YAŞIL DÜNYA İLƏ SAĞLAM GƏLƏCƏYƏ DOĞRU


 

 

 

 

 

 

 

 

 

Hazırda bütün dünyanı narahat edən məsələlərdən biri də qlobal əhəmiyyət kəsb edən ekoloji problemlərdir. Təsadüfi deyildir ki, bununla bağlı çoxlu sayda yerli və beynəlxalq ekoloji qurumlar yaradılıb və təyinatı üzrə çoxsaylı layihələr həyata keçirilir. Bu sırada Azərbaycan Respublikası öncül yerlərdən birini tutur. 1991-ci ildə dövlət müstəqiliyini əldə etdikdən sonra həlli vacib problemlərə diqqətin yönəldilməsi üçün ilkin olaraq hüquqi baza yardıldı. 100-dən çox qanun və qərarlar, milli proqramlar, konvensiyalar işləndi və qəbul edildi. Ölkəmiz bir sıra beynəlxalq ekoloji təşkilatlarla rəsmi əməkdaşlıq çərçivəsində layihələrə qoşuldu. Təkcə bunu demək kifayətdir ki, 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram”ın qəbul olunması nəticəsində Milliliyn inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizi sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi diqqət mərkəzind dayandı. Yeri gəlmişkən, ölkəmizdə hazırda 10 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. Azərbaycanda Milli Park və Qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir. Qeyd etmək lazımdır ki, respublikamızda meşələrin ümümi sahəsi 1214 min hektardır. Bu, ümumi ərazinin 11,8 faizini təşkil edir. Hər adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür. Bu ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Yəni 0,48 hektardır. Onu da qeyd etmək lazımdır ki,, Azərbaycanın meşə ehtiyatları az olan ölkələr sırasındadır. Meşələrin qorunması və yeni meşələrin salınması xalqımızın sağlamlığının qorunması üçün əsas amillərdəndir. Meşə oksigen istehsal edən yaşıl və canlı laboratoriyadır. Bir çox ölkələrdə meşələri “yaşıl ciyər”, yaxud, “ağ ciyər” adlandırırlar.
Aydın məsələdir ki, Vətənimizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır. 2010-cu il bu məqsədlə “Ekologiya ili” elan olunmuşdu. Bundan sonrakı illərdə də böyük miqyasda ekoloji problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirilmişdir. “Ekologiya ili” çərçivəsində və sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün şəxsən bu kompaniyalarda iştirakı etməsi ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.
Məlumdur k, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür. Buna qədər də ətraf mühitin sağlamlaşdırılması üçün dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlərə start verilmişdi. Belə ki, Qobustan rayonu ərazisindək Cəngi yaşayış massivində, Şız çimərliyi və Bayıl qəsəbəsində, Bakı Hava Yolunun kənarlarında, Bakı-Hacıqabul şosse yolunun sağ və sol kənarları boyu süni meşə və ya yaşıllıq zolaqları salınmışdır. Yol ətrafındakı təpəliklərdə terraslarda kol və ağaclar əkilmişdir. Bütün bunlar tam deyil. Qala Yaşıllıq Parkı, Neft mədənləri ətrafındakı yaşı zolaqlar, habelə rayon və şəhər mərkəzlərində yeni meşəliklərin salınması ətraf mühitdə təbii saf iqlimin yaradılması üçün çox faydalıdır.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. 2019-cu ilin noyabr ayında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərin davamlı olduğuna bariz nümunədir. Bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarda ekoloji problemlər yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəymiş, yaşıllıqlar vəhşicəsinə məhv edilmiş, yandırılmış, yaxud təbii sərvətlərimiz qəddarcasına talan edilmişdir. Azərbaycan ərazilərində törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının kəsilməsi və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi sayəsində işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında təbii ekostemin bərpası da bu gün dövlətimiz qarşısında duran təxirə salınmaz vəzifələrdən biridir. Ermənistanın işğalı zamanı dağıdılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Təsadüfi deyildir ki, İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ətraf mühitin qorunması, yaşıllıqların artırılması iqtisadiyyata, xüsusilə də birbaşa aqrar sektora müsbət təsir edən amildir. Yaşıllıqlar dünyada tədricən qlobal problemə çevrilən su böhranının müəyyən edilmısində çox mühüm rol oynayır. Yaşıllıqlar təbiətdə suyun balanslaşdırılması, yağıntıların torpaqdan buxarlanması, yenidən yağıntılar şəkilində ərazilərə düşməsini müəyyən edir.
Keçən əsrin 90-cı illərində Azərbaycanda üzüm bağlarının kortəbii şəkildə məhv edilməsindən sonra yağıntıların miqdarı da azaldı, quraqlıq baş verdi. İndi “onlar qalsaydı böyük yaşıllıq sahələri idi”-deyə acı-acı xatırlayırıq. Yaşıllıqların qırılması, üzüm və digər meyvə bağlarının məhv edilməsi regionların sosial-iqtisadi həyatına olduqca mənfi təsir göstərdi.
Beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bir çox cəhətdən əhəmiyyətidir. Belə ki, bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizin stimullaşmasına və genişləndirilməsinə yeni təkandır. Və başlıcası ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da əsaslı təkan verəcəkdir.
Bu sərəncam həmçinin ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdləri arasında yaş səviyyəsinə uyğun tədbirlər təşkil etmək faydalı olardı.
Belə ki, məktəblilərin təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma işlərinə təşviq olunması və bu cür tədbirlərin təşkili məqsədəuyğundur. Sərənacamdan irəli gələn və keçirilməsi nəzərdə tutulan hər hansı tədbir şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata və digər ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktik bacarıqları və təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər.
Dünya sistemində müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlərin artan miqyası bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllini qaçılmaz edib. Ekoloji böhran təkcə elmi və texnoloji tərəqqinin nailiyyətləri ilə deyil, həm də təbiətə münasibətdə bir sıra dəyərlərin itirilməsi ilə əlaqədardır. Bu baxımdan, təhsil sahəsi köklü dəyişikliklərə məruz qalır. Ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi bu gün təhsil sistemi qarşısında ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşmasını ciddi bir vəzifə kimi qoyur. Qeyd etmək lazımdır ki, cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən dövlətimizə böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişilmələrinin qarşısının alınması işinə töhfə kimi qəbul edilməldir. Beləliklə, respublikanın təhsil sahəsində bu cür ekoloji tədbirlərin təşkili “Yaşıl dünya naminə həmrəylik ili”nə ən yaxşı dəstəkdir: həm ölkə yaşıllaşar, çiçəklənər, həm də gənc nəsl ekoloji mədəniyyətə sahib olar, ekoloji dünyagörüşü artar, təbiətə yanaşma tərzi və təfəkkürü formlaşar.
Yusif DİRİLİ (Mahmudov)
Qobustan rayon İqbal İbrahimova
adına Dərəkənd kənd tam orta məktəbin biologiya müəllimi
ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru