Cənubi Qafqaz regionu nüvə təhlükəsizliyi zonası elan olunmalıdır


img_0330.250x0Şamil MÖVSÜMOV, ekologiya və energetika sahəsində ekspert
Ermənistan AES böyük təhlükə mənbəyidir
Azərbaycan Prezidenti İlham Əliyev mart ayının 24-də Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi sammitində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano ilə görüşdə nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxunmuş, Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən atom elektrik stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırmışdır.Metsamorda yerləşən Ermənistan atom elektrik stansiyası (EAES) hər birinin gücü 407,5 MVt (meqavatt) olan iki blokdan ibarət idi. Bu stansiyanın birinci bloku 22 dekabr 1976-cı ildə, ikinci bloku 5 yanvar 1980-ci ildə istismara verilmişdir. Stansiya İrəvan şəhərindən 32, Türkiyə sərhədindən 18 (İqdır şəhərindən 31), Naxçıvan MR ilə İran sərhədindən 84, Azərbaycan sərhədindən 126 kilometr məsafədə yerləşir. Blokların hər birinin istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanmışdır. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra — 1989-cu ilin əvvəllərində (fevral ayının 25-də) birinci blok, daha sonra (mart ayının 18-də) ikinci blok dayandırılmışdı. 1995-ci ilin noyabr ayının 5-də EAES-in ikinci bloku yenidən işə salınmış və bu günə kimi fəaliyyət göstərən həmin blokun payına Ermənistanda istehsal olunan elektrik enerjisinin 25 faizi düşür. Onu da qeyd edək ki, stansiya 2003-cü ildə Rusiyanın «İnter RAO EES» şirkətinə idarə olunmağa verilmişdir.
energy-most-dangerous-nuclear-power-plant-world-metsamor-armenia-yerevan_33750_600x4502009-cu ilin oktyabr ayında Ermənistan parlamenti gücü 1060 MVt olan yeni AES-in tikintisi barədə qərar vermiş və bununla əlaqədar «Metsamorenerqoatom» rus-erməni şirkəti yaradılmışdır. Bu şirkət 2011-ci ildə dəyəri 5 milyard ABŞ dolları, istismar müddəti 60 il olan blokun tikintisinə başlamalı idi. 2016-cı ildə yeni stansiyanın tikintisi başa çatdıqdan sonra köhnə stansiyanın istismardan çıxarılması nəzərdə tutulmuşdu. Yeni blokun tikintisi ilə əlaqədar layihənin 50 faizinin maliyyələşdirilməsini Rusiyanın «Rosatom» şirkəti öz üzərinə götürmüşdü. Lakin layihənin həyata keçirilməsi üçün lazımi vəsaitin əldə olunmasında çətinliklər yarandığı üçün yeni layihənin həyata keçirilməsi təxirə salınmışdır. Belə ki, 2019-2020-ci illərdə yeni blokun istismara buraxılmasının nəzərdə tutulmasına baxmayaraq, investorların layihəyə marağının olmaması səbəbindən blokun tikintisinin başlanma müddəti 3-4 il uzadılmışdır. Bu isə 30 sentyabr 2016-cı ildə istismar müddəti bitən, hazırda istismarda olan köhnə blokun fəaliyyət müddətinin də uzadılmasına səbəb olacaq. Bununla əlaqədar «Rosatom» enerji blokunun istismar müddətinin 2026-cı ilə qədər uzadılması üçün layihə üzərində işləyir. Layihənin dəyəri 150 milyon ABŞ dolları təşkil edir.
Məlum olduğu kimi, atom reaktorlarında zənginləşdirilmiş urandan istifadə edilir. Onun tərkibi 2 faizdən 4,4 faizə qədər uran 235-dən, qalan hissəsi uran 238-dən ibarətdir. AES-in istismarı zamanı yaranan işlənmiş (şüalanmış) nüvə tullantılarının tərkibi (İNT) 95 faiz uran 238-dən (təkrar istifadəyə yararlı) və 5 faiz radioaktiv tullantılardan (RT) ibarətdir. RT-nin tərkibi 20 faiz plutonium 239-dan (atom bombası istehsal etmək üçün istifadə olunur), 2 faiz daha təhlükəli olan transuran elementlərindən (plutoniumun, neptuniumun, kürinin izotopları) və qalan hissəsi 30 radioaktiv elementin yüzlərlə izotopundan (stronsium 90, sezium 137, yod 129 və s.) ibarətdir.
2005-ci ildə MDB dövlətlərinin atom enerjisindən dinc məqsədlə istifadə olunması komissiyasının mütəxəssislər qrupunun hazırladığı hesabatda Ermənistanda istismar edilən blokun atom enerjisindən istifadə olunan obyektlər arasında daha təhlükəli obyekt olduğu qeyd edilmişdir. Hesabatda AES-in ərazisində istifadə edilmiş nüvə yanacağının və radioaktiv maddələrin müvəqqəti saxlanması üçün xüsusi tullantıxanaların mövcud vəziyyəti də qeyd olunmuşdur. Belə ki, SSRİ-nin dağılmasına qədər AES-dəki İNT daimi saxlanmaq və emal olunmaq üçün Rusiyaya aparılırdı. İNT — fövqəladə dərəcədə təhlükəli radioaktiv tullantıdır və bu tullantıların müvəqqəti olaraq 50 il təhlükəsiz saxlanması üçün xüsusi hazırlanmış quru tullantıxanadan istifadə edilir. Belə fikir var ki, 50 il ərzində elmin inkişafı ilə bağlı alimlər bu təhlükəli nüvə tullantılarının idarə olunmasının (saxlanması, emal olunması, utilizasiyası) daha mütərəqqi üsullarını işləyib hazırlayacaqlar. Əks halda bizdən sonrakı nəsillər yüksək radioaktiv nüvə tullantılarının idarə edilməsi ilə əlaqədar təhlükəli problemlərlə üzləşməli olacaqlar. AES-in ərazisində yerləşən quru tullantıxanada 2020-ci ilə kimi istilikdən mühafizə olunan 616 konteynerin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bu xüsusi tullantıxananın genişlənməsi 1890 konteyneri 50 il ərzində müvəqqəti saxlamağa imkan verməlidir. EAES-in istismarı zamanı yaranan İNT-nin miqdarı və onların idarə olunması haqqında ictimaiyyətə heç bir məlumat verilmir. Həmin tullantıların seysmik aktiv zonada hansı şəraitdə saxlanılması və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər həyata keçirildiyi məlum deyil.
Yüksək aktivli tullantılar əsasən parçalanma məhsullarından, habelə bəzi aktinidlərdən ibarət yüksək aktivli maye olub yanacaqda gedən kimyəvi proses zamanı yaranır. Belə tullantıların saxlanması üçün nəzərdə tutulan tullantıxananın həcmi 78,34 kubmetr təşkil edir ki, onun da 10 il bundan qabaq 35 faizi tullantılarla dolmuşdu. Bu gün orada hansı vəziyyətin mövcud olması haqqında məlumat yoxdur. Bundan əlavə, tullantıxananın yerləşdiyi binanın damında 3000 ədəd çəlləyin (istismar zamanı yaranmış maye radioaktiv tullantı ilə doldurulmuş) saxlanması üçün əlavə olaraq 655 kvadratmetr ərazidən müvəqqəti istifadə olunmuşdur. Hazırda həmin tullantıların harada və hansı vəziyyətdə saxlanması haqqında ictimaiyyətə heç bir məlumat verilmir.
Həmçinin 13 il istismar olunmuş və artıq 25 ildir istismarı dayandırılmış, istismarı dayandırıldıqdan sonra bəzi hissələri sökülüb satılmış birinci blokun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin necə təmin olunması haqqında da heç bir məlumat yoxdur. Belə ki, reaktorun dayandırılması və onun konservasiya edilməsi müxtəlif aktivlik dərəcəsinə malik nüvə materiallarının idarə olunmasının və ərazinin radiasiya təhlükəsizliyinin təmin edilməsi işinin müasir dövrün tələbləri çərçivəsində yerinə yetirilməsini tələb edir. Qeyd etmək lazımdır ki, 1982-ci il oktyabr ayının 15-də həmin blokun buxar generatorunda baş vermiş partlayışdan sonra maşın zalında yanğın olduğundan stansiyadakı personal maşın zalını tərk etmişdi. Rusiyadan təyyarə ilə gətirilən operativ qrupun köməyi ilə 7 saat idarə edilməyən reaktor partlayışdan xilas olunmuş və o dövrdə böyük bir faciənin qarşısı alınmışdı. Blokun istismarının dayandırılmasının səbəblərindən biri də həmin buxar generatorunda texniki qüsurların aradan qaldırılmasının mümkün olmaması idi.
Bütün bu faktlar bir daha göstərir ki, dünya birliyi, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistandan nəinki köhnə stansiyanın bağlanmasını və yeni stansiyanın tikilməməsini, hətta seysmik aktiv zonada uzun müddət istismar edilən reaktorun yaratdığı müxtəlif aktivlik dərəcələrinə malik tullantıların da respublikadan çıxarılmasını tələb etməlidir. Nəticə etibarilə Cənubi Qafqaz regionu nüvə təhlükəsizliyi zonası elan olunmalıdır.

Advertisements
By Teymur Kasamanli Posted in TÜRK