AZƏRBAYCAN TƏBİƏTİ FRANSIZ YAZIÇISI ALEKSANDR DÜMANIN “QAFQAZ” ƏSƏRİNDƏ PRİORİTET KİMİ (1858-1859-CU ILLƏR) elmi təhlil


Yusif DİRİLİ (Mahmudov) ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru
Macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmış, “Qraf Monte Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi ölməz əsərlərin müəllifi, görkəmli fransız yazıçısı Aleksandr Düma (1802-1870-ci illər) XIX əsrin ortalarında (1858-1859-cu illər) Rusiyaya, oradan isə Qafqaza, xüsusilə, Dərbənd də daxil olmaqla Azərbaycana (Bakıya, Qubaya, Şamaxıya, Şəkiyə) və azərbaycanlı icmasının geniş yayıldığı Tiflisə gəlib. Maraqlıdır ki, Qafqaz səfərində onun keçirdiyi görüşlərin və bu görüşlərdən aldığı təəssüratların əsas hissəsi bilavasitə Azərbaycanla bağlıdır. Yazıçı ölkəmizdəki geoloji təbiət abidələrini, o cümlədən, Dərbənddəki Divlər mağarası, xalq arasında “Pir-Əmcəklər”, “Müqəddəs məmələr” adlandırılan mağaralar haqqında məlumat verir, bu mağaralardan bir sıra vəhşi heyvanların sığınacaq kimi istifadəsini qeyd edir. Mağaralardan birində rast gəldiyi suyun şəfaverici xüsusiyyətindən danışır: “Günbəzin tavanında qadın döşünə oxşar əhəngli, ərp bağlamış gilələr sallanırdı; bu gilələrin hər birinin ucundan su damlaları süzülürdü. Ətraf kəndlərin qadınları bu suyun şəfaverici gücünə inanır və onu çox müqəddəs sayırlar. Uşaq əmizdirən ananın döşünün südü quruyanda, bir qoyunu qurban kəsib bu müqəddəs gilələrdən damcılayan suyu bir az torpaqla qarışdırıb horra halına salır və niyyət edib böyük inamla içir. Pirə inam o qədər güclüdür ki, uşağa süd verən ana tamamilə sağalmasa da, özünü bir az yüngülləşmiş hiss edir”. A.Düma Azərbaycanda səfərdə olduğu bəzi bölgələrdəki qayalıq ərazilərdə baş verən eroziya proseslərini, dağların aşınmasını diqqətlə müşahidə edib və səbəblərini göstərib: “Təbiət onun dağıdılmasına, məhv edilməsinə qarşı mübarizə aparır. Fıstıq ağacının toxumu nə vaxtsa bir divarın çatına düşmüş, orada azacıq torpağa rast gəlmiş, cücərmiş, böyüyüb-çoxalıb 172 ağac olmuş, kökü ilə çıxdığı yeri parçalamış və divarı dağıtmış, açılmış yarıqları külək sovurmuş, yağış yumuşdur. Təkcə ürəyiyumşaq sarmaşıqlar nəğmə kimi keçmişin bütün sınaqlarına dözərək dərdi-səri içinə alıb saxlamışlar. Bəli, təkcə sarmaşıqlar daş divarın yanındakı xarabalıqlara düşən daşlara sarmaşıb qalıb, onlardan ayrılmayıb”.
Yazıçı Azərbaycanın müxtəlif bögələrinə səfəri müddətində ilk növbədə onun diqqətini ərazinin təbiəti cəlb edib: “Şamaxıdan Ağsuya – Yeni Şamaxıya gedən yol bir az şose yoluna bənzədiyindən o qədər də pis deyildi; yolun hər iki tərəfində yalnız ləzgi mahudunun davam gətirdiyi tikanlı kol-koslar gözə dəyirdi. Bakıdan Şamaxıya gedəndə yolda bir dənə də olsun ağac görmədik. Şamaxı yolunda isə nəinki ağac, hətta ağacların üstündə yarpaqlar da gözə dəymədi”. Görünür, indi olduğu kimi Bakı – Şamaxı yolunun ətrafları boş bozqır olub və A.Dümanın nəzərindən qaçmayıb. Müasir müstəqil Azərbaycanda iqtisadi inkişafın yüksəlişi bu problemin qismən azaldımasına səbəb olub. Belə ki, fransız yazıçısının keçib getdiyi yolun cansıxıcı görünən, kasıb təbiəti bu gün xeyli dəyişib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq layihəsi əsasında, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Abşeron və Qobustan inzibati rayonları ərazilərinə düşən həmin sahələrdə süni meşələr və yaşıl zolaqlar salınıb.
A.Düma əsərdə bölgənin təbii ehtiyatlarını, onun faydalı qazıntılarnı qeyd edir. Əhalinin yaşayışında neft və qaz yataqlarından istifadənin Azərbaycan üçün əhəmiyyətindən danışır. Azərbaycan neftini dünyanın digər ölkələrində çıxarılan neftdən daha keyfiyyətli və bol ehtiyata malik olduğuna diqqət yetirir. Burada neft, onun növləri və əmələ gəlməsi ilə bərabər, yüksək keyfiyyətli sementin də çıxarıldığını yazır. A.Düma əhəngdaşı, daş kömür, qatran kimi faydalı qazıntıların olduğunu göstərir. O, dünyanın müxtəlif ölkələrinə Azərbaycan neftinin ixracı, Xəzər dənizinin təkində neft ehtiyatlarının mövcudluğu barədə fikir söyləyir: “Odun əbədi yandığı yer – Atəşgah məbədi Bakıdan iyirmi altı verstlik məsafədədir. Bu əbədi məşəl neftin hesabına yanır. Neft – xam neft təmizləndikdən sonra alınan şəffaf rəngli, tez alışan daş kömür yağıdır, hətta təmizləndikdən sonra da yananda qalın, sıx tüstü – duman qalxıb ətrafa xoşagəlməz iy yayır; bu xoşagəlməz iy Lənkərandan tutmuş Dərbəndə qədər hiss olunur. Bu iy neftin məişətdə istifadəsinə mane olmur. Nəhayət, burada Roma sementinin ulu babası sayılan, Babil və Nineviyanın tikintisində istifadə edilən sement istehsal olunur. Neft yeraltı bərk qatran qatları, süxurları ilə odun birləşməsindən əmələ gəlir. Yer kürəsinin bir çox yerində neft istehsal olunur; lakin onun ən çox, ən bol çıxarıldığı istehsal nöqtəsi Bakı və onun ətrafıdır. Şəhərin bütün ətrafında, Xəzər dənizinin sahili boyunca dərinliyi üç metrdən iyirmi metrə qədər olan quyular qazırlar; nefti özünə çəkmiş gil və əhəngdən ibarət çöküntü süxurundan ağ və qara neft ayrılır. Burada ildə təxminən yüz min sentnerə qədər neft istehsal edilir. İstehsal olunmuş neft Həştərxana, Tiflisə və İrana göndərilir. Xəzər dənizinin xəritəsinə nəzər yetirdikdə, sağ tərəfdən Bakıya paralel düz xətt boyunca köçəri türkmən tayfalarının yaşadığı sahilin lap yaxınlığında Çələkən, yaxud Neft adası adlı bir ada görərsiniz. Onunla üzbəüz tərəfdə, həmin o çəkdiyiniz düz xətt istiqamətində Abşeron yarımadası dənizin içərisinə doğru uzanır ki, burada çoxlu neft və qaz mənbələri var. Abşeronun lap qurtaracağında Svyatoy, yəni Müqəddəs ada bərzəx əmələ gətirib; yerli adamlar və farslar buranı ona görə belə adlandırırlar ki, burada da neft və qaz var. Deməli, nəhəng neft qatı Xəzər dənizinin altı ilə Türkmən ölkəsinə qədər gedib çıxır.”
Yazıçı səfər etdiyi Dərbənd, Bakı, Şamaxı, Quba və Şəkinin timsalında Azərbaycanın zəngin təbiətə malik olduğunu, burada çoxlu ov heyvanlarının yaşadığını, özünün də kəklik, qırqovul, turac kimi ov quşlarını ovladığını qeyd edir, ovlaqda tazı və şahin kimi köməkçi heyvanlardan istifadə edildiyini yazır: “Elə yüz addım getməmişdik ki, hərəmiz bir dovşan vurduq. Bundan əlavə, bir dəstə qırqovul düz qabağımda havaya qalxdı və mən dəstəni izlədim. Atıma qalxıb qollarında şahin tutan adamları səslədim. Onlar itləri də gətirib tez gəldilər. Mən onlara qırqovulların düşdüyü yeri nişan verdim… İtləri qabağa buraxıb özümüz də onların arxasınca həmin yerə getdik. Tezliklə dörd yanımızda qırqovullar uçuşan həmin yerə çatdıq; şahinlərin hər ikisini buraxdıq. Mən birinin, Moyne isə o birinin ardına düşdük. İki yüz addım getmişdik ki, izlədiyim qırqovul artıq şahinin caynağında idi. Özümü vaxtında çatdırıb qırqovulu diriykən şahinin çəngindən qurtardım, bu yaraşıqlı xoruz qırqovul başından yüngülcə yaralanmışdı”. A.Düma ov prosesində şahinə hücum edən digər bir yırtıcı quşun onu necə təqib etməsini də maraqla izləmiş və təəssüratını təbii formada qələmə almışdır: “Birdən bir kəklik pırıldayıb qalxdı, şahinlərdən biri də onun ardına düşdü, ancaq kəklik aradan çıxmışdı; ikinci bir kəklik uçdu, onun ardınca o biri şahin şığıdı. Kəklik düz bizim üstümüzə gəlirdi, şahin iki-üç dəfə qanad çalsaydı, ovunu haqlayacaqdı, ancaq şahin elə təzəcə kolluğa girən kəkliyin ardınca cumurdu ki, birdən güllə dəymiş kimi hər iki qanadı yanına düşdü və kolluğun ortasında görünməz oldu. Bu qəfil enişin səbəbini öyrənmək üçün gözlərimi qaldırıb ətrafı diqqətlə nəzərdən keçirdim. Başımın üstündən yüz metr yüksəklikdə iri bir qartal uçurdu. Şahin onu görmüş, belə bir güclü rəqibin qarşısında tab gətirə bilməyəcəyini duyub, özünü kolluğa vurmuşdu. Qartal ona məhəl qoymadan uçub gözdən itdi. Mən şahinin düşdüyü yerə qaçdım və çox çətinliklə onu axtarıb tapdım; şahin bir ağacın koğuşuna girmişdi və qorxudan bütün bədəni tir-tir titrəyirdi. Onu gizləndiyi yerdən dartıb çıxartdım, ancaq yazıq quş ayaqlarını elə sıxmışdı ki, qolumun üstündə dayana bilmirdi. Birtəhər onu qolumun üstündə saxlamağa çalışdım. Quş özünü elə itirmişdi ki, qorxa-qorxa ətrafına baxırdı. Ancaq qartal artıq uçub getmişdi, səmada heç nə görünmürdü. Elə bu vaxt ovçu özünü yetirdi; o, quşu məndən aldı və onu tumarlayıb sakitləşdirməyə başladı, yalnız yarım saatdan sonra quş özünə gəldi və yenidən əldən qaçırdığı kəkliyin ardınca getməyə başladı. Mənəvi cəhətdən mənə ən çox zövq verən bu gözlənilməz macərayla bərabər, biz iki saat ərzində üç kəklik vura bildik.”
Düma bu müşahidəsində adını çəkdiyi şahin və kəklik, qartal və şahin misalında heyvanların davranış və qidalanma xarakterlərini, yaşayış uğrunda mübarizəsini, bioekoloji xüsusiyyətlərini, elmi cəhətdən düzgün təsvir edib. Yırtıcılığın daha kəskin qidalanma üsulu olduğunu real verib. A.Dümanın səfər qeydlərində Şamaxının kifayət qədər həssas seysmik zonada yerləşməsi, üstəlik burada vaxtaşırı “qızdırma xəstəliyi”nidən əhalinin əziyyət çəkdiyi faktlar da var. İnsan ekologiyası bir faktor kimi yazıçının əsərində qabarıq göstərilir. O, mənəvi cəhətdən yoxsul, lakin, “qorxulu adamlar”ı bölgənin əhalisi üçün əsas bəlalardan hesab edir: “Çox az şəhər Şamaxı qədər fəlakətə məruz qalır. Şəhərin aşağı hissəsində ilin üç ayı qızdırma xəstəliyi baş alıb gedir, camaat qızdırmadan qırılır. Yuxarıya, dağa tərəf qalxdıqca xəstəlik azalır. Ancaq burada da əhali zəlzələlərdən yaxasını qurtara bilmir. Şamaxı əhalisi hər gün sabahından naguman oyanır. Qızdırma ilə zəlzələ arasındakı fərq ondan ibarətdir ki, qızdırma hərdənbir ara verir, zəlzələnin isə demək olar ki, ardı-arası kəsilmir. Şamaxının əsas düşməni yalnız qızdırma və zəlzələ deyil, burada bu iki bəladan da qorxulu adamlar var.”
Fikrimizcə, Azərbaycanın təbiəti A.Dümanın “Qafqaz” və ya “Qafqaz səfəri” əsərində dolğun verilib. Yazıçı səfər çərçivəsində görüb – eşitdiklərini həvəslə qələmə almış, ərazidə yayılmış bitki və heyvanların həyatı, davranışı, faydalı və zərərli cəhətləri barədə məlumat vermişdir. Məsələn, quşlardan qırqovul, kəklik, turac, şahin, qartal, məməli heyvanlardan pələng, bəbir, çaqqal, sürünənlərdən ilan, onurğasızlardan böv, əqrəb, ağcaqanad, çəyirtkə və s.; bitkilərdən, fıstıq, palıd, çinar, tut, ağcaqovaq, çobanyastığı, kəklikotu, daş sarmaşığı və başqalarını nümunə görsətmək olar.
A.Dümanın “Qafqaz” əsərinin “Pələnglər, bəbirlər, çaqqallar, ilanlar, böyələr, əqrəblər, ağcaqanadlar, çəyirtkələr” adlanan 24-cü fəsli bütünlüklə Azərbaycan təbiətini əks etdirir. Kitabın bu fəslində yazıçı-səyyah səfər müşahidələri əsasında maraqlı və gərəkli bilgilər verir:
“Adının mənası “küləklər məskəni” olan Bakı şəhəri əbəs yerə Avropa şəhərləri sırasına qoşulmağa can atırdı: o, torpağı, dənizi, tikililəri, istehsal etdiyi məhsulları, çaylarındakı balıqları, meşələrində nərə çəkən heyvanları, səhralarındakı, düzənliklərindəki sürünənləri, atmosferindəki atomları ilə bir yerdə Asiya şəhəridir.
A.Düma Qafqaz səfərnaməsində hazırda Azərbaycan faunasında rast gəlinməyən və yırtıcı məməlilərin iri nümayəndələri olan pələng və bəbir haqqında məlumat verir. Hazırda Azərbaycan faunasında nəsli tamamilə kəsilmiş pələngin bir zaman Lənkəran-Astara zonasında yayıldığını, əsasən də Lənkəran meşələrində tez-tez göründüklərini qeyd edir. Dümanın ehtimalına görə bu ərazidə yayılan pələnglərin bir növ kimi arealları məlumdur. O, bunu konkret misallarla izah edir: “Pələng olan yerə şir gəlməz, çox nadir hallarda bir ölkənin iki hökmdarı olar. Görünür ki, qədimdə pələng Kür çayını özünə sərhəd təyin edib.” Fikrimizcə, doğru yanaşmadır və elmi izahı vardır. Müxtəlif növlərə, yaxud populyasiyalara aid heyvanlar başqalarının yaşayış ərazilərinə müdaxlə etmirlər. Bu, minilliklər boyu formalaşmış təbiət qanunlarından biri olub, növləri kəskin mübarizədən çəkindirir və nəslin davamlılığını təmin edir. Növün yaşayış şəraitinə uyğun müəyyən arealı tutması onun xarakterik cəhətlərindən biridir. Yazıçının Xəzər dənizinə tökülən Kürün sol sahilində – Qızılağac körfəzində pələngin nadir heyvanlardan olduğunu, Arazı keçib Qarabağa getdiklərini, hətta Gürcüstana qədər gedib çıxdıqlarını, bununla belə çox nadir hallarda Kür çayını keçdiklərini yazır. Pələngin əsas areallarından biri də Qafqaz əraziləridir. Ancaq qiymətli dərilərinə görə ov əhəmiyyətli olmaları onların tükənməsinə səbəb olub. Bunu, A.Düma da əsərində qeyd edib.
Yazıçı pələnglə bağlı burada eşitdiyi iki əhvalatı nəql edir. O, bununla pələngin davranış və həyat tərzi haqqında oxucuda canlı təsəvvü yaradır. Nəsli kəsilmiş növlərdən biri kimi bölgədə pələngin yayılma faktını qeyd edir. Bura bəbiri də aid edə bilərik.
“Məsəl var, deyərlər, “hər yerin öz ağası var”, odur ki, biz də söhbətimizə pələngdən başlayaq. Pələng olan yerə şir gəlməz, çox nadir hallarda bir ölkənin iki hökmdarı olar. Görünür ki, qədimdə pələng Kür çayını özünə sərhəd təyin edib. Mənbəyini Axalçik dağlarından götürən, Tiflisdən, Aksabardan keçib Muğan düzünün şimalında Arazla birləşən və üç qola ayrılıb Qızılağac körfəzində Xəzər dənizinə tökülən Kürün sol sahilində pələng nadir heyvanlardan olub. Kürün dördüncü qolu Salyanda ayrılır və ayrıca gedib dənizə tökülür. Tez-tez Lənkərana yaxın meşələrdə görünən pələng Arazı keçib Qarabağa gedir, bəzən isə öz macəralarını Gürcüstana qədər davam etdirir; ancaq yenə də deyirəm ki, o, çox nadir hallarda Kür çayını keçir. Bununla belə, pələngi Qafqazda da görən olub, onlardan iki-üçünü Avariyada vurublar. Beş-altı il bundan qabaq Lənkəranda peyda olan bir pələng yoldan keçənləri “soymaqla” çox məşhurlaşıbmış. Adətən, o, Lənkəranla Astara arasındakı yolda dayanarmış. Bu yol Gilan dağlarının ətəyində, dəniz sahili boyunca uzanıb gedir. Günlərin birində bir kazak həmin yolla gedirmiş və birdən yolun üstündə bir heyvanın uzanıb yatdığını görür. O, əvvəlcə bunun hansı heyvan olduğunu bilmir və yaxına gəlir. Heyvan başını qaldırıb nərildəyir və dişlərini qıcırdanda artıq kazakın bütün şübhələri dağılır – bu, pələng idi. Kazakın əlində çörək varmış. O, çörəyi pələngə atır, pələng də pəncəsini uzadıb çörəyi özünə tərəf çəkir və yeyir. Beləcə, kazak yolu keçir. Astaraya çatanda yoldaşlarını xəbərdar edib tapşırır ki, işdir, birdən Lənkəran yolunu keçsələr və təsadüfən bu yolun “ağasına” rast gəlsələr, əllərində mütləq nəsə götürsünlər. Səhəri gün pələng yenə həmin yolda bir erməni tacirinin qabağını kəsir. Lakin, pələng əvvəlcə onun özünün yox, itinin üstünə atıldığından tacir qaçıb canını qurtara bilir. Həmin vaxtdan etibarən nə Lənkərana, nə də Astaraya gedən yolçular əllərinə bir daş götürməmiş yola çıxmazlarmış; bu eynilə cəhənnəmə düşəndə yoldakı gözətçiyə bir şey atan Eneyin əhvalatına bənzəyir. Əvvəlcə hamı özü ilə çörək götürür. Ancaq çox keçmir ki, pələng artıq çörəklə kifayətlənmir. O, donquldanmaqla, nə bilim, mırıldanmaqla yoldan keçənlərə açıq-aydın narazılığını bildirir və çörəyin yanında nəsə istədiyini başa salır. Bu “nəsə” ət idi. O vaxtdan yolçular bu insaflı şahzadəyə çolpa, hind toyuğu, bir parça çiy ət atarmışlar, pələng də bu məcburi vergini alandan sonra onları salamat buraxarmış. Nəhayət, bu əhvalatın sorağı gedib hökumətin qulağına çatır. Hansı hökumət olursa-olsun, əlində ədliyyə nazirinin möhürlü sənədi, vəsiqəsi olmayan vergiyığana icazə verməz ki, böyük bir yolu kəsib, gələn – gedəndən xərac alsın. “Quldur” pələng də Qafqaz canişinindən belə bir sənəd almamışdı. Hökumət tərəfindən göndərilən ovçular pələngi mühasirəyə alırlar. O, əvvəlcə bu mühasirənin nə demək olduğunu, ondan nə istədiklərini başa düşmür, ancaq elə ki, böyrünə güllə dəyir, gələnlərin onun sərbəst məşğuliyyətinə mane olduqlarını anlayır, sıçrayıb ovçulardan ikisini öldürür, üçüncüsü isə yaralı halda birtəhər qaçıb canını qurtarır. Nə Qazı Mollaya, nə Şamilə güzəştə getməyən rus hökuməti bir pələngin qarşısında aciz qala bilməzdi. Hökumət adamları ikinci dəfə pələngi mühasirəyə alırlar; bu dəfə həvəskar ovçular deyil, bütöv bir silahlı dəstə işə girişir. Pələng doqquz güllə yarası alandan sonra ağaca çıxıb ona doqquzuncu gülləni sıxan kazakın üstünə – on beş fut hündürə tullanır ki, onu tutsun; kazak, pələngin başının üstündəki budaqdan yapışıb daha yuxarı qalxmaq istəyir – lakin bacarmır və pələng caynaqlarını onun qarnına keçirib bağırsaqlarını yerə tökür. Pələng ölür; ancaq bu, İmperator Nikolayın beş əsgərinin həyatı bahasına başa gəlir. Həmin əhvalatdan təxminən dörd il sonra əvvəlcə on iki-on beş ovçunun, sonra isə bütöv bir alayın çətinliklə öhdəsindən gəldiyi işi tək bir qadın, özü də bircə zərbəyə görmüşdü. Bu əhvalat Cemçamiran kəndində, meşənin lap ortasında baş vermişdi. Rus nə qədər kasıb olsa da, iki şeysiz keçinə bilməz: gündə iki dəfə çay içməli, həftədə bir dəfə hamama getməlidir. Bir ər-arvad kənddən aralıdakı evlərində ümumi hamam işlədirlərmiş. Bu ev meşənin ortasında, tamamilə gözdən kənar bir yerdə olub. Bir şənbə günü – camaatın hamama gələcəyi gün arvadla kişi hamamxananı qızdırmaq üçün həyətdə odun yarıblar. Bu vaxt onlar öz gücünə güvənən bir pələngin asta-asta, arxayınlıqla hamama girdiyini görürlər. Pələng gedib yuxarı taxçada, ən isti yerdə uzanır. Hələ hamamı yaxşı qızdırmayan hamamçı elə bil pişik qovurmuş kimi qaçaraq içəri girir ki, pələngi qovsun. Pələngsə uzanıb istidən xumarlanırmış. Hamamçı vedrəni qaynar su ilə doldurub pələngin başına atır. Pələng də qəzəblə hamamçının üstünə atılır. Ancaq xoşbəxtlikdən, arvad əlində odun baltası, ərinin dalınca hamama girir və pələngin kişinin üstünə atıldığını görəndə var gücü ilə baltanı onun başına çırpır. Zərbə heyvanın düz alnının ortasına dəyir və başını ortadan ikiyə bölür. Pələng aldığı yaradan arxası üstə yıxılır və yerindəcə ölür; kişi ilə arvad isə səndələyib yıxıldıqlarından heç nə olmur. Həmin vaxtlar Qafqaz canişini olan qraf Vorontsov pələngi öldürən arvadı Tiflisə gətirdir. Əvvəlcə qrafinya qadını qəbul edir. Qrafinya guya qəzəbliymiş kimi onun üstünə qışqıraraq deyir: – Ay bədbəxt, sən nə cürətlə İmperatorun pələngini öldürübsən? Qrafinyanın sözlərindən özünü itirən arvad həyəcanla deyir: – And içirəm ki, mən onun çarın pələngi olduğunu bilməmişəm. Qrafinya Vorontsova şaqqanaq çəkib gülür, bundan sonra arvad özünə gəlir. Bu vaxt qraf özü də içəri girir və arvadı sakitləşdirir. Qraf ona min rubl mükafat, üstəlik, əsgərlərin döşlərində gəzdirdikləri “Şərəf Nişanı”nı verir. Bizə bu əhvalatı həmin xeyirxah qadın özü danışdı. Bu hadisədən sonra o, camaatın diqqətindən, ətrafındakı çaşqın baxışlardan özünə gələ bilmirdi. Dediyinə görə, əri pələngin başına qaynar su ilə dolu vedrəni tökəndə, özü də balta ilə pələngin kəlləsini ikiyə böləndə bu qədər həyəcanlanmayıb. Pələnglər bu əhvalatı xəbərdarlıq kimi qəbul edib və bundan sonra bir daha rus hamamlarına girməyiblər.
Şanaka kəndində başqa bir pələng isə özünü lap qəribə aparıb. Bir qadın yaşadığı evin yüz addımlığındakı quyunun başında paltar yuyurmuş; on dörd-on beş aylıq uşağı da yanındaymış. Qadının sabunu qurtarır və o, sabun gətirmək üçün evə gedir, uşağı isə özü ilə götürmür, elə quyunun yanına, çəmənliyə qoyur ki, oynasın. Evdə sabun axtararkən uşağından nigaran qaldığından pəncərədən baxır ki, görsün uşaq neyləyir. Ancaq bir pələngin meşədən çıxıb yolu keçərək düz uşağın yanına getdiyini, iri pəncəsini uşağın sinəsinə qoyduğunu görəndə dəhşətə gəlir. Qadın yerindəcə donub qalır, qorxudan rəngi-ruhu saralır. Ancaq uşaq pələngi böyük it zənn edib totuq əllərilə onun qulaqlarından yapışır və pələnglə oynamağa başlayır. Pələng də uşaqdan geri qalmır: bu şən əhval-ruhiyyədən xoşallanan pələng özü də uşaqla oynamağa başlayır. Bu qorxunc oyun on dəqiqə davam edir; sonra pələng uşağı buraxıb yolu keçir və meşəyə qayıdır. Özünü itirmiş qadın uşağın üstünə atılır və onun sağ-salamat olduğunu, heç bir yerinin cızılmadığını görür. Qədim Romada şirlə Androklun 11 macərası məşhur olduğu kimi, indicə danışdığımız bu üç əhvalat da Qafqazda dillər əzbəridir. Bəbirlər də pələnglər kimi Kür çayının sağ sahilində məskən salıblar və sayca çoxdurlar. Onlar qamışlıqlarda, talalarda, kiçik meşəliklərdə, kolluqlarda yaşayır və çaya su içməyə gələn qoyunlara, dağ keçilərinə və hətta öküzlərə də hücum edirlər. Adamlar indi şahinləri əhliləşdirdikləri kimi, əvvəllər bəbirləri də əhliləşdirər, qırqovul əvəzinə ceyran ovuna çıxar; bəbirləri isə şahin kimi əllərinin üstündə yox, yəhərin qaşında özləri ilə aparırdılar. Gürcüstanın cənubunda İran hakimiyyətinin ləğv olunması, ayrı-ayrı xanlıqların Rusiyaya birləşdirilməsindən sonra, əsasən xanların əyləncəsi sayılan bu ov növü sıradan çıxıb. Tiflis gömrükxanasının rəhbəri Çelayev hələ cavanlıqda Qarabağ xanlarından biri ilə belə bir ovda iştirak etdiyini bizə danışdı. Sonra o, iki-üç dəfə bəbir ovunda olmuşdu. Belə ki, onun lap yaxınlığında ovçunun bəbirə necə güllə atıb yaraladığını, vəhşi heyvanın ovçunun üzərinə necə sıçradığını və ovçu macal tapıb ona ikinci gülləni atana qədər bəbirin onun başını bədənindən ayırdığını öz gözlərilə görmüşdü.” Müəllif qeyd edir ki, bəbirlər də pələnglər kimi Kür çayının sahilindəki qamışlıqlarda, tarla və kiçik meşəliklərdə, kolluqlarda məskən salırlar. Belə yerlərdə onların sayı çox olur. Bəbirlərin burda yaşamalarının əsas səbəbi ərazidə qida obyektlərini boluğu ilə əlaqədardır. Yazıçı konkret misallar gətirir və göstərir ki, bu yırtıcılar çaya su içməyə gələn qoyunlara, dağ keçilərinə və öküzlərə hücum edərək özlərini qida ilə təmin edirlər. Keçmişdə insanlar bəbirləri də əhliləşdirərək ov zamanı onlardan kömək məqsədilə istifadə etmişlər.
“Qafqaz səfəri” əsərində bölgənin faunasına daxil olan çaqqalların da adı çəkilir. Qeyd olunur ki, qidalanma xarakterinə baxmayaraq, bu heyvan güclü deyil, ziyansız və qorxaqdırlar: “Çaqqallara gəlincə isə, onlar dağlara yaxın kəndlərdə o qədərdirlər ki, ulaşmasına öyrəşməyən adamların yuxusunu qaçırırlar. Bu heyvan əslində ziyansız və qorxaqdır. Lakin doğrusu, qorxaq olmasına baxmayaraq, nədənsə səsi adamın tükünü ürpədir. Burada istər-istəməz Olearinin danışdığı əhvalatı xatırlamalı olursan: Holşteynin hersoqu tərəfindən İran şahının yanına göndərilən ləyaqətli bir alman Dağıstan sahillərində gəmi qəzasına uğrayır. Onun herbari toplayan katibi meşədə azır və vəhşi heyvanlara yem olmaqdan qorxduğundan gecəni keçirmək məqsədilə ağaclardan birinin üstünə dırmaşır. Ertəsi gün yoldaşları onu axtarmağa başlayırlar və bir ağacın üstündə tapırlar. O, qorxudan özünə gələ bilmirdi, dili tutulmuşdu. Anlaşılmaz cavablarından yanındakılar başa düşürlər ki, çaqqallardan qorxubmuş. Zavallı and-aman edərək deyirmiş ki, çıxdığı ağacın altına yüzə qədər çaqqal yığışıbmış və öz aralarında çox ciddi halda şüurlu insan kimi almanca şəxsi işlərindən danışırmışlar.”
A.Düma quşlar və məməli heyvanlarla bərabər sürünənlərdan və onurğasızlardan söhbət açır. Sürünən heyvanlardan ən çox ilanlar haqqnda danışır. Onların zəhərli və zəhərsiz növləri, əhəmiyyəti, bioloji xüsusiyyətləri, növmüxtəlifliyi, ərazidə yayılmaları barədə qısa məlumat verir. İlanların mövsümi miqrasiyası və davranışlarının təsviri maraq doğurur. Yazıçı rast gəldiyi, haqqında eşitdiyi bəzi növləri morfoloji cəhətdən təsvir edir, onlardan bəzilərinin sarı-qırmızı, sarı-qızılı, yaşıl-zümürüdü, qara və yaşıl rənglərə malik olduqlarını göstərir, zınqrovlu-fitli ilanlar haqqında məlumat verir. İlan sancmalarından zəhərlənmə halarına qarşı o dövrdə aparılan profilaktik tədbirlərə nümunə olaraq padzəhərin (müalicə əhəmiyyətli mineral daş) və digər müalicə üsullarının adını çəkir. A.Düma Qədim yunan tarixçisi Plutarxa istinadən Muğan düzündə və Araz çayı yaxınlığında zəhərli ilanların geniş yayıldığını bildirir.
“Bakı ətrafında onlar lap çoxdur, ancaq elə ki, Muğan düzünə qədəm basdın, ya gərək sən birini ayaqlayasan, ya da gərək onlardan biri səni sanca, bu isə heç də xoşagələn hal deyil, başqa cür oranı keçib-getmək mümkün deyil. Mənim gözəl, xeyirxah dostlarımdan biri – Tiflis konsulu baron Fino kazaklardan ibarət müşayiət dəstəsilə düzlərdən keçərkən yüzlərlə ilan görmüş, onu müşayiət edən kazaklardan biri onlardan birini nizəsinin ucuna keçirmişdi; bu, sarı-qırmızı rəngli olduqca gözəl ilan imiş; adətən, onlar qara və yaşıl olurlar.
1800-cü illərdə səhradan Kür çayı ilə ayrılan Salyanı mühasirəyə almış qraf Zubov qışı Muğanda keçirmək qərarına gəlir. Onun əsgərləri çadır qurmaq üçün yer qazarkən, torpağın üst qatlarında minlərlə keyləşmiş, soyuqdan donmuş ilana rast gəlirlər. Qədim mənbələr də bu faktı təsdiqləyir. Plutarxın dediklərinə diqqət yetirək: “Bu axırıncı döyüşdən sonra (həmin döyüş müasir Araz çayının yaxınlığında baş vermişdi) Pompey Hirkan ölkəsini zəbt etmək və Xəzər dənizinə getmək məqsədilə irəliləyir, ancaq üç günlük səfərdə minlərlə zəhərli və öldürücü ilana rast gəldiyindən planını dəyişir, yarı yoldan qayıdır. Bu ilanların sancması ölümcül olsa da, zəhər qana işləmişsə, həmin yerə bitki yağı töksən və ya yaranın üstünü yağlı bir parçayla silsən, təhlükə sovuşar. Yeri gəlmişkən, ilanlarla bağlı daha maraqlı fakt budur ki, yaz gələndə İrandan gələn dəstə-dəstə ilan Arazı keçib Muğana gedirlər. Onları buraya gətirən nədir? Məhəbbət, yoxsa nifrət? İlanların məhəbbəti daha çox nifrətə oxşayır. Bir-iki ay ərzində ilanların fiti səhranı başına götürür, sanki Evmenidlərin səsini eşidirsən. Bir də görürsən ki, ayrı-ayrı yerlərdə sarı-qızılı, yaxud yaşıl-zümrüdü rəngli ilanlar dağ kimi üst-üstə topalaşaraq quyruqları üstündə dikəlir – bəziləri qara, bəziləri isə alov rəngli üçhaça dilləri ilə bir-birini oxşayırlar. Belə vaxtda Muğan düzünə ayaq basmaq hər igidin hünəri deyil, çünki bu ilanların çaldığı adamın sağalması qeyri-mümkündür. İndi mənim dediklərimin doğruluğuna şübhə edən oxucular üçün bir sirr açmaq istəyirəm. Bəzi ailələrdə, xüsusilə də, Gürcüstan knyazları ilə qohumluğu olanlarda, Bakı, Quba, Qarabağ və s. xanlarının nəslindən olan ailələrdə hind bezoar daşına bənzəyən möcüzəli şəfaverici daş var. Bu daşı dədə-babadan qalan qiymətli miras kimi mücrülərdə saxlayır və nəsildən nəslə ötürürlər. Deyilənə görə, kimisə əqrəb, zəhərli cücü, gürzə, hər hansı bir zəhərli ilan sancarsa, bu daşı yaranın üstünə qoyduqda maqnit dəmiri özünə çəkən kimi, o da zəhəri özünə çəkir və bununla da qorxu sovuşub gedir. Fransa Hersoqinyası Qrammonun qohumu, Tiflisdə knyaginya Orbeliani ilə evlənən polkovnik Davıdovda da bu daşdan var. Bu daş qaratoyuq yumurtası boyda olur, deşikli, göyümtül, dadsızdır, qovurulmuş paxla kimi bəzi yerlərində qaramtıl ləkə var. Kimisə zəhərli heyvan dişləsə, dərhal həmin daşı yaranın üstünə qoyurlar, o, zəhəri sorub özünə çəkir və rəngini dəyişərək boz-göyümtül bir rəng alır. Bundan sonra onu südə salırlar, daş özündə olan zəhəri buraxır və əvvəlki rəngi bərpa olunur. Mən polkovnik Davıdova məsləhət gördüm ki, əgər yolu Parisə düşərsə, həmin daşı özü ilə gətirsin və alimlər onu tədqiq etsinlər. Mənə qalsa, həmin daşın təbiiliyinə inanmıram və zənnimcə, bu, keçmiş İran təbiblərinin hazırladığı padzəhərdir, yəni zəhərin təsirini yox edən maddədir. Dediyimiz kimi, həmin daş təkcə ilan sancarkən kömək etmir, həmçinin böyələrin və əqrəblərin də zəhərini təsirsiz hala salır. İndisə bu iki qorxunc həşərat haqqında bir az müfəssəl danışaq.
Böyə Bakı və onun ətrafında çox yayılıb. Onun xarici görünüşü çox qəribədir. İlk baxışda adama elə gəlir ki, bu həşərat yaradılmışların ən məzlumudur. Baş barmaq böyüklüyündə olan bədəni çox qısa ayaqlarının üstündə dayanıb; ancaq ayaqlarının sıx olmasına baxmayaraq, o, çox cəld qaçır. Boynu uzundur, ağzında kəlbətin kimi dişləri var və böyə öz ovunu elə bu dişləri ilə amansızcasına tutur. Şübhəsiz, şər əməlləri onu bütün aləmdə bədnam etmişdir. Belə ki, bu mənim tanıdığım ən eybəcər həşəratdır. Şüşə qaba salınmış iki böyə dərhal bir-birinin üstünə atılır və onlardan biri o birisini öldürüb tikə-tikə etməyincə əl çəkmir. Əqrəblə böyəni də bağlı qaba salanda eyni hadisə baş verir. Əqrəb müqavimət göstərir, ancaq demək olar ki, həmişə axırda məğlub olur. Əqrəbi hamı yaxşı tanıyır, o, Avropada necədirsə, Qafqazda da elədir. Ancaq burası var ki, qırmızı əqrəblər sarılardan, qara əqrəblər isə qırmızılardan daha təhlükəlidir. Bakıya gəlişimiz noyabr ayına təsadüf etmişdi, ancaq havaların soyumasına baxmayaraq, şəhərin cənub divarlarının dibindəki daşların demək olar ki, hansını qaldırsan bir, yaxud iki əqrəb görmək olardı. Səyyahlar üçün əqrəb, böyə, hətta ilanlardan qorunmağın yeganə əlacı – açıq havada, yaxud çadırda qoyun dərisinin üstündə uzanıb yatmaqdır. Məsələ burasındadır ki, qoyun bu həşəratların ən qatı düşmənidir. Belə ki, qoyun əqrəbi və böyəni həvəslə məhv edir; bu həşəratlardan qoyunun rastına nə qədəri çıxsa, bir o qədər iştaha ilə həzm-rabedən keçirir… Yay vaxtı otlaqlarda bu həşəratlar qoyunlardan qaçırlar; bunlar elə çoxdurlar ki, qaçarkən otları da xışıldadırlar. Haqqında danışacağım başqa bir həşərat yalnız təhlükəli deyil, o həm də zəhlətökəndir və ilanlardan, böyələrdən və əqrəblərdən betər adamı cana gətirən bu dözülməz həşərat ağcaqanaddır. Düz beş ay – may ayından sentyabrın axırına kimi, Kazandan ta Astarabada qədər hər tərəf ağcaqanadlarla dolu olur, elə bil ki, hava onların ixtiyarına verilib. Ağcaqanad adi gözlə zorla seçilən, əllə çətin tutulan, düzünə açılmış qanadları ilə uçub, ən sıx tikilmiş parçadan neştərini adamın dərisinə sancan, sancdığı yeri yanıq kimi qaşındıran həşəratdır, dəridə yaranan suçiçəyinə bənzər yaraları üç-dörd aya sağalır. İranın Miyana adlı qədim kəndi var ki, orada heç bir səyyah gecələmir. Yalnız bu kənddə haradan və necə əmələ gəldiyi məlum olmayan bapbalaca taxtabitilər vardır ki, onun dişləməsi əcnəbilərin ölümünə səbəb olur. Təəccüblü burasıdır ki, bu həşəratın sancması yerli sakinlərə heç təsir etmir, onlar heç bir ağrı hiss etmirlər və buna adi bir cücü kimi əhəmiyyət vermirlər.”
Burada A.Düma həyat üçün təhlükəli olan zəhərli bövlər və əqrəblərdən söz açır. Bakı ətrafında hörümçəkkimilərin hər iki növünün geniş yayıdığını bildirir. Əsərdə bu heyvanların bioloji xüsusiyyətləri və morfoloji quruluşuları diqqəti cəlb edir. Bövlərin iri və döyüşkən, cəld olduqları göstərilir. Zəhərinə görə ən təhlükəlisi həqiqətən də qara əqrəblərdir. Ancaq burada müəyyən yanlışıqlar da vardır. Ola bilsin, əsərin tərcüməsində səhvlərə yol verilib. Bövlər də, əqrəblər də təsnifatca həşəratlara yox, hörümçəklərə aiddirlər. Bunlarda diş olmur, qıdanın tutumağa, hücum və müdafiəyə xidmət edən, xeliser adlanan itiuclu iri çənə çıxıntısı vardır. Buna baxmayaraq, bövlər zəhərli deyil. Qeyd etmək lazımdır ki, əqrəblərdən danışarkən həm də qırmızı əqrəbin adı çəkilir. Hazırda Azərbaycan ərazisində qara , boz və sarı əqrəb növlərinin olduğu məlumdur. Ola bilsin, A.Dümanın qeyd etdiyi qırmızı əqrəb bir növ kimi faunamızdan yoxa çıxıb. Yuxarıda haqqında bəhs edilən pələng və bəbirə də bunu aid edirik. Qeyd etmək lazımdır ki, bəbirin hazırda ölkəmizin Lənkaran, Qarabağ və Naxçıan ərazilərində məhdud sayda yaşadıqları ehtimal olunur. Nadir növ kimi bəbirlərin ciddi şəkildə qorunması üçün müvafiq tədbirlər həyata keçirilir.
Fransız yazıçısı Azərbaycan təbiətindən danışarkən əhalinin zərərli hesab etdiyi ağcaqanad, taxta biti və çəyirtə kimi onurğasız heyvanlardan bəhs edən yazıçı onların insan sağlamlığına və kənd təsərrüfatına vurduğu zərərlərə də toxunur, onların gətridiyi xəstəliklər və iqtisadi ziyan barədə ümumi məlumatlar verir, o dövr üçün xarakterik olan müalicə üsullarını qeyd edir: “…İndi də bir neçə kəlmə Misirin yeddinci və sonuncu bəlası olan çəyirtkə haqda danışaq. Çəyirtkələr İrana və Gürcüstana sözün əsl mənasında yürüş edirlər. Bir də görürsən ki, açıq-aydın havanı qara bulud örtdü. Adama elə gəlir ki, bu qasırğadır. Ancaq bu qara bulud elə sürətlə hərəkət edir ki, heç qasırğa belə gələ bilməz, sanki külək bu buludun dalına düşüb onu qovalayır. Göyümtül rəngli bu bulud milyardlarla çəyirtkədir. Bu qoşun hara hücum etsə, əkin-biçindən əsər-əlamət qalmır, taxıl zəmisinə düşsə, orada bir dən sünbül, meşəyə düşsə, ağaclarda bir yarpaq saxlamaz. Xoşbəxtlikdən, bu çəyirtkə buludu nə qədər sıx olsa da, tezliklə əriyib yox olur; dəstə-dəstə quşlar onları arxadan izləyir; hollandiyalılar hacıleyləkləri, misirlilər qaraleyləkləri, azərbaycanlılar muradquşunu (ala sığırçın), əzizlədikləri kimi, iranlılar və gürcülər də həmin bu quşları hörmətlə qarşılayırlar. Çəyirtkələrin qənimi olan bu quşları yerli camaat “tarbu” adlandırır; bu, bizim muzeylərdəki “paradisea tristisi”dir. İnsanlar kimi heyvanlar da bədbəxt hallarla üzləşirlər və bu bədbəxtlik iki dəniz arasındakı hövzələrdə bitən Qara dəniz yovşanından yeyib ölən atların başına gəlir. Çox vaxt qırx, əlli, bəzən yüz atlı ilxı bu bitkinin bitdiyi otlağa düşsə, bir at da salamat qurtarmır, bütün ilxı tələf olur. Faciəli ölümündən söz açdığımız general Sisiyanov da bir dəfə bütün artilleriya atlarının hamısını beləcə itiribmiş. Qoyunlar və öküzlər bu otu yeyəndə onlara heç nə olmur. Qanalma, qatıq və yağ bu zəhərlənməyə qarşı ən yaxşı vasitələrdir, ancaq bu üsul heç də həmişə istənilən nəticəni vermir. Bizim kimi, yəni bizim keçdiyimiz yollardan keçərək səyahət etmək niyyətində olan səyyahlara məsləhət görürük ki, özlərilə Peterburqdan, yaxud Moskvadan bir kisə İran birəotu kirşanı götürsünlər. Bu kirşanın faydası ondan ibarətdir ki, kim ondan bir az öz ətrafına səpsə, haqqında danışdığımız həşəratların əksəriyyəti ondan kənarlaşar və həndəvərinə gəlməzlər. Onu da deyim ki, mən bu kirşandan analiz üçün bir torba Fransaya aparıram. Ancaq nəbabət elmi haqqında zəif biliyimə əsaslanaraq, təxmin edirəm ki, bu kirşan çobanyastığının ləçəklərindən hazırlanır”. Bu fikirlərdən də görünür ki, A.Dümanı Azərbaycan təbiəti öz zənginliyi ilə heyrətləndirib. Onun diqqətini bögənin biomüxtəlifliyi ilə yanaşı, təbii sərvətlərinin şəfaverici xüsusiyyətləri də cəlb edib. Hazırda yazıçını təsvir etdiyi ekoloji məsələlərinin bir çoxu indi də aktualdır.
Maraqlıdır ki, görkəmli yazıçı və səyyah Qafqazın, o cümlədən ölkəmizin ərazisində diqqət yetirdiyi hər məsələyə elmi əsaslarla yanaşır, müşahidə və qənaətlərində heç bir səhvə yol vermir. Bu, bizə həmin dövrdə Azərbaycanın ətraf mühiti və təbii sərvətləri barədə müəyyən qədər bilgilər almağa kömək edir. Ümumiyyətlə, ötən yüzilliklərdə Avropa və Şərq ölkələrinin Azərbaycan təbiətinə, onun təbii ehtiyatlarına maraq göstərməsi təbii idi. Əlverişli coğrafi mövqe, biomüxtəlifliyin zənginliyi, əsrarəngiz Azərbaycan təbiəti tarixçi və coğrafiyaşünasları, yazıçı və səyyahları özünə çəkmiş, beləliklə, tanınmasında və təbliğində faydalı olmuşdur. Fikrimizcə, müasir dövrdə respublikamızın ekoloji durumunun tarixini öyrənmək baxımından mövzunun əhatəli tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, gələcəkdə bu məsələnin daha geniş şəkildə araşdırmağı vacib sayırıq.