BUĞDA BİTKİSİ DƏNİNDƏ QARA RÜŞEYM XƏSTƏLİYİ PROBLEMLƏR VƏ VƏZİFƏLƏR


elxan_eliyevAzərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu
E.B. Əliyev b.ü.f.d., S.K. Hacıyeva a.e.ü.f.d., Ş.F. Sadıqov, k.e.i.
e-mail elxan-aliyev00@rambler.ru

Son illər Azərbaycanın Abşeron təcrübə sahəsində tədqiqatçıların üzləşdiyi problemlərdən biri buğda bitkisində qara rüşeym xəstəliyinin müxtəlif sort və genotiplərdə, eləcədə ayrı-ayrı hibrid nəsillərdə təzahür etməsidir ki, bu vəziyyət də təbii olaraq bölgə üçün yeni bir stress amilin, daha dogrusu təhlükəli hesab olunan, Azərbaycan üçün vaxtı ilə o qədər də xarakterik sayılmayan göbələk xəstəliyinin inkişafının geniş əraziləri bürüyə bilməsi təhlükəsi problemini gündəmə gətirmişdir.Yaranmış mövcud vəziyyət Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda taxıl bitkiləri ilə bağlı seleksiya, genetika, fiziologiya, bitki mühafizəsi istiqamətlərində aparılan bütün tədqiqat işlərinə yenidən baxılması zərurətini yaradır. Aşağıda bu xəstəliklə bağlı baş verən neqativ fəsadları və gələcəkdə baş verə bilməsi ehtimalını ədəbiyyat mənbələrinə əsasən təhlil etdikdən sonra problemin nə dərəcədə ciddi olduğunu görmək bir o qədər də çətin olmaz.

Məhz, problemin aktuallığı da respublikada qara rüşeyim xəstəliyi ilə əlaqədar müxtəlif tədqiqat işlərinin zəif aparılması, daha dəqiq olsaq, demək olarki heç aparılmaması səbəblərindən doğur.
Məlum olduğu kimi çoxlu sayda mədəni və yabanı taxıl bitkilərində dənin rüşeyminin qaralması əlaməti bir deyil, bir neçə mikroorqanizmlərin birgə fəaliyyəti təsirindən baş verən infeksion xəstəliyin nəticəsidir. Xəstəlik ilk dəfə olaraq 1901-ci ildə İtaliyada Peqlion tərəfindən “puntatura” adı altında qeydə alınmışdır. 10 il keçdikdən sonra isə, yəni 1911-ci ildə xəstəlik ABŞ –ın şimal hissəsində “black point” adlandırılmışdır. Artıq 1920-ci ildə Afrika ərazisində «mouchetage» termini kimi elmə daxil olmuşdur. Keçmiş Sovetlər İttifaqında buğda bitkisində bu xəstəlik 1932-ci ildə M.A. Zillinq tərəfindən müşahidə olunmuş, və xəstəliyin xarakterik xüsusiyyətləri –dənin üst örtüyünün rüşeym ətrafında qaralması və ya bozarması halları kimi simptomlar təsvir edilmişdir. Məhz, elə bu səbəbdən xəstəlik özünəməxsus qara rüşeym adı altında tanınmışdır.
Ədəbiyyat mənbələrində bu xəstəliyin çox zaman törədiciləri Alternaria cinsinə mənsub olan göbələklər (A. аlternata (Fr) Keissler) Helminthosporium sativum (sin. Bipolaris sorokiniana Shoemaker) və eləcə də onlarla bərabər Fusarium, Penicillium, Cladosporim göbələkləri və bakteriyalar olduğu qeyd edilir. Adətən Alternaria spp. cinsinə mənsub olan göbələklərin mitseliləri zeytun və ya boz zeytun rənginə çalırlar, cavan mitselilər daha çox ağ rəngdə olurlar. Digər yoluxdurucular da -Bipolaris sorokiniana Schoemaker (Helminthosporium sativum Pam.) Cochlibolus sativus Drechs göbələkləri çox zaman qara rüşeym xəstəliyinin yaranmasına səbəb ola bilirlər.
1adanada-4-yeni-bugday-cesidi-gelistirildiMaraqlısı budur ki, bu xəstəlik zamanı qara rəngin yaranması təkcə rüşeym ətrafı zonanı əhatə etməklə kifayətlənmir, qaralma hətta dənin tən ortasına və üst qabığına arakəsmələri olan xırda ştrixlərlə yayılır. Ancaq qeyd etmək lazımdırki bu hadisə nadır hallarda baş verir və adətən yoluxma zamanı dənin uc hissəsinin qaralması müşahidə edilir. Çoxlu sayda tədqiqatçıların fikrincə xəstəliyin əsas əlaməti məhz qaralmanın rüşeym ətrafında baş verməsidir. A.Tropova qara rüşeym xəstəliyinin zərərlilik səviyyəsini təyin etmək məqsədi ilə dənin rənginin qaralması intensivliyindən asılı olaraq şkala tərtib etmiş və onun buğdanın əkin keyfiyyətini qiymətləndirmək üçün tətbiq edilməsini tövsiyyə etmişdir. Təəssüf ki, bu cür analiz dənin nə dərəcədə yoluxmasını tam əks etdirmir, çünki bu zaman gizli infeksiyaya uğramış dənlər nəzərə alınmır.
Dənin yoluxmasını göstərən əlamətlərdən biri rüşeymin zədələnməsidir ki, bu da adətən kif göbələklərinin inkişafı və ya spontan şəkildə öz-özünə qızmanın və yüksək temperatur nəticəsində toxumların və cücərtilərin zədələnməsi səbəbindən baş verir. Bu tip toxumlar daha çox uzun müddət saxlanılan, ancaq aerasiyaya və korlanmanın qarşısını almaq üçün müvafiq işlənmə tədbirlərinə məruz qalmayan toxumların arasında rast gəlinir. Zədələnmiş toxumları rüşeymin rənginin qəhvəyi rəngdən qara rəngə qədər dəyişməsində təyin etmək olar. Belə zədələnmiş buğdaları “xəstə” buğdalar adlandırırlar. Yüksək temperatur təsiri altında zədələnən toxumların rüşeyminin və endosperminin rəngi tünd qəhvəyidən qırmızı ağac rənginə qədər dəyişir. Çörək müfəttişləri adətən bu cür toxumları qızma ilə zədələnmiş toxumlar adlandırırlar.
Zərərvericilərlə zədələnmiş toxumların çox böyük həcmi anbarlarda saxlanılan zaman müşahidə olunur. Məsələ burasındadır ki, saxlanma zamanı toxumların özlərinin tənəffüsü zamanı yaratmış olduqları istilik kifayət edirki dənlərin özü-özlərində qızışma prosesi başlasın və bu da qısa zaman kəsiyində xəstəliyin geniş yayılmasına təkan verir.
Bildiyimiz kimi tənəffüs zamanı çörək taxıllarının toxumları su və karbon qazından əlavə istilik ixrac edir. Bu halda onların saxlanıldığı şəraitdə temperatur 20 , rütubət isə 14% təşkil edərsə tənəffüs zəifləyir, rütubətin və temperaturun artması ilə tənəffüs də sürətlənməyə başlayır. İlk baxışdan zədələnmə nəticəsində itki az da olsa bu itkini izləmək bir o qədər də asan olmur. Odurki ixrac olunan karbon qaqzının və istiliyin miqdarı daima və fasiləsiz olaraq nəzarət altında olmalıdır. Dənli bitkilər pis istilik keçirici olduqlarından saxlanılan yerlərdə istilik o qədər də tez yayılıb çəkilmir. Hazırda toxumarası məsafələrdə istiliyi və karbon qazının miqdarını ölçmək üçün çoxlu sayda qurğular mövcuddur.
Bir məqamı da xüsusi qeyd edək ki, əgər buğda, arpa, çovdar və sorqo toxumları arasında kiçicik də olsa belə həşaratlar tərəfindən toxumlarda onların ölmüş qalığı, bədən hissələri və ya ekskrementləri müşahidə edilərsə, hətta xırda yeyilmiş və qeydə alınmış dəliklər olarsa, onda bu toxumlar da korlanmış, zədələnmiş hesab olunurlar. Toxum saxlanılan anbarlarda bir zərərvericinin mövcudluğu belə yenə də orada saxlanılan toxumun korlanması deməkdir.
Qara rüşeym əlamətini öyrənərkən əsas məqamlardan biri kimi nəzərdə tutulmalıdır ki, bu xəstəlik bir çox hallarda gizli formada inkişaf edir və yoluxmanın vizual müşahidəsi demək olar ki mümkün olmur. Odur ki, xəstəliyin aşkarlanması, yoluxdurucunun təyin edilməsi və dənlərin yoluxma səviyyəsini düzgün qiymətləndirilməsi üçün bioloji analizin aparılması zərurəti yaranır. Bəzi hallarda daxili, digər sözlə gizli yoluxma dənlərin oxşarlıqlarına nəzərəçarpacaq dərəcədə təsir göstərmir və əkin zamanı belə toxumlar xəstəliyin yaranma mənbəyinə çevrilirlər. Toxumlarda infeksiyanın kəmiyyət və keyfiyyət xarakteristikası əkin üçün nəzərdə tutulmuş toxum materiallarının keyfiyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Mütəxəssislərin rəyincə toxum materiallarının keyfiyyətinin qiymətləndirilməsində əsas kriteriya kimi nə qədər toxumlarda mikroorqanizmlərin ümumi sayı deyil və hətta əkin üçün ayrılmış səpin materialında yoluxmuş dənlərin miqdarı deyil, necə ki, dəndə mikrofloranın növ tərkibi və toxumların yoluxma xarakteri nəzərdə tutulmalıdır. Bu iki əsas göstərici yoluxdurucunun zərərliyini təyin etməkdə və ona qarşı səmərəli mübarizə üsullarının seçilib tətbiq edilməsində mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin inkişafının qarşısının alınmasının səmərəliliyi onu yaradan yoluxdurucunun bütün inkişaf fazalarını və ayrı-ayrı fazalarda onların inkişafini təmin edən şəraitləri bilməklə və düzgün qiymətləndirməklə mümkün olar. Bu zaman patogenə müəyyən mərhələdə təsir etməklə onun inkişafını ya sürətləndirmək ya da, zəiflətmək olar ki bu da patoloji prosesin gedişatını idarə etməyə imkan verir. Göbələyin bütün inkişaf fazalarını mükəmməl bildikdə xəstəliyin müxtəlif iqlim şəraitində inkişaf səviyyəsini qabaqcadan proqnozlaşdırmaq olar. Lakin, bu problemin tədqiqi müəyyən qədər çətinliklərlə üzləşir ki, bu da ilk növbədə göbələyin geniş amplituda tez-tez dəyişkənliyi və həddindən artıq yüksək məhsuldarlığı ilə əlaqədardır. Alimlərin yekdil rəyincə dənlərdə mikrofloranın patogenliyini yaradan əsas amil onların sintez etdiyi toksiki metobolitlərdir. Göbələklərin bitki toxumalarına ilkin mərhələlərdə sirayət etməsi xəstəliyin zahirən üzə çıxmasına səbəb olur, ancaq, əgər infeksiya fonu aşağı olarsa və patogen toxumalarda olmazsa onda mənfi fəsadlar bir o qədərdə yaranmaz.
Ədəbiyyat mənbələrinə istinadən göbələyin inkişaf tsiklini belə təsəvvür etmək olar: Konidilər havadan çiçək pulcuğuna düşürlər, cücərirlər və sonralar hiflərlə çiçək pulcuğunun və yumurtalığın divarına doğru yönəlirlər və orada toxum qabığında və mitselilərlə meyvəyanlığında inkişaf edirlər. A. alternata göbələyinin böyimə və inkişafı üçün substratın elə rütubət həddi tələb edilir ki, bu hədd havanın nisbi rütubəti ilə bərabərlikdə ən azı 90% təşkil etməlidir. Toxumun yetişməsi ilə yanaşı göbələk mitselilərlə dənin qabığında qalırlar.
Odur ki, yoluxmuş toxumları torpaqda becərdikdə onlarla bərabər göbələklər də öz həyatilik qabiliyyətini bərpa etməklə müvafiq şəraitdə spor əmələ gətirməklə inkişaf etməyə başlayırlar. Sporlar torpağa və bitkinin üzərinə düşməklə onları yoluxdururlar. Beləliklə, göbələyin inkişaf tsiklində iki mühüm fazanı qeyd etmək olar, birinci – çiçək pulcuqlarının konidilərlə yoluxması və sonradan göbələyin mitsellərinin böyüyərək dənin qabığının ortalarına doğru irəliləməsi, ikinci — toxumların torpağa bastırılan zaman mitsellərin həyatilik qabiliyyətinin bərpa etməsidir. Birinci halda göbələk toxumaları zədələməklə özünü parazit kimi, ikinci halda isə saprofit həyat tərzi ilə səciyyələnir. Sünbülləmə və süd yetişmə dövrünün əlverişli iqlim şəraitinə təsadüf etdiyi illər xəstəliyin xeyli güclənməsinə, qara rüşeym simptomunun nəzərə çarpacaq dərəcədə genişlənməsinə səbəb olur. Əkindən cücərtilərin alınmasına qədər dövrdə xəstəliyin yaranma təhlükəsi xüsusən ciddi xarakter alır ki, bu da göbələyin özünün həyat fəaliyyəti vaxtı sintez etdiyi məhsulların təsiri ilə cücərtilərin inkişafını zəiflətmək və inkişafını boğmaq ilə bağlıdır. Odur ki, xəstəliklə mübarizə üsulları ilk növbədə xəbərdarlıq məqsədi ilə onun inkişafının qarşısının alınmasına yönədilməlidir, ancaq əgər xəstəlik artıq baş veribsə, onda toxum materiallarının sağlamlaşdırılmasına istiqamətləndirilməlidir.
Tədqiqatçıların apardıqları təcrübələrlə sübut olunmuşdur ki, qara rüşeym xəstəliyi ilə yoluxmuş bitkilərin ayrı-ayrılıqda məhsuldarlıq elementləri sağlam və digər xəstəliklərə həssas olan bitkilərlə müqayisədə xeyli aşağı olmuşdur.
Xəstəliyin buğda bitkisinin müxtəlif inkişaf fazalarında tədqiqi göstərdi ki, süd yetişmə dövründə tam yetişmə dövrü ilə müqayisədə göbələyin inkişafı və yayılması fəallığı daha aşağıdır.
Buğda və digər taxıl bitkilərinin qara rüşeym xəstəliyi kompleks xarakterə malik xəstəliklərdən sayılır. Toxumların xəstəliyi zamanı cücərtilərin deformasiyası, boz və kül rəngli hava mitselilərin əmələ gəlməsi, ilkin kökcüklərin, kök və gövdə əsasının tündləşməsi, kimi simptomlar müşahidə olunur. Yoluxma zamanı rüşeym hissədə xarakter qara piqmentlər yaranır. Patogenin telləri perikarpa, endosperma və daha çox rüşeymə keçir. Yoluxmuş dənlər çürüyür. Fizioloji cəhətdən onlar tam inkişaf etmir və aşağı səviyyəli enerjiyə malik olurlar ki, nəticədə zəif çıxışlar və cücərtilər verirlər. Bu toxumlardan formalaşan bitkilər inkişafdan qalırlar və kök çürüməsinin yaranmasına səbəb olurlar ki, bu da son nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. A.alternata göbələyi məhv olmuş bitki qalıqlarında inkişaf etmək qabiliyyətinə malikdirlər və çoxlu sayda müxtəlif taksonomik qrupları təmsil edən bitki növlərində parazitlik edirlər. Qara rüşeyim xəstəliyi ilə yoluxmuş dənləri təyin etmək üçün bioloji metoddan istifadə edirlər (əvvəlcə rütubətli kamerada dənlərin cücərtilərini alırlar quruducu kağızlarda analiz etdikdən sonra qida mühütində becərirlər və nəhayət mikroskop altında yoluxmanın simptomlarıni və göbələyiun qurluşunu müəyyənləşdirirlər). Xarici görünüşünə görə zədələnmiş dənin rüşeym hissəsində rəngin dəyişməsi müşahidə olunur. Ancaq qeyd edilən simptomlar heç də həmişə qara rüşeyim əlaməti üçün spesifik olmur.
Rütubətli hava şəraitində buğda bitkisinin yetişmə dövründə xəstəlik daha çox üzə çıxır, bu zaman bitkinin gövdəsi, yarpaqları, sünbülləri və dənləri qara- zeytuni rənglərlə örtülür, nəticədə məhsuldarlıq 10% və daha çox aşağı düşür. Yoluxmuş dənlər çürük qoxusu verir, onların cücərti faizi xeyli azalır.
Xəstəliyə qarşı müxtəlif kompleks tədbirlər planı hazırlanıb həyata keçirilir ki, bunlardan xəbərdarlıq məqsədi ilə aparılan aqrotexniki və xüsusi tədbirləri xüsusi qeyd etmək lazımdır. Bu tədbirlərə ilk növbədə xəstəliyə davamlı sortlardan istifadə edilməsi, toxumçuluğun düzgün təşkili, əkin materiallarının, kənd təsərrüfatı maşınlarının və invertarlarının mütləq zərərsizləşdirilməsi, fungisid və insektisidlərdən vegetasiya dövründə mübarizə üsulları kimi istifadə edilməsi, elmi əsaslarla növbəli əkin prinsipinə riayət etmək, torpaqların yüksək keyfiyyətli işlənməsini təmin etmək, əkinin optimal vaxtda və dərinlikdə aparılması, mineral (fosfor, kalium) və üzvi gübrələrin vaxtında lazımi miqdarda verilməsidir. Xəstəliyin qarşısının alınmasında ən əsas amillərdən biri kimi əkin materialının toxumlarının keyfiyyətini təmin etməkdir. Bu məqsədlə toxumlar qarışıqlardan və alaq otlarından təmizlənir, onlar hava-istilik və günəş vasitəsi ilə qızdırılır. Xəstəliyin məhdudlaşdırılmasında səmərəli tədbirlər arasında kimyəvi və termik üsulları da xüsusi qeyd etmək lazımdır. Termik üsuldan toz sürməyə qarşı da geniş istifadə edilir.
Beləliklə, bütün yuxarıda şərh olunanların təhlili göstərirki müasir dövrdə qara rüşeym xəstəliyinin yaratmış olduğu mənfi fəsadların miqyası heç də digər göbələk xəstəliklərinin yaratdığı problemlərdən az deyil, əksinə, bəzi hallarda, əgər ona qarşı artlq planetar səviyyədə təxirəsalınmaz lazımi tədbirlər görülməzsə onda dünya əhalisi çörək və un məhsulları ilə bağlı yeni təhlükə ilə üzləşəcək
Xülasədə apardığımız müşahidələrin nəticələrinə əsasən qeyd edək ki, son illər bu xəstəliyin Azərbaycanın Abşeron təcrübə sahəsində artım dinamikası qanunauyğun xarakter alır və əgər yuxarıda sadalanan mübarizə tədbirləri başlıca vəzifələr kimi həyata keçirilməzsə, onda respublikada qənaətbəxş məhsul və keyfiyyətli un məhsullarının istehsal olunmasından söhbət belə gedə bilməz.
X Ü L A S Ə
Hazırki məqalə buğda bitkisinin dənində,yoluxdurucusu Altemaria cinsinə mənsub olan göbələklərin(A. аlternata (Fr) Keissler) Helminthosporium sativum (sinonimu. Bipolaris sorokiniana Shoemaker)yaratdığı qara rüşeyim xəstəliyinin neqativ fəsadlarla bağlı mövcud problemlərin araşdırılmasına və onların həlli yollarının və eyni zamanda bu xəstəliyin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı işlərin aparılmasına həsr olunmuşdur.Məqalədə son illər Azərbaycanın taxil becərilən regionlarında bu xəstəliyin ilbəil artım dinamikası göstərilmişdir.
БОЛЕЗНЬ ЧЕРНОГО ЗАРОДЫША ЗЕРНА У ПШЕНИЦЫ – ПРОБЛЕМЫ И ЗАДАЧИ
Азербайджанский Научно – Исследовательский Институт Земледелия
Э.Б. Алиев д.ф.биол.наук, С.К. Гаджиева д.ф. агр. наук, Садигов Ш.Ф. м.н.с.
Р Е З Ю М Е
Настоящая статья посвящена устранению проблем негативных последствий болезни черногозародыша в зерне у пшеницы, вызванной возбудителем грибов A. аlternata (Fr) Keissler) Helminthosporium sativum (sinonimu. Bipolaris sorokiniana Shoemaker, относящихся роду Altemaria., а также проведению необходимых мер борьбыи мероприятиям для ограничения болезни. В статье отмечена динамика увеличения масштаба болезни из года в год в зерно возделываемых регионов Азербайджана.
BLACK POINT DISEASE OF WHEAT SEED — PROBLEMS AND RESPONSIBILITIES
Azerbaijan Science Research Institute of Crop Husbandry
E.B.Aliev Phd of biology, S.K.Gadzhieva Phd of agrarian, Sadigov Sh.F.scientist
S U M M A R Y
This article focuses on troubleshooting the negative effects of the disease of black point in the grain of wheat, caused by fungal pathogen A. alternata (Fr) Keissler) Helminthosporium sativum (sin. Bipolaris sorokiniana Shoemaker, related genus Altemaria., As well as implementing the necessary control measures to limit the activities of the disease . The article noted speaker zoom disease from year to year in the grain cultivated regions of Azerbaijan.

Advertisements