İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR


İsmayıl İmanzadə dövrümüzün məhsuldar və istedadlı şairlərindən biridir. Hələ sovetlər birliyi dövründə kitabları nəşr olunan, həmin illərdə Cəbrayıl rayonunda fəalyyət göstərən “Ümid” Ədəbi Birliyinə rəhbərlik edən və bununla rayon ədəbi mühitinin formalaşmasına güclü təsir göstərən şair-publisist kimi tanınır.

1993-cü ildə doğma ocağı erməni işğalçıları tərəfindən zəbt edldikdən sonra didərginlik taleyi ilə üzləşən İsmayıl müəllim məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşır və elə yaradıcılığını da bu əyalət şəhərində davam etdirir. Ölkənin müxtəlif bölgələrindən olan yazarları başına cəm eləyib Mingəçevir ədəbi mühitini yaradır. Azərbaycan Yazıçlar Birliyinin Mingəçevir Bölməsini qurur və ona rəhbərlik edir. Bölmənin rüblük ədəbi-bədii dərgisini təsis edir. Dərgi əvvəlcə “Mingəçevir leysanı” adı ilə nəşr olunur. Baş redaktoru olduğu bu dərgini sonralar XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan klassik aşıq sənətinin banisi, görkəmli el şairi, haqq aşığı Dirili Qurbaninin xatirəsinə onun məhşur “Bənövşə” şeirinə rəğmən “Bənövşə” adlandırır. Dərgi az vaxtda Respublika əhəmiyyətli, çox oxunan və görkəmli ədəbi simaların həvəslə çap olunduğu nəşr orqanına çevrilir. İ.İmanzadəni (Mərcanlı) yaxından tanıyanlar, onun yaradıcılığını izləyənlər yaxşı bilirlər ki, şairin ədəbi-ictimai fəaliyyəti kimi, yardıcılığı da dərin və əhatəli məzmunu, sadə və düşündürücü xüsusiyyətləri ilə Azərbaycan poeziyasında öz yeri, öz çəkisi olan bədii nümunələrdir. Bu barədə indiyədək çox deyilib, çox yazılıb. Necə deyərlər, peşəkar ədəbi tənqidin süzgəcindən keçib və layiqli qiymətini alıb. Bu yazıda isə bizim məqsdimiz şairin hazırda qloballaşan dünyamızda əhalinin ətraf mühitə münasibətini ehtiva edən, başqa sözlə, ədəbi-publisitik yazılarında yer alan ekoloji fkirlərdir. Doğrudur, çağdaş Azərbaycan ədəbiyyatı bu yöndə yaradıcılıq nümunələri ilə zəngindir, lakin biz İ.İmanzadənin yaradıcılığından örnəklər gətirərkən, sadəcə, müəllifin təbiət şeirlərini hallandırmayacağıq, daha çox bu yazılarda onun elmi məzmununa toxunacaq, əhalinin ekoloji tərbiyəsindəki faydasından danışacaq, gənc nəsldə ekoloji təfəkkürün formalaşmasına, ekoloji mədəniyyətin yüksəlməsinə təsirindən bəhs edəcyik.
Əvvəlcə uşaq şeirlərinə baxaq. “Gicitkan” şeiri bu cəhədən səcciyəvdir. Belə ki, şair burada daladığına görə acıqları gələn bu bitki haqqında uşaqlara, daha dolğun və elmi istiqamətli məlumat verməklə onlardakı yanlış təsəvvürü dağıdır. O, gicitkanın yayıldığı ekoloji şəraiti, onun biomorfoloji quruluşunu şeir dili belə ifadə edir:

Bitir çay qırağında,
Bağda, yaşıl talada.
Balaca yarpaqları,
Nəmnazik gövdəsi var.
Ancaq nə “boy-buxunu”,
Nə də ki, kölgəsi var.
Günəşin şüasına
Nişan verməz yerini…

Bu şeiri oxuyandan sonra məlum olur ki, gicitkan gölgəyədavamlı, sucaq və ya rütubətli yerdə bitən ot bitkisidir. İşığa tələbkar deyil. Gövdəsi nazikdir, lakin dalayıcı xüsusiyyətə malikdir. Bu da ona görədr ki, qorunub qala bilsin.

Toxunanda dalayır
Adamın əllərini…

Növün saxlanmasında bunun faydası böyükdür. Şeirdə qeyd olunduğu kimi, gicitkan çoxşaxəli müalicə əhəmiyyətli bitkidir. Belə ki, tərkibi vitaminlərlə və digər faydalı maddələrlə zəngin olduğu üçün bir çox xəstəliklərin müalicəsində effektiv təsirə malikdir.

Yüz dərdin dərmanıdır,
Düşür hər zaman yada.

“Kəpənək”, “Bizim arx”, “Günəbaxan”, “Söyüd” kimi uşaq təbiət şeirlərində elmi əsası olan fikirlərə rast gəlirik. Bu fikirlərin uşaqların ekoloji dünyagörüşünün formalaşmasında faydası vardır. Məsələn, “Günəbaxan” şeiri yalnız bu bitki haqqında ümumi təsəvvür vermir, həm də onun heliotrop xüsusiyyəti nəzərə çarpdırılır. “Bizim arx” şeirində isə abiotik amil kimi suyun ekoloji əhəmiyyəti açıqlanır.
Bioloji növlərin fəsil dəyişkənliyinə uyğunlaşması ekologiyanın tədqiqat sahələrindən biridir. Bu məsələ ümumtəhsil məktəblərində geniş tədris olunmasa da, müəyyən qədər öyrənilir. Məsələn, növün həyat tərzi üçün xarakterik olan və əsasən, çoxalma dövründə müşahidə edilən mürəkkəb davranış hərəkətləri, o cümlədən yuvalama, balavermə, habelə qidalanma, müdafiə, sərt qış öncəsi tüləmə, köçüb getmə, daha çox cücülərdə rast gəlinən instinktiv xüsusiyyətlər, bitkilərin ömründə xəzan hadisəsi bura aid edilir. Maraqlıdır ki, ən qədim çağlardan bu günədək klassik ədəbiyyatımızda, həmçinin digər yaradıcı sahələrin müxtəlif janrlarında bu problemə toxunulmuş, müəlliflər bilik səviyyələrinə uyğun problemə münasibət bildirmiş, bununla da ətraf mühitin öyrənilməsinə və qorunmasına az-çox köməklik göstərmişlər. Şübhəsiz, istedadlı və təcrübəli bir şair-publisist kimi İsmayıl İmanzadənin əsərlərində də ekoloji maarifçilik meyilləri, təbiətin elmi şəkildə öyrənilməsi və mühafizəsi məsələsi diqqəti cəlb edir.

Durnа аvаzındа qаyıdаn bаhаr
Səsləyir yuvаyа qаrаnquşlаrı. (“Yaz gələndə”)

Qeyd etmək lazımdır ki, ədəbiyyatımızda yer alan nümunələrin əksəriyyətində qaranquşun gəlməsi ilə yazın gəlməsi kimi səhv ifadəlr mövcuddur. Görkəmli təbiətşünas alım, professor Qara Mustafayev haqlı olaraq deyir ki, baharı qaranquş gətirmir, yazın gəlişi qaranquşu gətirir (havalar qızır, bol qida və balaçıxarma imkanı yaranır). Bu cəhətdən şair İsmayıl İmanzadə probblemə doğru yanaşır.

Yazın yolunu gözlədim,
Durna köçünü izlədim.

Müəllifin bu msraları yuxarıda bəhs etdyimiz fikri təsdiqləyir.
Payızda isti ölkələrə yem dalınca gedən durnalar da, qaranquşlar da, digər köçəri quşlar da soyuq qış fəsli yazla əvəz olunan təki geri qayıdırlar. Əlbəttə, bu hadisə üzvi aləmin təkamülündə minlliklər boyu qazanılmış bir uyğunlaşma kimi xüsusi əhəmiyyət daşıyır.

Hər quşun öz köçü, öz yuvası var. (“Baş alıb gedirəm”)

Doğurdan da, bütün köçəri quşlar heç də köç vaxtı bir istiqamətdə, eyni qaydada uçmurlar və bunun elmi əsası vardır. Yuvalayan quşların bəziləri isti ölkələrdən qayıtdıqda köhnə yuvalarına gəlir, dağılbsa bərpa edib orda yumurta qoyur, bala çıxarırlar. Bəzi quş növləri isə yeni yuva qururlar. Şair bu cəhətdən haqlıdır.
İ.İsmayılzadə təbiətə ruhən bağlı şairdir. Apardığı praktik müşahidələr ona təbiətdəki hal və hadisələrin başvermə səbəblərinə varmağı, doğru nəticəyə gəlməyi, bununla da poeziyamızı elmi əsaslara söykənən informasiya ilə təchiz etməyə imkan verir. “Necəsən?” şeirindən bir nümunəyə nəzər yetirək:

Nərgizin şəklini qаr üstə çəkən
Bаhаrım, хоş gördük, yаzım nеcəsən?.. (“Necəsən?…)

Qışın sərt soyuğu çəkilməmiş – yazın ilk günlərində nərgiz çiçəyinin, novruzgülünün çiçəkləməsi adama maraqlı gəlir və şair bunu bədi ifadəlrlə özünəməxsus tərzdə diqqətə çatdırır. “Nərgizin şəklini qаr üstə çəkmək” ifadəsi bu bitkinin erkən yazda, hələ qar tam ərimədiyi bir vaxtda çiçəklədiyinə işarədir. Onun poetik bir dillə bu şəkildə verilməsi şeirin oxunaqlığı ilə bərabər müəyyən elmi təsəvvür də yaradır.
Bitkilərin inkişafında abiotik faktorlar mühüm rol oynayır. Başqa sözlə, üç əsas amil bu prosesə təsir edir: Su, hava və istilik. Şübhəsiz, qida mühti kimi torpağın əhəmiyyəti də misilsizdir. İ.İmansadənin yaradıcılığında bunları özündə əks etdirən fikirlər çoxdur. Onun “Tənha söyüd ağacı”, “Daş üstə bitən çiçək”, “Anlara bənzəyən sular”, “Yağışa bax, yağışa”, “Külək”, “Kürüm”, “Öpdüm” kimi şeirləri bu baxımdan olduqca səcciyəvidir.

Qabarıb üzə çıxan
Köklərin nə gündədir?
Saralan yarpaqların
Yağış həsrətindədir. (“Tənha söyüd ağacı”)

və ya

Çəmənin naxışı, yaraşığıdır
Şehin közərtisi, yazın yağışı. (“Anlara bənzəyən sular”)

Canlı orqanizmin həyat fəaliyyətində suyun böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, “yeməksiz yaşamaq olar, susuz yox” zərb-məsəli yaranmışdır. Su yaxşı həlledici olduğuna görə hüceyrələrdə gedən bütün biokimyəvi reaksiyalarda fəal iştirak edir. Bu, həm də o deməkdir ki, orqanizmdə enerjinin yaranmasına səbəb olan oksidləşmə prosesləri də bilavasitə, su mühiti olmadan mümkün deyildir. Hüceyrə və toxumalarda üzvi maddələrin parçalanması, qeyri-üzvi maddələrin ionlar şəklində toplanması və daşınması da bilavasitə su ilə bağlıdır. Bir sözlə, orqanizmin kompleks şəkildə yaşayışında su başlıca şərtdir və onun əsasını təşkil edr. Ona görə də, şair əbəs demir ki:

Dodağın çat-çat olar,
Bircə damla su üçün… (“Daş üstə bitən çiçək”)

Su kimi istliliyin – temperaturun da cansız mühit amili təki canlı orqanizmlərin həyat fəaliyyətində, onun inkişafında rolu böyükdür. Orqanizm müəyyən optimal hədd daxilində fəaliyyət göstərə bilir. Maksimum həddi keçdikdə, yaxud temperatur həddi minumuma endikdə canlı öz fəaliyyətini dayandırır. Bu məsələyə diqqət yetirən şair təsadüfi yazmır ki;

Bir istəkdir bəlkə bu da
Könül verdim suya, oda. (“Öpdüm”)

İ.İmanzadənin şeirlərində abiotik amil kimi küləyə də toxunulur. Bitkilərin həyatında mühüm hadisə sayılan tozlanmanın izahı baxımından küləyə münasibət maraq doğurur:

Sığal çəkər, düzə, dağa
Dönər yaşıl tumurcuğa.
Bənzər çeşmədə muncuğa,
Çiçəkləyər yaz küləyi. (Külək)

Bitkilər təkamül prosesində küləklə, cücülərlə və öz-özünə tozlanmaya uyğunlaşıblar. Deməli, külək çoxalma dövründə çarpaz tozlanmanı həyata keçirən amillərdən biridir. Təsadüfi deyildir ki, çiçəkli bitkilərdə tozlanma və ikiqat mayalanma hadisəsini təkamülün başlıca istiqaməti sayılan aromorfoz hesab edirlər.
Külək həm də, atmosferdə hava balansının qorunub saxlanmasında bütün canlılar üçün çox vacib olan bir prosesi həyata keçirir; daim havanın tərkibini qarışdırmaqla çirkil mühitin qatılığını azaldır və bərabər paylayır.
Təbiətdə növün daim digər növlərlə və əlverişsiz mühit şəraiti ilə mübarizəsi gedir və biologiyada bu, “yaşayış uğrunda mübarizə” adlandırılır. Çarz Darvinin fikrincə, bu, mühitin canlı və cansız amilləri ilə qarşılıqlı münasibətidir. Növdaxili (eyni növlər arasında), növlərarası (müxtəlif növlər arasında) və əlverişsiz mühitlə mübarizə (ətraf mühit amilləri-quraqlıq, rütubət, istilik, soyuqluq, duzluluq və s.) kimi formaları vardır. Müəllifin “Daş üstə bitən çiçək” şeiri yaşayış uğrunda mübarizənin üçüncü formasına əyanı misaldır.

…Dəli küləklər səni
Sınağa, bərkə çəkir.
Köklərin dözümlüdür, –
Yükünü birgə çəkir.

Hündür dağların müxtəlif hündürlüklərində eyni növ bitki və ya heyvan xarici mühit şəraitinin təsirindən morfoloji baxımdan dəyişikliyə uğrayır. Məsələn, yuxarı – bərk külək tutan yerlərdə dözüb qalmış bitkilər adətən alçaqboylu olur. Ancaq kökünün dözümlü olması bu cür əlverişsiz şəraitdə növün qorunub saxlanmasına səbəb olur. İsmayıl müəllimin yuxarıda nümunə gətirdiyimiz şeiri buna parlaq misaldır.
Ta qədim zamanlardan suvarma sistemlərinin yaradılması və inkişaf etdirliməsi əkinçilikdə geniş bir tarixi dövr üçün əsl inqilab yaratdı. Susuz səhralara su çəkildi, dəmyə torpaqların hesabına əkin sahələri daha da artırıldı. Bütün bunlar əhalinin tələbatlarının ödənilməsində böyük təkan oldu. Azərbaycan Republikası su ehtiyatına görə kasıb ölkələrdən sayılır və Cənubi Qfqazda qonşu dövlətlərlə müqayisədə geri qalır. Bunların fövqündə təbii ehtiyat su mənbəyi kimi istər içməli su, istərsə də sənaye və kənd təsərrüfatı əhəmiyyəti baxımından Araz və Kür çayları əvəzsiz su sərvətlərimizdir. Şair kənd təsərrüfatında suyun oynadığı rolu “Kürüm”şeirində necə də gözəl verib:

Dalğalı sinəsi qabar-qabardı,
Ağdaşda heyvadı, Göyçayda nardı.
Torpaqda göyərən dəndi, nübardı –
Vaqifin qoşması, qəzəli Kürüm

Şair İsmayıl İmanzadənin təbiət şeirlərinin mayasında təbiət lövhələri durur:
Təbiətin gözəlliyi, zənginliyi, həyat üçün gərəkliyi, çoxçeşidliyi – hansını istəsən bu şeirlərdə görmək olar. Onları diqqətlə oxumaq və mahiyyətinə varmaq bəs dər ki, təbiəti sevəsən, qoruyasan:

Sıldırım qаyаlаr üzündə yаşmаq,
Çətindir hər gizli sirrini аçmаq.
Çəmənlər çеşnidi, sаl dаşlаr bаşmаq,
Cığırlаr аrğаcdı-köşədi, dаğlаr. (“Dağlar”)

Dağ döşündə düşüb qalan aynadır,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır-
Bu gözəli saçlarından kim asıb? (“Şəlalə”)

İsmayıl İmanzadənin poeziyasında canlı və cansız təbiətin kompleks şəkildə yaşamasından, birgə fəaliyyət göstərməsindən, burdakı orqanizmlərin qarşılıqlı münasibətlərindən bəhs edən aşağıdakı misralar da diqqətə layiqdir:

Hər çəmənin, hər çölün
Çiçəyi, gülü ayrı.
Çeşmənin zümzüməsi,
Meşənin dili ayrı. (“Halallıq”)

Ekologiya elmində ətraf mühit komponentlərinin birgəyaşayışı kimi “ekoloji sistemlər” anlayışı mövcuddur (qısaca, “ekosistem-Y.D. ). Göstərilən nümunədə çəmənliyin, çeşmənin (burada bulaq, çay, göl və s.), meşəliyin, düzənlik ərazinin ekosistemi poetik yolla ümumi şəkildə təsvir edilir, hər ekosistemin özünəməxsus bitki növləri (çiçəyi, gülü ayrı) olduğu qeyd edilir ki, bu da elmi cəhətdən düzgün yanaşmadır.
Ismayıl müəllimin şeirlərini oxuduqca, yaradıcılığı ilə ətraflı tanış olduqca bu qənaətə gəlirsən ki, o, bir şair kimi gözəl müşahidəçidir və təbiətə bir ziyalı kimi yalnız pozitiv münasibəti vardır. Ona görədir ki, vəsf etdiyi hər bir canlını özü kimi təqdim edir; sanki yazmır, şəklini çəkir. Fikrimizi təsdiq üçün “Söyüd” şeirini nəzərdən keçirək.

Töküb hörüklərini
Suların sinəsinə…
Elə bil ki, sulara
Qarışıb axır söyüd… (“Söyüd”, 1964)

El arasında “salxım söyüd” adlandırılan adi söyüd su hövzələrinə yaxın yaşayan, rütubətsevən bitkidir. Budaqları nazik və yumşaq olduğu üçün qız hörükləri kimi daim aşağı sallanır ki, bu da bitkinin morfoloji quruluşuna uyğundur. Həmçinin şair söyüdün “susuz arxa qısılması” (“Tənha söyüd ağacı”) ifadəsini işlətməklə obrazlı şəkildə onun yaşayış şəraiti, yayılma yeri ilə bağlı elmi informasiya vermiş olur.
Biotik faktorlardan biri kimi insanın təbiətə (antropogen) təsiri çoxcəhətlidir. Elektrotexnikanın inkişafı, nəqliyyat, rabitə, sənaye və kənd təsərrüfatı, insanın digər fəaliyyət sahələri ətraf mühitə güclü təsir göstərir. Lakin bunlardan daha güclüsü müharibələrdir. Belə ki, müharibə gedən ərazidə hər dəqiqə ölə biləcəyini düşünən adamlar, ətraf mühitin qorunması haqqında heç bir qayda-qanuna əməl etmirlər. Ona görə də təbiət sözün geniş mənasında dağıdılır (Mustafayev, 1993). Müharibə əhalinin psixoloji cəhətdən sağlamlığına da mənfi təsir göstərir. Şairin Dirili Qurbaninin məhşur “Bənövşə” şeirinə nəzirə yazdığı eyni adlı şeirdə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri talançılıq və dağıdıcılq hərəkətləri aydın görünür.

Obam yağmalandı, yuvam talandı
Diridə daşlar da oda qalandı.
Əsdi qara yellər, sular bulandı
Yaman perik düşdü elim, bənövşə. (“Bənövşə.”)

Əlbəttə, bu cür hallar əhalinin psixoloji durumuna neqativ təsir etməyə bilməz.

Dillər əzbəriydi ordakı meşə…
… Yurddan perik düşüb, tuş gəldik dərdə
Gör nələr itirdik, gör nələr, qardaş. (“Hanı o dağ, o meşə”)

Sıx meşə örtüyünə, zəngin faydalı qazıntı yataqlarına malik olan Qarabağ təbiətinin işğalçı ermənilər tərəfindən amansızlıqla qarət və talan edilməsi faktı artıq nüfuzlu beynəlxalq təşkilatlara da məlumdur. Bu problem dəfələrlə Milli Məclisdə, eləcə də Avropa Şurasının Parlament Assambleyasında səsləndirilmiş, dövrü nəşrlərdə yayılmış, elmi tədqiqata cəlb olunmuşdur. İsmayıl müəllim füsunkar Azərbaycan təbiətinin işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmasını bu cür təsvir edir.

Yağmalanan sərvətin
Onsuz da göz dağıdır.
Sənin gözəlliyin də
Elə sənə yağıdır. (“Talesiz məmləkətim”)

Əsirlikdə qalan, girov götürülən təkcə əhalimiz deyil, təbii sərvətlərimiz də əsirlikdə “əzab çəkir.” Ona görə də gec-tez ərazidən qovulacaqlarını anlayan ermənilər mümkün qədər təbiətimizə daha çox zərər vurmağa çalışırlar.

Yaralı beşiyim, torpağım əsir,
Kəhrizim, çinarım, yarpağım əsir. (“Əzəldən dərd içindəyəm”)

Müharibənin yaratdığı ekoloji problemlərdən biri də atəş səslərinin, hərbi tullantıların ərazidə yayılması, su hövzələrinin və torpağın çirkləndirilməsi, hərbi texnika və qurğuların torpağın münbit üst qatını sıradan çıxarması və eroziyaya uğratması, sığınacaq kimi istifadə olunan meşəlik və torpaqların dağıdılmasıdır. Uzun illər burada məskunlaşan heyvanlar sadalanan səbəblərdən ərazini tərk edir, nəticədə növ müxtəlifliyi azalır, yaxud onların nəsli kəsilir. Bu isə çox ciddi ekosid kimi qiymətləndirilir.
“Kəkliyin” şeirində müəllif müharibənin heyvanlara neqativ təsirini necə də yanıqlı verib.

Çiliklənib Dəlidağın nərəsi,
Qan ağlayır hələ Laçın dərəsi.
Perik düşüb elə bil ki, fərəsi,
Səsi ərşə qalxıb ana kəkliyin.

və ya

Yamacda yuvası qurulu qalıb…
Bəlkə yol azıbdı dumanda, sisdə,
İşartı axtarır hələ də səsdə.
Dağılıb xınası daşların üstə,
Batıb ayaqları qana kəkliyin… (“Kəkliyin”)

Müasir dünyada bəşəriyyəti hər an gözlənilə bilən nüvə müharibəsi təhlükəsindən sonra daha çox qlobal ekoloji problemlər narahat edir. Bu, məsələnin kifayət qədər ciddiliyindən xəbər verir: həyata keçirilən tədbirlərə baxmayaraq, biomüxtəlifliyin kəskin azalması, əvəzində səhralaşma prosesinin getdikcə sürətlənmsi, dioksin təhlükəsi, zülal aclığı, içməli su çatışmamazlığı, ozon ekranında antropogen təsirlərdən əmələ gəlmiş dəliklərin sayca artması və genişlənməsi, istixana effektinin yaranması və nəticədə qlobal istiləşmə, iqlim dəyişməsi… Bu cür problemlər xırda şəkildə əhalinin ətraf mühitə təsirinin mövcud olduğu qədim dövrlərdən başlanıb. Təsərrüfat fəaliyyəti genişləndikcə problem daha da kəskinləşib və dönməz xarakter alıb. “Mingəçevir dənizi” şeirində göstərildiyi kimi meşələrin kütləvi talan edilməsi ağır nəticələrə gətirib çıxarır.

Çinar boylu Samuxun
Meşə məzarı üstə,
Gizli-gizli hönkürən
Suların işıq seli.

Zarafatyana yazılmış “Gətir” şeirində isə meşəni talan edən işbazların onu qorumağa borclu olan meşəbəyi ilə əlbirliyi satirik şəkildə ifşa olunur.

Bacarsan məst eylə meşəbəyini,
Ağac kəsə bilsən orda yon göndər.

Sənaye müəssisələrinin istehsalat tullantıları, eləcə də məişət qalıqları yararlı torpaq sahələrini və su hövzələrini çirkləndirməklə onları yararsız hala salır, dolayı yolla canlı orqanizmlərə zərərli təsir göstərir. Qeyd olunan problem bu gün də aktualdır. Şair İ.İmanzadə haqlı olaraq, canlı orqanizmlərin vaxtsız ölümünü torpağın, suyun və havanın zəhərlənməsində görür. Bu problemi o, “Təlaş” şeirində belə təqdim edir:

Yarpaq saralmamış budaqdan düşür.
Bulanıb dünyanın suyu, havası…
Bilinmir torpağın dərdi, davası.

Əlbəttə, bu, bir vətəndaş şairin mövcud problemin yaratdığı çıxılmaz durumdan təlaş keçirməsidir.
Hazırda işğal altında olan Cəbrayıl rayonu özünəxas təbii sərvətlərlə zəngin olmuşdur. Ölkəmizin ən yaşlı çinar ağacları bu rayonda idi. Akademik V.Tutayuq 1960-cı illərin sonunda Respublika üzrə apardığı tədqiqatlar zamanı müəyyən etmişdir ki, Azərbaycanın iki ən yaşlı ağacı (2800-3000 il) Fuğanlı və Karxulu ərazisindəki Şərq Çinarlarıdır (buna Barmaqvariyarpaq Çinar, el arasında isə “Xan Çinar” da deyirlər. Azərbaycanda yalnız qeyd olunan bir növü bitir). Ümumiyyətlə, Cəbrayıl çinar və kəhrizləri ilə bol olmuşdur. Biz şairin əsərlərində bu fakta tez-tez rast gəlirik. Yeri gəlmişkən, Respublikada bol sulu və sayca daha çox kəhrizlər də Cəbrayılda idi.

Salam Bülur Kəhrz, “Çoban bulağı”,
Xan Çınar, gözümün ağı, qarası. (“Cəbrayılda qalan dünyam”)

Cəbrayıl şəhərindəki 500-dən çox yaşı olan (hazırda 600 ilə yaxın) məhşur çinar ağacı çoxlarının yadında xoş xatirə kimi qalıb. Ağacın gövdəsinə bənd edilmiş üç mərtəbəli restoran-kafe həm yerli sakinlərin, həm də qonaqların dilinin əzəbərinə çevrilmişdi. Əla istirahət üçün gözəl məkan olan “Çinar” kafesi gerçəkdən bənzərsiz idi. Bu nəhəng, qollu-budaqlı şahanə ağacın altından axan buz kimi bolsulu büllüur kəhriz “Çinar-Kafe”yə daha bir möhtəşəmlik qatırdı. Bununla belə, təbiət abidəsi kimi bu çoxyaşlı ağac ona restoran-kafedən dəyən ziyandan “əziyyət çəkirdi.” Səhərdən axşamadək tüstülənən samovar və manqallardan ayrılan tullantılar, maraq yaratsin deyə birbaşa müştərilərin əyləşdiyi otaqlardan keçib bayıra çıxarılan budaqlar və ağacın gövdəsi həqiqətən bizim çox da əhəmiyyət vermədiyimiz zərərli maddələrə üz-üzə qalmışdı, bu mənzərə kənardan nə qədər gözəl görünsə də belə. Baxın, şair İmanzadə hələ o vaxtlar bu nəhng təbiət abidəsinə vurulan zərbəni necə də real təsvir edirdi:

…manqal qəlyanından
Tüstü qalxar səhər-səhər.
Babam çinar,
Elə bircə sənə görə
Yüz illərdir bu oymağa
Qibtə edir neçə şəhər.
Sinəndəki o zədələr
Nadanların hədəsimi,
Əsrlərin cizgisimi?! (“Salam, çinar”, 1980)

Yadımdaır ki, 1976-cı ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, mərhum akademik Həsən Əliyevin göstərişi ilə restoran Çinarın gövdəsindən söküldü və havasızlıqdan boğulan Çinarın sanki qol-qanadı açıldı, daha sərbəst tənəffüs etməyə başaldı. Inkişafı intensivləşdi, görkəmi bir az da artdı. Qeyd edək ki, söküntüdən əvvəl Çinara münasibətlə bağlı “Kirpi” jurnalı bir satirik məqalə çap etmişdi. Bu, sökünütü işlərinə bir təkan oldu…
1982-ci ilin qiymətləndirilməsinə əasasən Respublikanın ən yaşlı ağalarının siyahısı tərtib edilərkən, qorunan təbiət abidəsi kimi həmin Çinar ağacı da siyahıya daxil olunmuşdu. Nə yazıq ki, sonradan o yaşlı ağac işğalçı ermənilər tərəfindən dinamitlə kökündən partladılaraq məhv edildi.
İnsanın ətraf mühitə təsiri, tarixi baxımdan ibtidai icma dövründən ovçuluqla başlayır. Ovçuluğun təbiətə neqativ təsiri bu gün də aktualdır. Dövlətimizin ovçuluğu tənzimləyən qanun və qəraları mövcuddur. Məsələn, hər növdən olan ov heyvanlarının ovlanması düzgün deyildir. Müvafiq dövlət qurumu məhz hansı heyvanı, nə vaxt, hansı yaşda ovlamağı müəyyən edir, əks təqdirdə cəza tətbiq olunur. Qanunların hakim olmadığı dövrlərdə bu problem xalq qınağı yolu ilə həllni tapıb, xüsusiilə, folklor burda böyük və təsirli rol oynayıb. Məsələn, bəzi heyvanlar müqəddəsləşdirilərək ovlanması qadağan edilib. Çoxalma vaxtı hər hansı canlını öldürmək yasaqlanıb. Belə münasibət daha çox sayı az olan nadir növlərə tətbiq edilb. Uzun illərin müşahidələrinə söykənib ondan əməli nəticə çıxaran babalarımız bunu bizdən yaxşı biliblər.

Göyərçin alabaxta
Qanadı taxta-taxta.
Onu vuran bəy oğlu,
Qan qussun laxta-laxta.

Doğrudur, indi çətin ki, maddi cəhətdən böyük imkanı olan, yaxud vəzifəli şəxs və ya onun oğlu, qohumu haqqında bu cür sərt ittiham irəli sürülsün. Ancaq onu poetik üsullarla tərbiyə etmək, hərəkətlərindəki naqislikləri ona anlatmaq, belə halların ziyan gətirə biləcəyini başa salamaq uzun çəksə də, fayda verə bilər.
Şairin “Ovçu Məmməd” şeiri ovçuluğun ətraf mühitə, canlı təbiətə təsirini öyrənmək cəhətdən mükəmməl nümunə sayılmalıdır.

Yaşıl tala ceyran, cüyür soraqlı
Yanma görüm tənhalığın oduna.
Yamaclarda turac, kəklik nə gəzir,
Indi necə ovçu deyim adına?

Niyə qıydın gözəllyə, niyə sən
Perik düşüb torağaylar örüşdən.
Boz sərçələr ağlar qalıb deyəsən,
Söylə görək heç bezdinmi bu işdən?

Bu şeirin mahiyyətində xalq qınağı dayanır . Onun bədii şəkildə çatdırılması, hər kəsin əzbərində şifahi yolla sonrakı nəsillərə ötürülməsi təbiətə zərərli münasibətin aradan qalxmasında faydalı ola bilər. “Ovçu keçmə bərədən” şeirində də şair yuxarıdakı fikirlərini davam etdirməklə, təbiətin nadir incilərinə qarşı çıxanları, onlara güllə atanları sərt qınaqla üz-üzə qoyur. Anladır ki, çəmən-çiçək min dərdin əlacı ikən, hələ səhərin gözü açılmamış, “hələ çiçəklərin yuxulu, yamacların gül qoxulu” çağında kəkliyi, turacı hədəfə götürmək nəyə gərəkdir? Axı insanın dərdi, əlacı təbiətdədir. Təbiət Loğmandır, şəfa mənbəyidir, gözəllik məskənidir. Ona necə qıymaq olar?! Ovçunu ədalətli olmağa, güllə atdığı heyvanı yaxşı tanımağa çağırır, “əgər qan tökəcəksə, ov etdiyi gədiklər, dağlar da üzünə baxmayacaq”, – deyə az qala nadir təbiət incilərini sərbəst buraxmağın xətrinə ovçuya yalvarır:

…Düşsən maral izinə,
Dağlar baxmaz üzünə.
Dönüm sənin gözünə
Ovçu keçmə bərədən.

Burada Məhəmməd Füzulinin qəhrəmanı Məcnun obrazı yada düşür. Ovçunun əlindən ov heyvanlarını alıb azad buraxan Məcnunun bu yaxşılığının əvəzində vəhşi heyvanlar ölüncə onu tək qoymur, sədaqətli dostlarına çevrilirlər.
Şair-publisist İsmayıl İmanzadənin yalnız şeirlərində yox, həm də nəsr əsərlərində ətraf mühitə – torpağa, suya, bitkiyə, heyvana, digər amillərə dair nümunələr də diqqəti cəlb edir. “Yaxşılığın əvəzi” hekayəsində Ovçu Abdulla və oğlu Əziz ov zamanı armud ağacının şaqqalanmış gövdəsində sıxılıb qalan və həyacanla nərə çəkən ayını çətinliklə də olsa xilas edirlər. Ancaq nə ayıya, nə də onun balalarına xətər yetirmirlər. Hekayədə qeyd olunur ki, ayı borclu qalmır və öz xilaskarlarını ardınca getmələrinə işarə edir. Məlum olur ki, ayı yaxşılığın əvəzində onlara ağacın koğuşundakı balı sovqat vermək istəyir.
Ümumiyyətlə, təbiətə qayğıkeş münasibət heç vaxt unudulmur, nə zamansa əvəzi qaytarılır. Nağıllarımızda da, dastanlarda da, digər folklor nümunələrində də bu bir arzu kimi, istək kimi özünü qabarıq göstərir. Fikrimizcə, məqsəd təbiət-insan münasibətlərində bir harmoniya, bir kompleks görmək, insanın yaranışından əvvəlki təbiətin tamlığını bərpa etmək diləyidir.
Qeyd etmək yerinə düşər ki, ovçuluğu heç də tamamilə təbiətə zərərli münasibət kimi qiymətləndirmək düzgün deyildir. Müvafiq qaydalar çərçivsində onun faydalı tərəfləri də vardır.

Ovçuluğa uyam hərdən,
Şehli çiçək ovum ola. (Ola)

Şeirdən də göründüyü kimi, ovçuluq həm də mənəvi tələbatı ödəməkdir – istirahət etmək, dincəlməkdir. İdman vasitəsi kimi də faydalıdır. Heyvanları yaxından tanımaq, davranış və həyat tərzini öyrənmək baxımından da əhəmiyyətlidir. Ovçuluq təsərrüfatlarının yaradılması və genişləndirilməsi bu sahədə bir çox problemlərin həllinə yönəldilə bilər: heyvanların sayının tənzimlənməsi, brakonyerlərə qarşı mübarizə, ovçuluq turizmi, ov əti ilə təmin etmə, xəstə heyvanların profilaktikası və s.
“Ömürdən uzun gecə”, “Elat sovqatı”, “Tövbə qapısı” kimi hekayələri, “Xocalı notları” və “Ağlayan göz yaşları” pyesləri, eləcə də br sıra şeirləri, xüsusilə, bayatıları şair İsmayıl İmanzadənin insanın ekologiyasına tipik nümunədir. Bunların hər birində əhalinun milli- mənəvi dəyərləri, xarakterik cizgiləri öz əksini tapıb.
Şübhəsiz, ekoloji fikirlərin inkişaf etdirilməsi və təbiəti bədii üsullarla öyrənmək cəhətdən Azərbaycan ədəbiyyatı çərçivəsində sevimli şairimiz İsmayıl İmanzadənin dəsti-xətti həmişə qalacaq, gənclərimiz üçün, ətraf mühitə münasibət tarixini araşdıranlardan ötrü açıq mənbə olacaqdır.

Yusif DİRİLİ (Mahmudov),
Ətraf mühit üzrə tədqiqatçı