HƏR ZAMANIN QÜDRƏTLİ TƏBƏTŞÜNASI KİMİ XATIRLANACAQ


QARA MUSTAFAYEV – 87
Bu gün Böyük təbiətşünas alim, görkəmli elm fədaisi, Bakı Dövlət Universitetinin kafedra müdiri və Fəxri Professoru, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvi, “ŞÖHRƏT” ordenli Qara Teyfur oğlu Mustafayevin… yaşasaydı 87 yaşı tamam olacaqdı. Bizimlə Onu cəmi 88 gün ayırır. Az qala 3 aya yaxındır ki, aramızda yoxdur.

Fəqət xalqına, dövlətinə, Azərbaycan elminə misilsiz xidmətləri ilə əbədi olaraq təkcə təbiətsevərlərin və təbiətşünasların deyil, hər kəsin – Onun, Sənin, Mənim… sadəcə, Bizim, şəksiz Hamımızın Qara müəllimi olan bu böyük şəxsiyyətin, gerçəkdən bir elm fədaisinin, təbiət aşıqının doğum günüdür dekabrın 25-i. Cari ildən başlayaraq, Qara müəllimi özü olmadan anacaq, şirinliklə xatırlayacağıq. Onun elmə verdiyi töhfələr, Ana Təbiətin stabilliyi, qorunması, gələcək nəsillərə olduğu təki ötürülməsi sahəsində məqsədyönlü fəaliyyəti zaman-zaman deyiləcək, örnək gətiriləcəkdir. Bəlkə buna görədir ki, yetirmələri, əməkdaşları, tanınmış elm adamları onun haqqında ürəkdolusu, səmimi etiraflarla danışmaqdan doymurlar.
Zəruri qeyd: Professor Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olmuş, 1954-cü ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə elmlər namizədi, 1985 — ci ildə elmlər doktoru alimlik dərəcələrini, daha sonra professor elmi adını almışdır. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda işləmiş, 1960-cı ildən isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərməyə başlamışdır. Bu elm və təhsil ocağında baş müəllim, dosent, dekan müavini, dekan vəzifələrində çalışmış, 1992-ci ildən BDU-da “Onurğalılar zoologiyası və bioekologiya” (hazırda “Onurğalılar zoologiyası”) kafedrasının müdiri olmuşdur. Elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunan Qara müəllim çoxlu sayda elmi və tədris-metodiki işin, yüzlərlə məqalə, onlarla monoqrafiya, dərslik və dərs vəsaitlərinin, telefilmlərin müəllifi kimi tanınırdı. Bu müddət ərzində 10-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirmiş, 18 yeni elmi konsepsiya irəli sürmüşdü. 20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və Respublika səviyyəli konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edən Qara müəlim bir sıra beynəlxalq və dövlət əhəmiyyətli proqram və layihələrdə də uğurla iştirak etmişdir.
Müasir Azərbaycan ekologiyasının öyrənilməsində professor Qara Mustafayevin müstəsna xidmətləri olmuşdur. O, konkret ərazidə və ya landşaftda müəyyən sahə vahidinə düşən quşları saymaqla Azərbaycanın ekologiyasına ilk dəfə obyektiv metod gətirdi, konkret təbii rayonun heyvanlar aləmini səciyyələndirmək üçün “Ornitofaunanın keyfiyyət və kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili” konsepsiyasını irəli sürdü. Eyni zamanda Q.Mustafayev Azərbaycanın ekoloji rayonlaşdırılmasını aparmaqla “Bioloji rayonlaşdırmanın prinsipləri” konsepsiyasıni yaratdı. Alim tərəfindən antropogen faktorların quşlara təsiri hərtərəfli tədqiq edildikdən sonra onların keyfiyyəti və kəmiyyətilə yaşama yerinin antropogen təkamülü arasında əlaqələr açılmış, “Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen təkamülü arasında paralelizm” adlı orjinal bir konsepsiya yaranmışdır. Onun bu ideyası heyvanların yaşama yerinin antropogen transformasiyasının onlara təsirini düzgün proqnozlaşdırmaq üçün praktik əhəmiyyət kəsb edir.
Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Q.T.Mustafayev sinekoloji tədqiqatlar nəticəsində “Biotik əlaqələrin üçbucaqlı-qoşaxətli forması” adlı ekoloji qanun kəşf etmiş və bu qanunun tərkib hissəsi kimi “Quru sahə heyvanlrının obyektiv qida xarakteri şkalası”nı, heyvanların sinantroplaşma prosesinin mərhələlərini müəyyən etməkdən ötrü ilk dəfə “Sinantroplaşma şkalası”nı yaratmağa nail olmuşdur. Yeri gəlmişkən, Q.T.Mustafayevin insanın ekologiyası ilə əlaqədar “Sivilləşmənin pozitiv və neqativ göstəriciləri” adlı yeni konsepsiyası hər kəsin özünü düzgün dərk etməsinə yönəldildilib.
Qara müəllimin Azərbaycanda ekologiyanın kütləviləşməsi istiqamətində gördüyü işlər misilsizdir. Xüsusilə, yaşlı və orta yaşlı nəslin məmnunluqla xatırladığı “Təbiətsevənlər” verilişi (mərhum professor Mirəli Axundovla birgə) onun ən böyük uğurlarından biridir. O, bu fəaliyyətini sonralar da yetirmələri və əməkdaşları ilə birlikdə, yaxud fərdi şəkildə, həm televizya verilişlərində, həm də mətbuat səhifələrində davam etdirmişdir. Ekologiyanın digər elmlərə inteqrasiyası onu daha çox düşündürən problemlərdən idi. Alimin ekologiyadan öncəki “ekologiya” ilə bağlı apardığı tədqiqatlar isə ölkəmizdə əhalinin ən qədim dövrlərdən indiyədək ətraf mühitə münasibətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. O, şübhəsiz, bir vətəndaş alim kimi hər iki sahədə davamçılarını yetirməklə də ekologiya elminə öz böyük töhfəsini vermiş oldu.
Ruhunuz Var Olsun, USTAD!
Doğum Gününüz MÜBARƏK!

Ruhuna Sayğılarımla: Yusif DİRİLİ

QARA MÜƏLLİMDƏN AFORİZMLƏR

Təbiətə gəzib-yörulub çəmənlikdə dincəlmək qədər şirin istirahət tapmaq çətindir.
Təbiəti oxumaq kitab oxumaq deyilmiş.
Körpə uşaq qoxusunun zəriflik zirvəsi hamını insanığa səsləyir
Gülü qəbbul etmək asan, onu qəbul etmək çətindir
70 illik yubiley daha çox işləməyə səsləyir.
80 yaşın hesabatı vaxt büdcəsindən daha çox səmərəli istifadə tələb edir.
Təbiəti öyrənən eyni zamanda özünü öyrənmiş olur.
Dərslik yazmaq hər cümlənin müzakirəsini tələb edir.
İnsan yaşlandıqca çoxdüşünür.
Nadir heyvanlara kömək etmək yeni bilik və bacarıqdan asılıdır.
Yaşlı insanın təbiətdə elmi axtarışı köməksiz çətindir.
Orta məktəbin fəxri professoru diplomu ali məktəbin eyni mükafatına bərabərdir.
Şöhrət sahibi olmaq məsuliyyətdir.
Elm üçün işləyib, xalq üçün yaşamaq istəyirəm.
* Xalqa xidmət etməyən elm — cəfəngiyyatdır!

QARADIR (mənaca böyük deməkdir)

Ərənlər yetirib Şirvan torpağı,
Bu şöhrətə şərəf qatan qaradır.
Əqli, zəkasıyla zirvə başında,
Çoxdan öz yerini tutan, Qaradır

Cəmiyyəti cahilliyə güldürən,
Təbiəti sevməyənə sevdirən,
Sxemlərdə ekologiya bildirən,
Qoyduğu məqsədə çatan, Qaradır

Əməli bütövdür, sözü bütövdür,
Çox yerə bölünmür, üzü bütövdür
Çünki təməlindən özü bütövdür,
Saf bir kök üstündə bitən, Qaradır

Əyilməyb nə dövlətə, nə vara
Arxalanıb əqidəli dostlara,
Mənliyini çıxarmayıb bazara,
Mərdlərin dadına yetən, Qaradır

Sınmayıb zamanın sərt havasında,
Dayanıb gəncliyin astanasında,
Ömrün yetmişində elm dəryasında,
Ləyaqətlə lövbər atan, Qaradır

Göyçəgöləm düşünmüşəm dərindən,
Deməmişəm düşsə söz kəsərindən,
İllərlə yazdığı əsərlərindən,
Çox zülmətə işıq tutan qaradır.

Əli GÖYÇƏLI
18 dekabr 2001-ci il

TƏBİƏT ARXAYIN OLSUN!

Sevimli müəllimim, gözəl alim və pedaqoq, alicənab insan, elmi işlərimə qayğıkeşliklə rəhbərlik edən, çox hörmətli professor Qara Mustafayevin 70 yaşına ithaf olunur.

Bəşərin dağıdan vaxtına düşüb,
Durulmur səhərin ovqatı bir az.
Yaratmaq, yaşatmaq bəxtinə düşüb,
İdraklı, inamlı insan yorulmaz.

Təbiət versə də gücü, qüdrəti,
Təbiət qayğısın çəkən olmayıb.
Hamı yıxan olub, uçuran olub,
Bir ağac basdıran, əkən olmayıb.

İndisə car çəkir, haray salırıq:
“Ay aman, bu mühit çirklənib gedir”.
Guya ki, ayılıb qeydə qalırıq,
“ Təbiət məhv olub, tükənib gedir”…

Təbiət qorunmaz, yoxsa duyanı,
Qoruğa çevirsək dörd yanı belə.
Güneydə kəkliyi, düzdə ceyranı,
Meşədə maralı demirəm hələ.

Bəs kimdir günahkar; bizmi, zamanmı,
Baş-ayaq yazılan dərsliklər yoxsa?
Qurtuluş yolu var alim yazanı,
Alimtək öyrədib sevdirən olsa!

Zamanın bağrından sıyrılsan da sən,
Zamandan irəli yürüyə bildin.
Dolaşdı hər evi “Təbiətsevən”,
Azəri yurdunu bürüyə bildin.

Bax, sevir fəhlə də, alim də səni,
Dilində şirinlik, təbiilik var.
Gələcək xətrinə atıb dünəni,
Nadandır keçmişin topa tutanlar.

Minlərlə tələbə vüqarla, şəstlə
Bir qürur duyurlar söz açıb Sizdən.
Adınız çəkilir böyük izzətlə —
Baxıb öyrənirlər əməlinizdən.

Düşündü xəyalın, yaratdı əlin.
Hər izin aləmdə yeni çığırdı.
Örnəkdir hər işin, hər bir əməlin,
Gələn nəsilləri elmə çağırdı.

Yusif DİRİLİ
Keçmiş tələbəniz, hazırkı həmkarınız
Bakı, 25 dekabr 2001-ci il.

USTADA

Həyatımın ən ağır, keşməkeşli anına təsadüf edən aspirantlıq dövrümdə elmi rəhbərim olmaqla, mənə indiyədək dayaq, sirdaş olan, hər zaman düz yol görsədən əziz ustadım, görkəmli təbiətşünas alim, professor Qara Teyfur oğlu Mustafayevə ithaf edirəm.

Qızmar Kürdəmirdə gəlib dünyaya,
Vətən torpağında məskən salıbdır.
Heyran olub doğan Günəşə, Aya,
Ana təbiətdən ilham alıbdır.

Acılı-şirinli günlər içində,
Tədqiqat aparıb yorulanadək.
Quraqlıq iqlimdə, güllər içində,
Bir quşun səsiylə sevinib ürək.

Elmə qədəmini qoyandan bəri,
Dünyanı dolaşıb şöhrəti, şanı.
Beləcə yaranıb alimin
Təbiətlə bağlı ömür dastanı.

Xoşlayıb hər sözü yerində desin
Heç nəyə səbəbsiz toxunan deyil.
Neçə ekoloji qanun kəşf etsin,
Yenə də özünü o, öyən deyil.

Kimlərsə kimisə gözdən salanda
Ona əl uzadıb, dayaq olubdur.
Neçə kimsəzin ömür yolunda
Şöləsi nur saçan çıraq olubdur.

Vəsiqə veribdir nə qədər gəncə,
Həyat vəsiqəsi — insanlıq üçün…
Bütün peşəlrdən müqəddəs, öncə,
Alimlik adını daşımaq üçün.

Bu sırada mən də, dostlar da varıq,
Bəzimiz doğruldub bu etimadı.
Bəzimiz hələ də doğrultmalıyıq,
Müəllim sayılan şərəfli adı.

O, çoxuna ustad — alim olubdur
Bizi yetişdirib bir insan kimi.
Anaram Tanrıdan diləyim budur,
Xalqa çox görməsin böyük alimi!

Yetirməsi Anar MƏMMƏDOV
15 noyabr 2008-ci il

HƏYATDA SİLİNMƏZ İZİ VARDIR

(Əziz müəllimim professor Qara Mustafayevə həsr edirəm)

Həyatımız bir sınaqdır…
Bu həyatda biri vardır,
Adı Qara, yəni böyük,
Alnıaçıq, üzüağdır.

Söylədiyi hər kəlməsi,
Düşündürür hər bir kəsi
Dəyərlidir fikirləri,
Fəlsəfədir düşüncəsi.

Hər sözndə məna vardır,
Hər kəlməsi bir dühadır.
Vətən oğlu vətəndaşdır,
Bayrağını ucaldıbdır.

O, böyük bir şəxsiyyətdir,
Vətən üçün bir töhfədir.
Onun yolu müqəddəsdir,
Çünki alimdir, zirvədir.

Sevgi (Sevinc RƏCƏBOVA)
BDU-nun biologiya faültəsi, IV kurs tələbəsi
30.01.2009

HƏR KƏLMƏSI NUR, IŞIQ

Çox az tapılar yəqin,
Onun təki düz olsun.
Bu saflıqla, biliklə,
Gecəsi gündüz olsun.

Onun təki varmı heç
Ömrü elmə yaraşıq.
Yazdığı, yaratdığı
Hər kəlməsi nur, işıq.

Əməli-sözü qoşa
Onun kimi azdır, az.
Elm yolunda bu qədər,
Belə fədakar olmaz.

Hər cücünün, hər quşun
Məhəbbəti canında.
Onunçün də xətri var,
Yaradanın yanında.

Təmənnasız, qayğıkeş
Halal insandır — təmiz.
Təbiətin dostudur,
Xalqına doğma, əziz.

Çöhrəsindən nur yağır,
Gözlərindən təbəssüm.
Qəlbinin böyüklüyü
Yerdən- göyəcən bəsim!

Yusif DİRİLİ
25 dekabr 2016-cı il

BIZIM QARA MÜƏLLIM!!!

Bir alim tanıyırdım,
Təbiətin gərəyi,
Halallıqla yeyərdi,
O, yediyi çörəyi.

Təbiətlə vurardı,
Sinəsində ürəyi,
Təbiət nəğməsiydi
Bizim QARA müəllim!!!

Hər dəfə iz qoyardı,
Dərələrdə, dağlarda,
Dolaşardı Vətəni,
O, soyuqda, o, qarda.

Küləkdən də qorxmazdı,
Gəzərdi gilavarda,
Çöllərin xəzrisiydi,
Bizim QARA müəllim!!!

Təbiətin sirlərin,
O, hamıya açardı,
Onu görən ovçular,
Əldə tüfəng qaçardı.

Günəş də üfüqlərdən,
Yoluna nur saçardı,
Tanrı möcüzəsiydi,
Bizim QARA müəllim!!!

Zəhmətiylə qazandı,
Gənc yaşlardan şöhrəti,
Özü qədər hamıya,
Sevdirdi təbiəti.

Xalqımız da bəslədi,
Ona böyük hörməti,
Elin imdad səsiydi,
Bizim QARA müəllim!!!

Mən düşünürəm ki, illər keçəcək, zaman hələ çox biologiya elmləri doktorları, professorlar, alimlər yetişdirəcək. Amma QARA MÜSTAFAYEVdən bir də olmayacaq. Çünki, o TƏK idi – sözüylə, səsiylə, təbiəti sevib-sevdirmək həvəsi ilə.
Ruhun şad olsun, USTAD!!!
Yerin hələ çox görünəcək…

Anar MƏMMƏDOV
Bakı Dövlət Universitetinin dosenti, və Jurnalistlər Birliklərinin,
Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü
Bakı, 2018-ci il