GMO məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, təbiət üçün qorxunc təhlükədir


Jalə Əhmədova: “Bu məhsullar milli genefondumuzu dağıtmağa, ölkəmizi qlobal transmilli şirkətlərdən tam asılı vəziyətə salmağa gətirib çıxara bilər”

Azərbaycanda genetik modifikasiya olunmuş (GMO) orqanizmlərə və yem məhsullarına dair yeni tələblər müəyyən edilir. Belə ki, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb. Lakin qanun layihəsində əksini tapan bəzi məsələlər heç də cəmiyyət tərəfindən müsbət qarşılanmayıb. Xüsusilə, qanunun qəbul edilməsi ilə GMO-lu yem məhsullarının istifadəsinə icazənin verilməsi məsələsi etirazla qarşılanır. Elə Milli Məclisin əksər deputatları da GMO-lu yem məhsullarının istifadəsinə icazənin verilməsini düzgün hesab etmirlər. Məsələ ilə bağlı Milli Məclisin deputatı Jalə Əhmədovaya müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə millət vəkili qanun layihəsində əksini tapan və sağlamlığımız üçün təhlükə yaradan məqamlara toxunub.
-Jalə xanım, “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsi heç də cəmiyyət tərəfindən birmıanalı qarşılanmayıb. Bunun başlıca səbəbi nədir?
-Məlumat üçün qeyd edim ki, “Qida təhlükəsizliyi haqda” qanun layihəsinin 25.8 maddəsində qeyd edilir ki, “Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir”. Bu da dolayı yolla GMO-lu yem məhsullarının istifadəsinə icazə verilməsini nəzərdə tutur. Hesab edirəm ki, bu da olduqca təhlükəlidir. Çünki GMO qidaların insan sağlamlığı və həyatı üçün böyük təhlükə olduğu inkişaf etmiş ölkələrin (Fransa, Rusiya, Almaniya, Çin və s) çoxsaylı elmi mərkəzləri tərəfindən dəfələrlə sübut olunub. Bu məhsullar milli genefondumuzu dağıtmağa, ölkəmizi qlobal transmilli şirkətlərdən tam asılı vəziyətə salmağa gətirib çıxara bilər.
-Nəzərə alaq ki, belə məhsullar yalnız insan sağlamlığı üçün təhlükə deyil
-Tamamilə doğru buyurursunuz. Transgen məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, bütün təbiət üçün qorxunc təhlükədir. Belə ki, genetik tərkibi qarışdırılmış orqanizmlər torpaq fondunu məhv edir, onların əkildiyi torpaqlar təbii münbitliyini, faydalı mikroorqanizmləri itirir və sonra orada digər təbii məhsulların əkilməsi mümkün olmur. Heyvanlar da GMO yemlərdən qdalanaraq öz təbiiliyindən çıxır, xəstə bir yarımcan kütləyə çevrilir. Ən sadə misal kimi broyler toyuqlarını göstərmək kifayətdir. Təbii toyuqlarla onların fərqi gözünüzün qabağındadır. Biz onların ətini, yumurtasını yeyərkən də GMO qəbul etmiş oluruq. Üstəlik, güclü hormonal yemlərlə ildırım sürətilə böyüdülən bu toyuqlar insanın horman balansını dəyişir və bunun nəticəsi özünü çoxsaylı xəstəliklərdə aydın göstərir.
-Bir sözlə bu mənfi tendenisya həm də dövlət üçün təhlükəli sayıla bilər
-Bəli, elədir. Dövlətimiz üçün strateji təhlükə belədir. GMO toxumlar reproduksiya vermədiyindən öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il Monsanto kimi qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür, faktiki müstəmləkəyə çevrilir. Çünki bu toxumların sahibi bir növ o ölkənin aqrar sektorunun, ərzaq məhsullarının sahibidir. Bu səbəbdən o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərfüfatını məhvə düçar edə bilər. Ölkənin gələcəkdə qida təminatı təhlükə altına düşə bilər.
Onu da nəzərinizə çatdırım ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.
-Səhv etmirəmsə “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda da göstərilir ki, genetik modifikasiya olunmuş bitkilərin istifadəsi yol verilməzdir. O zaman belə çıxır ki, sözügedən qanunda da dəyişiklik zərurəti yaranacaq?
-“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. Eyni zamanda, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir. Onu da diqqətə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev həmçinin “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunu imzalayıb. Həmin sənəddə də göstərilir ki, çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. Eyni zamanda, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.
Eyni zamanda, Prezident İlham Əliyev “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu imzalayıb. Eyni ilə həmin qanunda da Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, “Qida təhlükəsizliyi” haqqında qanun layihəsinin 25.8-cı maddəsinə yenidən nəzər yetirmək, dövlətimizin, millətimizin gələcəyi, genefondumuz üçün təhlükəli olan məqamı aradan qaldırmaq lazımdır.
Süleyman İsmayılbəyli