdür ilk baxışda adama elə gəlir ki, zərərli atmosfer havalarının qarşısını almaq mümkün deyil. Lakin bu hadisələrin mahiyyətini dərk edn insan artıq onların bəzilərinə qarşı fəal mübarizəyə qoşulmuş və xeyli nailiyyətlər əldə olunmuşdur.
Düzdür, ildırım və güclü külək, tufanların qarşısını almaq hələ də çətindir. Ancaq bunlara qarşı mübarizədə insanlar müəyyən müvəffəqiyyətlər əldə etmişlər. Məsələn, ildırımın qarşısını almaq hələlik mümkün olmasa da müdafiə olunmağın yolu məlumdur.
Əgər təsərrüfatlara ziyan vura biləcək güclü küləyi dayandırmaq bəlkə gələcəyin işidirsə, indi belə küləkləri insan qabaqcadan xəbər verə bilir və insanlar tərəfindən müvafiq mübarizə tədbirləri görülür. Hətta dolu əmələ gətirə bilən topa buludlarla mübarizə aparmaq üçün raket texnikasından istifadə edilir.
İqlimə fəal təsir ilk növbədə atmosferin yerə yaxın təbəqəsinin xassələrinin dəyişmək yolu ilə olunur. Quru və isti ölkələrdə bu, iri su hovuzlarının, tarlaqoruyucu meşə zolaqlarının salınması, sahələr yaradılması, rütubətli rayomlarda isə bataqlıqların qurudulması və başqa yollarla aparılır.
Bu tədbirlərin içərisində tarlaqoruyucu meşə zolaqları diqqəti daha çox cəlb edir. Biz, artıq qeyd etmişik ki, meşə havanın yerə yaxın təbəqəsində kiçik sahələrin iqlimini, daha doğrusu mikroiqliminin xeyli dəyişdirir. Sıx meşədə küləyin sürətli açıq sahədəkinə nisbətən təxminən 80-90 faiz azalır. Nəticədə təcrübə göstərir ki, meşə örtüyü günəş radiyasiyasının torpaq səthinə düşməyə qoymur. Elə buna görə də sıx meşəliklərdə yaz və yayda havanın temperaturu 3-4, bəzən 5 dərəcə az, nisbi rütubətlik isə xeyli az olur. Bu cür təcrübədən daha çox istifadə olunmağa fikir verilməsini tövsiyə edirik.
İqlim dəyişmələri barədə məktəblilərin və gənclərin ekoloji biliklərinin formalaşdırılması metodikası istiqamətində daha çox bilik almalarının nəticəsinin səmərəsini görmək istəyirik.

Ədəbiyyat
1.Əsgərov Ə.; Əliyev F,; Hüseynov E.; Əliyev S.- “Müasir ekologiya”, Bakı-2007
2.Əliyev H.Ə. “Həyəcan təbili”, Bakı-1989
3.Əyyubov Ə.C. “İqlim və hava”, Azərnəşr-1967
4.Müseyyibov M.A. “Təbiətin fəsadları”, Bakı-1989
5.Международная программа ЮНЕСКО « Человек и биосфера» МАБ в СССР (справочник) М. 1987
6.Mustafayev Q.T.”Ekologiyadan konspekt”, M. 1993
7.Mustafayev Q.T., Əlizadə E.Ə. “Ekologiya” Bakı “Ozan”, 2001
8.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Sektorunda 2002-2010-cu illərdəki fəaliyyətinə dair toplu. Bakı- 2011.
9.R.Bəşirov “Doğma təbiətə insani münasibət” -Eko-İnter jurnalı 2004.
10.R.Bəşirov “Ekoloji baxımdan insanlara həyəcansız yaşamaq lazımdır” Eko-İnter jurnalı -2005.

 

Реклама
By Teymur Kasamanli Posted in TÜRK