Ağstafada məktəbin qazı yoxdur deyə ağacları qırırlar


getimage-jpg0004Bura Ağstafa rayonunun Saloğlu ilə Muğanlı kəndinin arasında yerləşən meşə zolağıdır.
Olduğumuz ərazidə elektrik mişarının səsi eşidilir, eyni zamanda buradan 100-dən çox kəsilmiş ağacların kötükləri görünür. Bunlar kimlər tərəfindənsə kəsilib.

Əsasən “Akasya“ ağaclarından ibarət olan meşədə hər iki ağacdan biri kəsilib. Meşənin dərinliyinə getdikcə elektrik mühərrikinin səsi də aydın eşidilir.
Çox ləngiməyib, mühərrik səsinə doğru irəlilədik . Bu zaman rastlaşdığımız mənzərə — meşənin tala hissəsində hazır təmizlənmiş ağaclar var.
Meşənin dərinliyinə getdikcə görürük ki, mişarla kəsilmiş 200-dən çox 10-15 metr hündürlüyündə ağaclar yığılıb. Bu, bizim toplam şəkildə gördüyümüz ağacların bir hissəsi idi.
Meşənin dərinliyində səs-küydən uzaq olan ərazidə isə yük maşını və adamlar işləyirdi.
Öyrəndik ki, bunlar Köcvəlili kənd məktəbinin işciləridir, məktəbdə qaz olmadığından qızdırıcı kimi odundan istifadə edirlər. Bu səbəbdən də qış ehtiyatı üçün quru odun toplayırlar.
“Bizim iri ağaclarla işimiz yoxdur, quru odun yığırıq. Kəsilmiş ağaclardan da xəbərimiz yoxdur” – deyə bildirdilər.
Ağacların qırılması ilə bağlı fikir bildirməkdə çətinlik çəkən meşəbəyi məsləhət gördü ki, Ağstafa rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktor müavini ilə əlaqə saxlayaq.
Müəssisənin direktor müavini Anar Aslanov isə telefonla söhbət zamanı qırılan 100-lərlə ağacı oduncaq kimi qələmə verdi: “Bizim qırıntı sahəmiz var, oduncaq tədarük edirik. İndi sovxozlar olmadığı ücün odunu məktəblərə tədarük edirik”.
Onun sözlərinə görə, meşədən kəsilən ağaclar məktəblərin isidilməsi üçün verilir .
Amma direktor müavininin dediyindən fərqli olaraq, bu ağaclar səliqə ilə doğranıb, gövdəsi nəmdir, yandırmaq üçün uyğun deyil.
Ağstafa rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin adını açıqlamaq istəməyən əməkdaşının sözlərinə görə isə ağaclar başqa məqsədlə kəsilir və bu işin arxasında da elə Anar Aslanov dayanır. Onun sözlərinə görə, idarənin rəhbəri başqası olsa da, əsas işi Anar Aslanov görür. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ümumi şöbəsinin müdiri Tamella Mustafayevanın qardaşı oğludur.
Mənbə onu da deyir ki, ağacların kəsilməsi məsələsi diqqət cəlb etdiyindən nazirliyin əməkdaşları əraziyə baxış keçirməyə gəliblər. Lakin yoxlama uzun çəkməyib və proses yenə də öz axarı ilə davam edir.
Meydan TV Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib. Qurumun mətbuat xidmətindən məsələni araşdırıb məlumat veriləcəyi bildirilsə də, heç bir məlumat verilməyib.

Реклама