TƏBIƏTI SEVIB-SEVDIRƏN ALIM


Deyirlər, torpaq insanın anası, hava isə laylasıdır. Çünki biz Ana torpağın qoynunda dünyaya gəlir, onun saf havasını uda-uda, suyunu içə-içə, istisinə qızına-qızına yaşayırıq. Başqa sözlə desək, varlığımızda dörd ünsür birləşərək yaşadır bizi: hava, su, od və torpaq. Əslində biz özümüz də təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik.

Təbiət bizim hamımızın anasıdır. 1931-ci ilin qarlı, çovğunlu bir günündə — dekabrın 25-də bu ananın qoynunda — Kürdəmirin Dəyirmanlı kəndində Teyfur kişinin ocağında bir oğlan uşağı dünyaya gəlir. Adını Qara qoyurlar. Qara — ərəbcədən “böyük” deməkdir. Amma onda bəlkə də Teyfur kişinin heç ağlına belə gəlməzdi ki, Qara böyüyəcək və biologiya sahəsində həqiqətən böyük və etiraf edilən mütəxəssis, Vətənini çox-çox uzaqlarda tanıdan görkəmli alim olacaq.
Şəxsən mənim üçün bu gün təbiət vurğunu Qara Mustafayev haqqında söz demək nə qədər çətin və kədərlidirsə, bir o qədər də asandır. Çətindir ona görə ki, bu söz biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Həsən Əliyev adına Ekologiya mükafatı laureatı, Dövlət Ekologiya kollegiyasının üzvü, Azərbaycan Zooloqlar cəmiyyətinin vitse prezidenti, Zoologiya ixtisası üzrə Müdafiə Şurasının üzvü, Ekoloji ekspert, BDU-nun Böyük Elmi Şurasının, bir neçə başqa Elmi Şuranın və redaksiya heyətlərinin üzvü, 25 il BDU-nun “Onurğalılar zoologiyası” kafedrasının müdiri, 2018-ci ildən isə BDU-nun Fəxri Professoru seçilən bir insan haqqındadır. Kədərlidir ona görə ki, bu söz, seçdiyim sahəni sevdirən 22 illik müəllimim, büdrədikdə yol göstərən ustadım, sözümü güvənərək dediyim sirdaşım haqqındadır. Asandır ona görə ki, 40 illik həyatımın 22 ilini bilavasitə bu insanın yanında keçirmişəm. Hər halına bələd idim. Gündəlik təmasımız olurdu, son illərdə isə səhhəti ilə əlaqədar gündə hətta bir neçə dəfə görüşürdük. Fikirlərini baxışlarından duyurdum. Ara¬mız¬da 47 il yaş fərqi olmasına baxmayaraq, adi söz¬lə izah olu¬na bil¬mə¬yən bir doğ¬ma¬lıq telləri bağlayırdı bizi. Bilmirəm buna dostluq demək olar, ya yox. Amma ona əminəm ki, bəzən heç genetik qohumlar ara¬sın¬da bu qə¬dər bağ¬lı¬lıq ol¬mur bəl¬kə də… Amma bu barədə bir qədər sonra.
Qara Mustafayev həqiqətən Azərbaycanın qənimət alimlərindən idi. Təbiətə vurğunluq onun canında, qanında idi. Dediyinə görə, kiçik yaşlarından ətraf mühitə marağı, təbiəti öyrənmək həvəsi ilə tay-tuşlarından seçilərmiş: “Bir atımız var idi. 8 yaşım olanda atı tövlədən gizlin çıxarıb, Kür qırağı tuqay meşələrə baxmağa çapırdım. Amma nədənsə atam bundan xəbər tutanda qəzəblənib, məni danlamadı, əksinə, başıma sığal çəkdi. Səbəbini indi də bilmirəm. Amma onun bu hərəkəti məni təbiəti öyrənməyimə daha da ruhlandırdı”.
Qara Mustafayev ilk təhsilini Kürdəmir rayon Yenikənd orta məktəbində alıb. 1949-cu ildə Kürdəmir şəhər 1 nömrəli orta məktəbini kamal attestatı ilə başa vuran Qara müəllim o illəri həmişə böyük niskillə xatırlayırdı: “O illər ağır müharibə illəri idi. Müharibə illərindən sonra isə aclıq oldu. Biz 6 baş külfət idik, anam 3 nəfər kimsəsizi də himayəsinə götürmüşdü. Belə bir aclıq vaxtında anam yoğurduğu xəmiri, 9 kündəyə bölürdü. 3 nəfərdən biri giley-güzar edirdi ki, Qaraya iri kündə düşüb. Sonra baxanda gördük ki, həqiqətən anam kündənin irisini mənim üçün qoyubmuş. …Mən dərslərimi otaqda yox, çəmənlikdə oxumağı xoşlayırdım. Çoxlu dərs oxumaqdan, ya da fiziki əməydən yaman yorulurdum. Gəlirdim evə, o yastığa başımı qoyurdum, bu yastığa başımı qoyurdum, yata bilmirdim. Anam evə gələn kimi başımı qoyurdum onun qucağına. Elə yuxuya gedirdim ki, bir də səhər oyanırdım”.
Qara Mustafayev məktəbi bitirən ili qəbul imtahanlarını verib, müsabiqədən keçərək Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olur (müsabiqədən keçənlərin sənədlərini nəzərdən keçirən akademik Abdulla Qarayevin tövsiyəsi ilə).
Qara Mustafayevin çalışqanlığı və bundan qaynaqlanan elmi tədqiqatları tələbəlik dövründən diqqət çəkir və qiymətləndirilir. Belə ki, o, 1950-ci ildə ilk semestri əla qiymətlərlə başa vurduğu üçün Rektorluğun Fəxri Fərmanı ilə təltif olunur. 1953-1954-cü illərdə isə (III-IV kurslarda oxuyarkən) quşların ağacdələnkimilər (Piciformes) dəstəsinin Azərbaycan faunasına daxil olan növləri üzərində apardığı tədqiqatlara əsasən diplom işi yazır və Respublika miqyaslı müsabiqədə I kateqoriyalı diploma layiq görülür.
Bütün qiymətləri “əla” olan Q.Mustafayev 1954-cü ildə Universiteti bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin ildən (hələ tələbə ikən), ali təhsil aldığı “Onurğalılar zoologiyası” kafedrasında baş laborant vəzifəsində işləməyə saxlanılır. O dövrün qaydalarına əsasən, aspiranturaya daxil olmaq istəyən tələbənin bir neçə illik əmək stajı olmalıydı. Lakin Fakültə Elmi Şurası müstəsna hal kimi gənc tədqiqatçının stajı olmadan birbaşa aspiranturaya daxil olmağı üçün qərar verir. Qəbul imtahanlarına buraxılan Qara Mustafayev müsabiqədən keçərək EA Zoologiya İnstitutu nəzdində aspiranturaya qəbul edilir. 1958-ci ilin dekabrında isə aspiranturanı bitirərək həmin institutda kiçik elmi işçi vəzifəsinə işə götürülür.
Q.Mustafayevin namizədlik dissertasiyasının mövzusu Azərbaycanda qarğalar fəsiləsinə (Corvidae) daxil olan sinantrop və kütləvi növlərin ekologiyasının tədqiqi idi. Bu həmin dövr idi ki, SSRİ şəraitində ekoloji mövzuda uğur qazanmaq çox da asan deyildi, çünki, dövrün ideologiyasına görə “ekologiya” bir elm kimi qəbul edilmirdi. Lakin gənc tədqiqatçının ekoloji tədqiqatlara böyük həvəsi onu elmin bu sahəsində daha da inamla işləməyə sövq edir. Gördüyü işlər yenə də təltifsiz qalmır və o, tələbə elmi tədqiqatlarında uğuruna görə Azərbaycan respublikasının ikinci dərəcəli mükafatına layiq görülür. Ümumiyyətlə, Qara Mustafayevin perspektivini duyan müəllimləri Həsən Əliyev, Ənvər Rüstamov, Səttar Əsədov, Abdulla Qarayev, Yusif Əbdürrəhmanov, Kamal Qəmbərov, Abdulla Ələkbərov, Mirəli Axundov; yaxın dostlarından Dəmir Hacıyev, Xudu Məmmədov, Qoşqar Əhmədov, Arif Babayev, Əlihüseyin Quliyev, Müseyib Müseyibov, Zülfüqar Quliyev, Tofiq Mikayılov və başqa görkəmli alimlər onun haqqında yüksək fikirdə olublar.
Q.Mustafayev 1959-cu ilin mayında Azərbaycan EA Zoologiya İnstitutunda “Azərbaycanda quşların Corvidae fəsiləsinə daxil olan kütləvi növlərinin ekologiyası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir və biologiya elmləri namizədi alimlik dərəcəsi alır. 1985-ci ilin dekabrında isə Moskva Dövlət Universitetində “Azərbaycanın quru sahə ekosistemlərinin quşları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülür. Bu hadisə indi kiməsə adi gələ bilər. Amma o dövrdə, Rusiyada, nəhəng alimlərin əhatəsində doktorluq dissertasiyası müdafiə etmək heç də asan məsələ olmayıb. Lakin, Qara Mustafayev Rusiya alimləri arasında böyük hörmətə malik idi. Keçmiş SSRİ-də Ornitologiya, Ekologiya və Zoocoğrafiya sahələrində təşkil edilən bütün forumlarda iştirak etməsi, elmi yenilikləri və mövcud problemləri araşdırmağa çalışması onun bir tədqiqatçı kimi nüfuzunu daha da artırırdı.
Alim ömrü bir başqadır, müəllim ömrü də bir başqa. Amma həyatda bu iki ömrü birləşdirib, vəhdət şəklində yaşaya bilən insanlar da olub və bu gün də var. Bir alim ömrünü yaşamaq naminə gərək bir insan ömrünü girov qoyasan. Alim — həm hərfi mənada, həm də elə böyük anlamda müəllimdir, eyni zamanda öyrətmək eşqiylə daim ürəyini nura döndərən əsl pedaqoq-müəllim də alimdir. Onlar arasında məsafə fərqi azdır. Belə şəxsiyyətlərin elmi irsi xalqımızın milli sərvətidir. Qara Mustafayev də həm alim idi, həm də müəllim.
Pedaqoji fəaliyyətə 1960-cı ildə başlayan Q.Mustafayev müsabiqədən keçərək, ADU-nun “Onurğalılar zoologiyası” kafedrasında baş müəllim vəzifəsinə işə qəbul edilir və ömrünün sonuna qədər həyatını bu təhsil ocağı ilə bağlayır. O, bir müddət “Onurğalılar zoologiyası”, “Zoocoğrafiya”, və “Ornitologiya” fənlərini tədris etsə də, onun rununa yaxın fənn — “Ekologiyanın əsasları” idi. Özü həmin illəri belə xatırlayırdı: “Ekologiyaya çox bağlı idim. Lakin olduqca mürəkkəb bir dövr idi. O vaxtlar dövrün ideologiyasının tələblərinə uyğun olaraq, “ekologiya” sözünü işlətməkdən belə çəkinirdilər. 1970-ci ildə bir dərsliyim çap olundu. Kitab əldən-ələ gəzdi, çünki, başdan-ayağa ekologiya idi. Lakin kitabın adını “Təbiətin qorunması” qoymalı oldum…”.
ADU-da az bir vaxtda böyük uğurlara imza atan Q.Mustafayev bir il sonra-1961-ci ilin noyabrında işlədiyi kafedrada müsabiqədən keçərək, dosent vəzifəsini tutur. Hələ gənc yaşlarından həmkarlar təşkilatı komitəsinin üzvü, kafedra partiya özəyi rəhbəri, fakültə partiya təşkilatının katibi seçilir. 1967-ci ilin fevral ayında Biologiya fakültəsində dekan müavini vəzifəsinə təyin edilir. 1 il sonra- 1968-ci ilin oktyabrında Biologiya fakültəsinin dekanı seçilir. Dekanlıq illərində fakültə Elmi Şurasının sədri olur, sonralar isə -ömrünün sonuna qədər həmin Şuranın daimi üzvü kimi fəaliyyət göstərir. O, həmçinin Biologiya fakültəsində iki il fəaliyyət göstərmiş “Ekologiya və biofizika” ixtisasları üzrə Müdafiə Şurasının təşkilatçısı və sədri olur.
Professor Qara Mustafayev 1992-ci ilin sentyabrından müsabiqədən keçməklə BDU-da “Onurğalılar zoologiyası” kafedrasının müdiri vəzifəsinə seçilir və düz 25 il doğma işi saydığı bu vəzifənin öhdəsindən şərəflə gəlir.
Təkcə Azərbaycanda deyil, bir çox keçmiş sovet respublikalarında yetərincə tanınan təbiət professoru Qara Mustafayevin 60 illik pedaqoji fəaliyyətinin əsas istiqaməti tədrisdə informasiyanın sıxlaşdırılması və inteqrasiya problemininin ön plana çəkilməsi idi. Professor Qara Mustafayev gərgin zəhmət, yuxusuz gecələr bahasına da olsa, nəhayət uzun illərdən bəri axtardığını tapır. Çox çəkmir ki, o, “Ekologiyanın əsasları” kursuna dair müasir tələblərə cavab verə bilən proqram yazmaqla, ekologiyanın tədrisində informasiyanın sıxlaşdırılması yolunda ilk cığır açır. Daha sonra “Ekologiya”nın mahiyyətini 150-dən çox sxemdə yerləşdirir. Rəqəmlər, şərti işarələr və rəsmlərdən ibarət olan hər sxem haqqında Azərbaycan, rus və ingilis dillərində açarlar tərtib edir. Kafedranın əməkdaşı Firuzə Sultanzadə ilə yazdığı “Ekologiya sxemlərdə” adlı orijinal dərs vəsaiti Təhsil Nazirliyi tərəfindən təsdiq edilir və 1998-ci ildə Türkiyənin İstanbul şəhərində nəşr olunur. Bu kitaba görə Qara Mustafayev Beynəlxalq Pedaqoji Akademiyanın akademiki seçilir və Bakı Dövlət Universitetinin mükafatına layiq görülür.
Professor Qara Mustafayev beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirdi. Qara müəllim elm aləmində həm də əksər ölkələrdə keçirilən konqres və simpo¬¬-zium¬¬larda ən çox çıxış edən alim, 20-dən çox yeni elmi konsepsiyanın müəllifi kimi tanınırdı. Onun elmə gətirdiyi yeniliklər bir sıra ölkələrdə (xüsusən keçmiş SSRİ məkanında) beynəlxalq xarakterli forumlarda dinlənib, bəyənilib və çap olunub. Dövrünün bir çox dünya şöhrətli alimləri — Q.Dementyev, N.Qladkov, A.Bannikov, İ.Şilov, B.Flint, V.Sokolov, R.Beme, B.İoqanzen, N.Drozdov və b. Qara Mustafayevin elmi irsinə həmişə müsbət yanaşıblar. Elə keçmiş SSRİ Ornitologiya cəmiyyətinin təsisçilərindən biri olması, Mərkəzi idarə heyətinə üzv seçilməsi və Qafqaz regionuna rəhbərlik etməsi də Qara Mustafayevə hələ o dövrdən verilən yüksək dəyərin bariz nümunəsi idi. O, hətta iki dəfə Rusiya Televiziyasının “В мире животных” proqramı ilə Azərbaycanın təbiətini keçmiş SSRİ miqyasında tanıdıb. Rusiyanın görkəmli alimi, Moskva Dövlət Universitetinin “Biocoğrafiya” kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, hamının “В мире животных” verilişindən yaxşı tanıdığı Nikolay Drozdov hər dəfə Qara Mustafayevlə yaxın dostluğundan söz açaraq belə bir ifadəni işlətməkdən çəkinmirdi: “Qara müəllim bir sıra məsələlərdə məndən öndə olub… O, Rusiyada heç də az tanınmır və məni bəzən moskvalı “Qara” adlandırırlar”.
Qara müəllimin pedaqoji fəaliyyətiin özəlliyi həm də onda idi ki, o, hansı fənni tədris edirdisə, ona dair dərslik və ya dərs vəsaiti yaradırdı (çox xoşbəxtəm ki, son illər bu proseslərdə mən də iştirak edirdim). Onun “Ekoloji hüquq” (1999), “İnsanın ekologiyası” (1999), “Ekologiya” (2001), “Ekologiyanın əsasları” (2004), “Ornitologiya” (2005), “Onurğalılar zoologiyası” (2009), “Onurğalı heyvanların ekologiyası” (2011, 2016), “Quşlar” (2016) və s. kitablarında da informasiyanın sıxlaşdırılması ideyası əsas götürülüb.
Qara müəllimin yazı üslübu milliliyi ilə seçilirdi. Mən, düz 10 ildir ki, Bakı Dövlət Universitetində “Ekologiya”nı tədris edirəm. Hər dəfə də ilk dərsimizdə tələbələrə əsəbiyyat kimi Azərbaycanda son illərdə ekologiya sahəsində nəşr olunan bütün kitabları tövsiyə edirəm. Amma nədənsə tələbələr Qara Mustafayevin müəllifi olduğu dərslikdən istifadəyə üstünlük verirlər. Məncə bunun səbəbi o dərsliyin dilindəki millilikdədir. Belə ki, Qara müəllim ən mürəkkəb elmi fikri də bəzən nağıl kimi, çox oxunaqlı bir dildə çatdırırdı oxucuya. Bəzən 1 ildə onun 1 deyil, bir neçə dərsliyi, monoqrafiyası işıq üzü görərdi. Və o, bu zəhmətdən ancaq zövq alardı (beləliklə, ətrafında olanları da yaradıcılığa sövq edərdi). Qürur duyuram ki, bir neçə kitabda bu insanın adının yanında mənim də adım var. Belə ki, son 12 ildə bizim birgə fəaliyyətimizin nəticəsi 8 kitabda (1 lüğət, 2 monoqrafiya, 2 dərslik, və 3 publisistik kitab) yer almışdı. Sonuncu “Təbiətin sirləri — 2” adlı kitabın üzərində iş gedərkən, amansız fələk Qara müəllimi aldı əlimizdən. Lakin, kitabın hazırlığını yekunlaşdıraraq Qara müəllimin 40 mərasimi ərəfəsində təqdim edə bildim dəyərli oxuculara.
Bütün bunlarla yanaşı, Qara müəllim publisistika sahəsiylə də, ictimai işlərlə də məşğul olmağa vaxt tapırdı. Onun belə bir fikri vardı: “Mən cəmiyyətdə inkişafıma görə iki müqəddəs ocağa borcluyam: BDU və AzTV-yə. Bunların hər ikisi özünün əməkdaşlarını xalq ilə əlaqəli yaşadır, onlar öyrənir və öyrədirlər. İnsan üçün bundan böyük və xoşbəxtlik ola bilməz”. O, Azərbaycan Televiziyasında 22 il mərhum professor Mirəli Axundovla “Təbiəti sevənlər”, son illər isə dosent Əbülfəz Tağıyevlə birlikdə “Azərbaycan təbiəti” verilişlərinin yaradıcısı və aparıcısı olub. Əbülfəz müəllimin xatirəsinə görə: “Bir dəfə Türyançay Dövlət Təbiət Qoruğunda çəkiliş zamanı at büdrədi, araba aşdı və biz islandıq. Qara müəllim elə islanmış vəziyyətini bildirməyərək, axşama qədər çəkilişi dayandırmadı. Yalnız axşam qonaq evində bildirdi ki, “paltarım suyun içindədir””.
Professor Qara Mustafayevin zəkasından, iti təfəkküründən, əhatəli biliyindən və fədakar əməyindən yaranan monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və məqalələr 1000-a yaxın nəşrdə öz əksini tap¬ıb (65 monoqrafiya, dərslik və dərs vəsaiti, 50-dən artıq tədris proqramı və metodik vəsait, 9 elmi-kütləvi kitab, 400-ə qədər elmi məqalə, təbiətə dair 500-dən çox dövri mətbuat məqaləsi, 5 telefilmin ssenarisi, 50-yə qədər əsərin redaktorluğu).
Şəxsən özü 3 elmlər doktoru, 17 elmlər namizədi, 30-dan artıq magistr yetişdirmişdi. 10-larla namizədlik və ya doktorluq işlərinin opponenti və ya rəyçisi olmuşdu. Yetişdirdiyi kadrlar sırasında Azərbaycan, Gürcüstan, Yəmən Ərəb və İran İslam Respublikasının nümayəndələri də var.
Professor Qara Mustafayev ədəbiyyatçı olmasa da, ədəbiyyatı, folologiyanı çox sevirdi. Dilimizdə (xüsusən, bioloji dilimizdə) olan qüsur və çatışmazlıqlar onu “Milli dilimiz” kitabını yazmağa vadar etmişdi.
Professor Qara Mustafayevin timsalında bioloq, zooloq, ekoloq, tədqiqatçı-alim, müəllim, publisist və ictimaiyyətçi mövqeyi bir-birlərini tamamlayırdı. Əbəs deyil ki, bu illər boyu Azərbaycanın bir çox görkəmli ziyalıları, söz-sənət adamları, akademiklər — Fuad Qasımzadə, Tofiq Hacıyev, Bəkir Nəbiyev, Ağamusa Axundov, Vasim Məmmədəliyev, Yaqub Mahmudov, Vasif Babazadə, Abel Məhərrəmov, Tariyel Talıbov, Urxan Ələkbərov, İradə Hüseynova, müxbir üzvlər — Azad Nəbiyev, Aydın Kazımzadə, Elşad Qurbanov, professorlar İradə Əliyeva, Hökümə Quliyeva, İfrat Əliyeva, Məlahət Qurbanova, Nərminə Sadıqova, Abuzər Xələfov, Əyyub Əzizov, İzzət Rüstəmov, İsmayıl Əliyev, Ağavəli İbrahimov, Teymur Əhmədov, Vidadi Xəlilov, Ziyəddin Məmmədov, Xanlar Abdullayev, Əziz Məmmədov, Şövqi Göyçaylı, Məcnun Babayev, Sani Axundov, Akif Quliyev, Canbaxış Nəcəfov, Vilayət Abdiyev, Nazim Şəmilov, Anar İskəndərov, Abbas Abbasov, Rauf Hacıyev, Məhərrəm Qasımlı, Rövşən Xəlilov, Xudaverdi Qənbərov, Eldar Rüstəmov, xalq şairləri — Rəsul Rza, Nəbi Xəzri, Nəriman Həsənzadə, şairlər — İlyas Tapdıq, Hikmət Mahmud, Oqtay Rza, Vüqar Əhməd, xalq artistləri Şəfiqə Axundova, Yaşar Nuri, Canəli Əkbərov, Kamil Cəlilov, Yalçın Rzazadə, Eldost Bayram, Zamiq Əliyev, Mirnazim Əsədullayev, Şamil Süleymanlı, İradə Ələkbərqızı, Gövhər Rzayeva, Gülyaz və Gülyanaq Məmmədovalar, jurnalistlər – Şərəf Cəlilli, Dilarə Quliyeva, Telli Pənahqızı, Tofiq Abdullayev, Rövşən Ramazanlı, Mirşahin Ağayev, Əlirza Xələfli, Yusif Dirili, Lamiyə Ələkbərqızı, Nəcibə Əlixanova, Azad Ağarəzioğlu, Şəlalə Əlibəyli, Böyükağa Mikayıllı, Pərvanə İbrahimova, Anzulə Əmirova, Solmaz Babaşova, Şəlalə Məhyəddinqızı, Eldar Savalan, Səyyarə Səyyaf, Şəmsiyə Əlizadə, Ötərxan Eltac, Elgiz Əkbər, Vüsalə Vəliyeva, Könül Rasimqızı, Tural Quluzadə, Alim Nəbioğlu və b. özlərinin rəylərində, yazılı və ya şifahi çıxışlarında, tele-radio müsahibələrində, verilişlərində Qara Mustafayev yaradıcılığını çox yüksək səviyyədə və orjinal üslubda dəyərləndiriblər.
Qara müəllim böyük olduğu qədər sadə və səmimi insan idi. Belə bir insan haqqında söz demək missiyasının ağırlığını çiynimdə hiss edərkən fikrimdə ilk dolaşan – “onu nə vaxtdan tanımışam?” sualı oldu. Lakin suala cavab tapa bilmədim. Çünki, mən Qara müəllimi ilk dəfə nə zaman görmüşəm, tanımışam, yadıma gəlmir. Lakin ağlım kəsəndən evimiz¬də bu insa¬nın adını eşidirdim. Belə ki, xalam, bütün ömrünü Biologiya fakültəsinə bağlayan dosent Mələk xanım Qasımzadə iş yoldaşları, həmkarları haqqında danışanda Qara müəllimin adını xüsusi çəkər və haqqında yalnız xoş sözlər söyləyərdi. Onun həyat yoldaşı, akademik Fuad Qasımzadə də Qara müəllimə sonsuz hörmətlə yanaşardı. Ona görə bu insana qarşı bizim evdə xüsusi bir ehtiram, rəğbət vardı. Onun Azərbaycan Televiziyası ilə «Təbiəti sevənlər» proqramını da ilk dəfə nə vaxt izləmişəm, o da yadıma gəlmir. Çünki onda da kiçik yaşlarda olmuşam yəqin. Bəlkə heç məktəbə də getmirdim. Amma etiraf edim ki, ekologiyaya, təbiətə, ətraf mühitə sevgi və bağlılığımın yaranmasında bir yandan nənəmin, bir yandan da Qara müəllimin o verilişinin böyük təsiri olub.
İllər keçdi… Taleyimə Bakı Dövlət Universitetinin Biologiya Fakültəsində təhsil almaq səadəti yazıldı. Çox güclü pedaqoqlardan dərs aldım. Çox müəllimlərim seçdiyim sahəni və müəllimliyi mənə daha da sevdirdilər. Lakin hələ 2-ci kursda oxuyarkən (1996-cı il¬də) Qara müəllimin “Ekologiya” fənnindən oxudugu mühazirələr heç vaxt yadımdan çıxan deyil. Onun dərsləri o qədər maraqlı keçirdi ki, hətta zəngin vurulmasını belə hiss etmirdik. Yaxşı yadımdadır, imtahanda bileti çəkdim, amma hazırlaşmadan cavab vermək istəyim Qara müəllimi diqqətini çəkdi. Mən biletdəki bütün sualları cavablandırdım. Qara müəllim ekosistemin strukturu barədə əlavə suallar verdi. Cavab verdim. Əlavə 2 sual da verdi. Deyəsən cavablarım onu razı salmışdı. Etiraf edim ki, ətraf mühiti dərk etməyimin, sonradan məhz həmin sahəni seçməyimin, taleyimi ekologiyaya bağlamağımın, bir sözlə özümü ruhən və qəlbən ekoloq hesab etməyimin də əsas səbəbi Qara müəllimin illər öncə mühazirələri ilə bu sahəni mənə daha da sevdirməsi oldu. Belə ki, universiteti bakalavr və magistratura səviyyələri üzrə fərqlənmə diplomları ilə bitirdikdən sonra elə Qara müəllimin tövsiyəsi ilə “Ekologiya” ixtisası üzrə aspiranturaya daxil oldum. Elmi rəhbərim də özü oldu. İllər sonra doktoranturaya da onun tövsiyəsi ilə daxil oldum. İki elmi məsləhətçimdən biri yenə Qara müəllim özü oldu. Onun ən bəyuk istəyi məni kafedrada müəllim görmək idi. Çox şükürlər olsun ki, rəhbərliyin etimadı sayəsində mən BDU-nun müəllimi oldum. O vaxtdan biz müəllim-tələbə kimi deyil, bir həmkar kimi çiyin-çiyinə fəaliyyət göstərməyə başladıq.
Bizim öyrəndiyimiz obyektlər (quru onurğalıları) çöldə olduqlarından, tədqiqatlarımız yalnız çöl şəraitində olmalıdır. Bu illər boyu tədqqiqat məqsədi ilə Qara müəllimlə doğma Azərbaycanımızı qarış-qarış gəzdik. Hara gedirdiksə bağlı qapılar üzümüzə taybatay açılırdı. Çünki, Qara müəllimin elmi dairələrdə olduğu kimi sadə insanlar arasında da böyük hörməti var idi. Onu hamı sevirdi. Hətta şəxsi tanışlığı olmayanlar belə, onu görəndə özlərini sanki ən doğma adamını görmüş kimi hiss edirdilər. Çünki, o bir nümunə idi  səsiylə, sözüylə, təbiəti sevməyin və təbiəti sevdirməyin nümunəsi idi.
Bəli, Qara müəllim doğma Azərbaycanı çox sevirdi. Vətənin hər gülünü, otunu, çiçəyini, bir sözlə təbiətini canından artıq sevirdi, sevdiyi qədər də qorumağa və tanıtmağa çalışırdı. O, həmişə deyirdi ki: “Azərbaycan Respublikası müstəqil dövlət olduqdan sonra mənəvi azadlığımız qol-qanad açdı; indi həyatımızı istədiyimiz kimi qurmaq ixtiyarımız var; gələcəyə indiki inam daha çox müqəddəs niyyətlərə xidmət edir. Kaş tezliklə hamı dərk edəydi ki, bəşəriyyətin gələcək xoşbəxtliyi bütün millətlərin tərəqqisini tələb edir”.
Qara Mustafayevi son vaxtlar ən çox narahat edən dünyanın ekoloji vəziyyəti, ətraf mühitə edilən antropogen təsir idi. Cahanın da müqəddəratına biganə deyildi. Bu baxımdan onun belə bir müqayisəsi vardı: “Orqanizmin hər hansı bir üzvü tələf olanda, həmin orqanizmin yaşama bacarığı zəifləyir. Cahan da bütöv bir orqanizm kimidir. Onun bir milləti zəifləsə və ya yox olsa, inkişaf yolları daralır”.
Qara müəllim Azərbaycan xalqının bəxtinə düşən misilsiz istedad sahiblərindən idi. O, böyüdüyü və alim kimi formalaşdığı XX əsrin 50 ilində necə əzmlə çalışmışdısa, XXI əsrin ilk 18 ilində də eyni məhsuldarlıq, fədakarlıqla çalışırdı. Təsadüfi deyil ki, onun elmi, pedaqoji və ictimai fəaliyyəti çoxlu medal və fəxri adlarla qiymətləndirilib. Elmdəki xidmətlərinə görə o, müxtəlif illərdə “İlin adamı” və bu kimi mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdu. 2018-ci ildə isə Qara Mustafayev Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının qərarı ilə Universitetin Fəxri Professoru seçilir. Bütün bunlar Qara müəllimin əməyinə, yaradıcılığına verilən dəyərin, hörmət və ehtiramın ifadəsi idi.
Mən Qara müəllimlə təmasda olduğum bu 22 ili göz önümdən keçirəndə və düşünündə ki, bu insandan öyrəndiyim nələr olub?

Cavabım belə olur: 1) Çalışqanlıq, zəhmətsevərlik. Çünki, onun özünün də hər zaman dediyi bir fikir vardı: “Mən Qaranı Qara Mustafayev edən zəhmətsevərliyim olub”;

2) Məsuliyyət. Hamı bilir ki, Qara müəllim çox məsuliyyətli insan idi. Canına qıyar, gecəni yatmaz, amma bu gün yazılması gərək olan işi sabaha təxirə salmazdı;

3) Sonluğunun necə olacağından asılı olmayaraq görəcəyi işə həvəslə başlamaq;

4) Hərənin öz dili ilə danışmaq, uşaqla – uşaq, böyüklə — böyük olmaq bacarığı. O, münaqişələri heç xoşlamazdı. Hər hansı bir gərginlik yaranardısa, dərhal çıxış yolu tapmağı bacarırdı. Və bütün bu keyfiyyətlərdən ucada duran – xetirxahlıq. Mən onu tanıyandan, onu yalnız insanlar kömək edən gördüm. Bu yaxşılığı bilənlər də oldu, bilməyənlər də… Amma Qara müəllim xeyirxahlığından heç vaxt qalmadı ki, qalmadı.
V.Spinozanın belə bir kəlamı var: “Azad, yaradıcı insan ölüm qədər heç bir şey haqqında o qədər də az fikirləşmir. Onun müdrikliyi ölüm haqqında deyil, həyat haqqında düşünməsindədir”. Qara müəllim son vaxtlar ölümü çox düşünürdü. Ölümdən qorxmurdu, qorxduğu sadəcə işlərinin yarımçıq qalması təhlükəsi idi. O, ölümdən qorxmazdı da. Çünki, olduqca möhkəm və iradəli insan idi. Baxmayaraq ki, 2011-ci ildə illərlə əziyyətini çəkən həyat yoldaşı Sima xanımın dünyasını dəyişməsi ona çox pis təsir etmişdi. Heç kəs onun üçün uzun illər bir yerdə yaşadığı vəfalı ömür-gün yoldaşını əvəz edə bilmirdi, bilməzdi də. Amma o, yenə də dözdü və taleyin bu sınağı da onu sındıra bilmədi. Çünki, o həqiqətən möhkəm və iradəli insan idi. Onun ürəyində narahatçılıq olmasaydı, bəlkə də 100 il yaşayardı. Çünki, çox böyük həyat eşqinə malik idi Qara müəllim. Həyat eşqi onu son anına qədər tərk etmədi. Və şəxsən mən onu itirməklə sadəcə bir müəllimimi itirmədim, bu həyatda kürəyimi söykəyəcəyim bir insanı itirdim… (bunları yazmaq neçə çətindir…).
Mən böyük alim, böyük insan və böyük pedaqoq, xatirimdə saf insan kimi qalan unudulmaz ustadım Qara Mustafayev haqqında çox söz deyə bilərəm. Lakin o, hər zaman informasiyanın sıxlaşdırılmasının tərəfdarı olub. Bu baxımdan hesab edirəm ki, sözlərimi onun ruhuna bağışladığım şeir parçasıyla tamamlasam daha yerinə dü-şər:
Bir alim tanıyırdım,
Təbiətin gərəyi,
Halallıqla yeyərdi,
O, yediyi çörəyi.
Təbiətlə vurardı,
Sinəsində ürəyi,
Təbiət nəğməsiydi
Bizim QARA müəllim!!!

Hər dəfə iz qoyardı,
Dərələrdə, dağlarda,
Dolaşardı Vətəni,
O, soyuqda, o, qarda.
Küləkdən də qorxmazdı,
Gəzərdi gilavarda,
Çöllərin xəzrisiydi,
Bizim QARA müəllim!!!

Təbiətin sirlərin,
O, hamıya açardı,
Onu görən ovçular,
Əldə tüfəng qaçardı.
Günəş də üfüqlərdən,
Yoluna nur saçardı,
Tanrı möcüzəsiydi,
Bizim QARA müəllim!!!

Zəhmətiylə qazandı,
Gənc yaşlardan şöhrəti,
Özü qədər hamıya,
Sevdirdi təbiəti.
Xalqımız da bəslədi,
Ona böyük hörməti,
Elin imdad səsiydi,
Bizim QARA müəllim!!!

Mən düşünürəm ki, illər keçəcək, zaman hələ çox biologiya elmləri dok¬tor¬ları, professorlar, alimlər yetişdirəcək. Amma QARA MÜSTAFAYEVdən bir də olmayacaq. Çünki, o TƏK idi – sözüylə, səsiylə, təbiəti sevib-sevdirmək həvəsi ilə.
Ruhun şad olsun, USTAD!!!
Yerin hələ çox görünəcək…

Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin,
Türkiyə Elm və Ədəbiyyat Əsəri
Sahibləri Məslək Birliyinin üzvü