Ətraf mühitin qorunmasında ekoloji tədris və təbliğat – II Yazı


 

 

 

 

 

 

 

Son 20 il ərzində ekoloji təhsil daha geniş tətbiq edilməyə başlanıb. Hazırkı şəraitdə elm və təhsil sahəsində ekologiyanın inkişafı öz əksini tapıb: Bu sahədə yeni istiqamətlər yaranıb. İlk növbədə ölkənin alı və orta ixtisas məktəblərində ekoloji fakültə və kafedralar açılıb, ekoloji tədris şəbəkələri genişlənib. Respublikanın ümumtəhsil məktəblərində “Təbiətşünaslıq”, “Biologiya” və “Coğrafiya” fənlərinin tərkibində “Ümumi ekologiya” tədris olunur . Ekoloji təhsilin səviyyəsini yüksəltmək məqsədilə bəzi ümumtəhsil məktəbləri təbiət təmayüllü məktəblərə və ekoloji liseylərə çevrilib. Respublikamızın ümumtəhsil orta və tam orta məktəblərində “Ümumi biologiya” tədris edilərkən “Ekologiyanın əsasları” və “Biosfer təlimi” adlı fəsillər ekologiyadan bəhs edilirdi. Bunun az olmasını nəzərə alaraq M.Babayev və Q.Mustafayev tərəfindən “Ümumi biologiyaya ekologiyadan əlavələr” adlı vəsait yazılmış (1992) və tədris proqramına daxil edilmişdir [1].
Fikrimizcə, bu da tələbatı tam ödəmir. Yaxşı olar ki, ekologiya təhsilin bütün pillələrində (ibtidai, orta və tam orta məktəblərdə) müstəqil fənn kimi ayrıca tədris edilsin. Məsələn, qonşu Rusiya dövlətində olduğu kimi.
Ekologiyanın digər təbiət elmləri ilə əlaqəli tədrisi üçün imkanlar vardır; bir çox bitki və heyvan növləri haqqında məlumat, onların bioloji xarakteristikası, ərazilər üzrə yayılmalarında rol oynayan coğrafi mühit, təbii komplekslərin xarakteri, yaşadıqları ərazidə ətraf mühitin kimyəvi çirklənməsinin zərərli təsiri, hər hansı təbiət hadisəsində, növlərin həyat tərzi və davranışlarında baş verən dəyişikliklərdə fiziki qanunauyğunluqların mövcudluğu, radiasiya şüalanması və ətraf təbii mühit.
Ekoloji problemlər o qədər çoxalıb ki, indiki dövrdə onu yalnız bir elm çərçivəsində öyrənməklə problemi həll etmək çətinlik törədir. Ona görə də ekologiyanı həm elm, həm də bir fənn kimi inteqrativ şəraitdə öyrənməklə müəyyən nəticə əldə etmək olar. Bu baxımdan ekologiyanın əsaslarının ümumtəhsil məktəblərdə tədrisi zamanı onu təkcə biologiya və coğrafiya (az miqdarda kimya) fənlərinin daxilində deyil, tarix, dil-ədəbiyyat, fizika, riyaziyyat, informatika, incəsənət, musiqi, əmək təlimi, hərbi hazırlıq kimi fənlərlə birgə öyrənilməsi daha effektli səmərə verə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ətraf mühitə qayğıkeş münasibətin dərin tarixi kökləri var. Ədəbiyyat və tarix fənlərinin tədrisində bu faktorlar nəzərə alınmalıdır. Məsələn, şifahi xalq ədəbiyyatında ətraf mühitə münasibətlə əlaqədar çoxlu məlumatlara rast gəlirik; el deyimlərində, nağıl və dastanlarda, rəvayət və əfsanələrdə, uşaq nəğmələrində və xalq mərasimlərində, bayatı və ağılarda, layla və oxşamalarda insan-təbiət münasibətləri öz əksini tapıb. Folklorumuzda geniş işlədilən atalar sözü də çox qədim dövrlərdən bəri insanın ətraf mühitə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Q.Mustafayev və A.Məmmədov əhalinin ekoloji fikirlərin inkişafındakı əhəmiyyətini nəzərə alaraq atalar sözünə belə bir tərif veriblər: “Atalar sözü hazırda ekoloji sistem dediyimiz əhali və ətraf mühit arasındakı əlaqənin minerallardan suya, sudan ota və başqa bitkilərə, bitkilərdən heyvanlar vasitəsilə və ya birbaşa əhaliyə keçən, sonda yenə torpağa qayıdan yolların sadə sözlərlə ifadəsidir.” Onlar irəli sürdükləri bu konsepsiyanı “ekologiyadan əvvəlki ekologiya” adlandırıblar. Məsələn, “Sərçədən qorxan darı əkməz” atalar sözünün həm mənəvi-əxlaqi tərbiyəsi vardır, həm də elmi əhəmiyyəti. “Sərçə – darının qənimidir. Azərbaycan faunasında İspan sərçəsi və ya qaradöş sərçənin yerli adı afal sərçədir, yəni zərərli sərçə. Kütləvi quşdur, bəzi ağacda bir neçə yüz yuvası olur. Dik sümbülə qonub buğdanı çıxara bilir, başqa quşlar isə yerdən dənləyir. Bu deyim həmin sərçə haqqında xəbərdarlıq edir.” [2] Burada bir növ kimi İspan sərçəsinin bioekoloji xarakteristikası, təsərrüfat üçün ziyanlı cəhətləri aydın göstərilib. ”Ağaclı kəndi sel aparmaz” atalar sözündə isə xalq hələ torpaqşünaslıq elminin olmadığı bir dövrdə torpaq eroziyasının qarşısını alan vasitələrdən birini çox düzgün ifadə edib. ”Ağacı çox olan kənd hətta dağın yamacında yerləşsə də, ağacların kökləri bir-birinə çatıb tor kimi şəbəkə əmələ gətirir, torpağı bərkidir. Sel gələndə ağaclar onun qarşısını alır. Gur axan suyu dağıdır, selin gücü zəifləyir, kəndi dağıda bilmir, hətta torpağı da yuyub apara bilmir. Torpaq eroziyasının bir səbəbi də ona düzgün qayğı göstərilməməsidir. “Pis torpaq yoxdur, pis əkinçi var” atalar sözü bu cəhətdən yerində işlənmişdir. ”Həqiqətən də, torpağa lazımi qayğı göstərilməsə, aqrotexniki qaydalara düzgün riayət olunmasa torpaq tez “xəstələnər” – şoranlaşar, eroziyaya uğrayar, çirklənər, nəticədə münbitliyini itirər; bununla da az məhsul verər.” [3]. Canlı təbiətə qayğı Dədə Qorqud söyləmələrində ön plan çəkilir. Ömrü at belində keçən oğuz bəyləri “boğaz ata minməyi” yasaq sayır. Hərçənd, süvari döyüşlərində atsız keçinməyin mümkünsüzlüyünə baxmayaraq, oğuz:
And içirəm, boğaz ata minmərəm
Minsəm belə, döyüşlərə getmərəm, – deyir.
Bu həm ictimai, həm də elmi qaydalara uyğundur. Oğuzlarda təbiət o qədər ilahiləşdirilib ki, sonrakı dövrlərdə mövcud olmuş panteizm fəlsəfi cərəyanın nümayəndələri ondan mənbə kimi yararlanıblar. Ağac, aslan və qurdun Oğuz düşüncəsində söykök kimi verilməsi təsadüfi olmayıb, indi də öz aktuallığını saxlayır və ətraf mühitə münasibətin formalaşmasında az rol oynamır. “Kitabi – Dədə Qorqud” dastanında digər ekoloji amillərlə bərabər torpağa da xüsusi münasibət bildirilir. Burada torpaq təkcə vətən anlamında deyil, həm də insanlara gərək olan təbii sərvət şəklində təqdim olunur [4].
Folklor nümunələrində, o cümlədən alqış və qarğışlarda, tapmacalarda əhalinin ətraf mühitə münasibəti özünü aydın şəkildə göstərir [5].
Göyərçin alabaxta,
Yuvası qəlbi taxta.
Görüm onu kim vursa,
Qan qussun laxta-laxta.
Bitki və heyvanların qorunmasına yönəldilmiş bu cür qarğış nümunələrinə folklorda çox rast gəlmək olar. “Kardı, kordu gündüzlər, vurdu-haydı gecələr” – tapmacasının cavabı yarasadır. Burada onun gecə heyvanı olduğu, yəni yemini gecələr əldə etdiyi, gündüzlər isə dincəldiyi başa düşülür. Tapmaca heyvanın bioekoloji xüsusiyyətləri barədə məlumat verməklə gənc nəslin təbiəti öyrənməsinə kömək edir.
İslam dinində bəzi bitki və heyvanlar müqəddəs varlıqlar kimi təqdim olunur [6]. Belə canlıları incitmək və öldürmək yasaq sayılır. Vəhşi heyvan və quşların körpə balalarını ovlamaq qadağan edilir. Şəriətə görə onların əti haramdır. İslam dinində belə fikirlərin çox olması biomüxtəlifliyin saxlanmasına müsbət təsir göstərə bilmişdir. Məsələn, İslam dininin banisi Məhəmməd Peyğəmbər (s) nəsihətlərinin birində “qaranquşlar sizin evlərinizdə məskən etsələr, onlara mane olmayın” – deyirdi. İslam peyğəmbərinin qaranquşa bu münasibəti əhali arasında onun müqəddəsləşməsinə səbəb olub. Nəticədə təbiəti mühafizə qanunlarının mövcud olmadığı dövrlərdə belə canlı və cansız təbiətin, o cümlədən faydalı bitki və heyvan növlərinin qorunub saxlanması təmin edilib.
(ardı var)
Yusif Mahmudov
Bu məqalə “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
ƏDƏBİYYAT
1. Mustafayev Q.T., Əlizadə E.Ə. Ekologiya. Bakı: Ozan, 2001, 200 s.
2. Mustafayev Q.T., Məmmədov A.T. Ataların sözü-xalqın gözü. Bakı: Təknur, 2008, 304 s.
3. Həsənov X., Təbıət ülviyyəti-cöz sərraflığı. Bakı: Gənclik, 1994, 238 s.
4. Mustafayev Q. T., Dirili (Mahmudov) Y. «Kitabi-Dədə Qorqud» eposunda ətraf mühitə münasibət // Bakı Universitetinin xəbərləri (Təbiət elmləri seriyası) Bakı: Bakı Universiteti, 2003, №1, s. 73-81
5. Azərbaycan folkloru: Bakı, Şərq-Qərb, 2005, 360 s.
6. Mahmudov Y.M. İslam dinində ətraf mühitə münasibətin bəzi məsələləri / Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə kafedrasının təşkil etdiyi aspirant və dissertantların elmi-praktik konfransının materialları. Bakı: Borçalı, 2002, s. 104-105