SAĞSAĞAN – OLDUĞU KİMİ


“XEYİR XƏBƏR CARÇISI”NA İNDİ İNANAN AZDIR

Sağsağan (Pica pica) – quşlar sinfinin qarğalar fəsiləsinə aid cinsdir. Bu cinsin mavi sağsağan, qirmızıdimdik göyümtül sağsağan, yaşılımtıl sağsağan və s. kimi növləri vardır. Bədəninin rəngi ağ-qaradan, tünd-yaşıl, yaxud metal parıltısına malik göy rəngə qədər dəyişir. Bədənlərinin uzunluğu 45-48 sm, çəkiləri 160-250 q-dək olur.

Polarktika və Şimali Amerikanın şimal-qərbində, Ukraynada, Rusiyanın Maqadan vilayətində, tundra və səhradan başqa hər yerdə, Avropanın şimalında, Mərkəzi Asiya və Hindistanda, Qərbi-Şərqi Afrikada, o cümlədən Azərbaycan Respublikasının bütün düzənlik və dağətəyi zonalarında yayılıblar. Sağsağanlar çay dərələri boyunca dağların 1800 metrədək hündürlüklərinə qədər uçub qalxırlar. Oturaq həyat tərzinə malik olan bu quşlar seyrək və alçaqboylu meşələrdə, kolluqlarda, ağaclıqlarda, xırda meşələrin kənarında, dağ və dağətəyi zonalarda, yarğanlarda, bağ və parklarda, qismən çay vadilərində və kiçik çaylar boyunca olan pöhrəliklərdə yaşayırlar. Sağsağanlar geniş meşə massivlərindən qaçırlar. Cütlərlə yaşyır, qış dövründə də bir yerdə olurlar. Payızda onlar yuva yerlərindən uzaqlaşır və dəstə halında uçurlar. Qışda çoxlu qar düşən vaxtlarda əhalinin yaşayış məskənlərinə yaxın yerlərdə dolanaraq özlərinə yem gəzirlər.
Sağsağan – hər şey yeyən quşdur. Belə ki, qida rasionunda əsas yeri müxtəlif həşəratlar (o cümlədən zərərli cücülərdən xırıldaq böcək, taxılbiti, taxtabiti, mişarçı böcək, çəyirtkə, kəpənək və b. ) və onların sürfələri tutmaqla bərabər, molyusklar, xırda quşlar və quş yumurtaları, onların balaları, kiçik ilanlar, kərtənkələ, balıq və insanlar tərəfindən atılan hər cür qida qalıqları, bitki mənşəli qidalardan meyvələr və toxumları (taxıl dəni), o cümlədən günəbaxan, yemiş, boranı, qarpız, müxtəlif alaq otların tutur. Bundan başqa, sağsağanın qidasını təsərrüfata ciddi zərər verən kolorodo böcəyi, siçovulabənzər gəmiricilər də təşkil edir. Sağsağanın çoxalma dövrü erkən yazda, mart ayında başlayır. Əvvəlcə yuva qurulur. Yuvanı erkək və dişi sağsağan birlikdə sıx budaqları olan kolluqlarda, yaxud 2,5-18 m hündürlüyü olan ağaclarda düzəldirlər. Yuva kürəşəkilli olub, mühitdən yaxşı gizlədilir. Bayır tərəfi qalın və uzun budaqlardan hörülən kasaşəkilli yuvanın əsas hissəsi gil və ya armatur qırıqlarından, nazik dəmir çubuqlardan, eləcə də ağac kötüklərindən ibarət olur. Yuvanın inşasında istifadə edilən budaqlar yuxarı və yan hissələrdə əyilərək tağ əmələ gətirir. Yuvanın bu cür formada tikilməsinin əhəmiyyəti vardır. Belə ki, yumurta və ya sağsağanın körpə cücələri düşmənlərdən etibarlı qoruna bilir. Yan tərəfdən giriş üçün deşik qoyulur. Yuvanın qurulduğu ərazidən asılı olaraq, döşəmə hissəsi yumşaq ot və ya heyvan tüklərindən (yunundan) hazırlanır. Yuvalar iri olub, hündürlüyü 87-98 sm, xarici dimateri 44-52 sm, daxil diametri, 17-20 sm və dərinliyi 7,5-9,5 sm olur.
Sağsağanlar bir qayda olaraq, cənub rayonlarda martın axırı, aprelin əvvəlində, şimalda isə may ayında yuvalayır və adətən yuvaya 34,1 X 24,2 mm ölçüdə, yaşımtıl-göy, çil-çil ləkəli 3-9 yumurta qoyurlar. Yumurtaların üzərində dişi fərd 17-20 gün kürt yatır. Erkək sağsağanın funksiyası onu yemləmək, həm dişini, həm də yumurtaları hər an gözlənilən təhlükələrdən qurumaqdır. Erkək quş dişini yemləməkdən ötrü gün ərzində 3-7 dəfə yuvaya daxil olur. Təhlükə baş verərəcəyini hiss edən kimi həyəcanlı çığırtı ilə yumurta üzərində kürt yatmış dişini xəbərdar edir. Onlar aldadıcı manevrlərlə yuvadan uzaqlaşaraq həm özlərini, həm də yumurtaları qoruya bilirlər.
İlk günlər yumurtadan çıxmış cücəni dişi sağsağan bədəni ilə qızdırır. Yemi ana və balaya ata sağsağan daşıyıb gətirir. Sonrakı vaxtlar böyüməkdə olan cücələri hər iki valideyn birlikdə yemləyirlər. Körpə sağsağanlar yuvada təxminən dörd həftə qalırlar. Yuvada qldığı vaxtlarda balalar sürətlə böyüyr. Orta qurşaqda cücələr mayda, yaxud iyun ayında yumurtadan çıxır. Sibirdə isə çoxalma dövrü nisbətən gec başlayır. Qeyd edək ki, çoxalma zamanı sağsağanlar bəzən xırda koloniyalarda yuvalayırlar.
Sağsağanın balaları ilk vaxtlar yaşlı quşlarla birgə dolanır və yuva yerlərindən uzağa uçub getmirlər. Başqa sözlə, yuvanı tərk etdikdən sonra balalar oradan çox da uzaqlaşmır, qonşu ağacların çətirləri altında dolaşırlar. Valideynlər onları nəzarətdə saxlayır və 24-30 gün yemlə təmin edirlər. Bir müddət keçdikdən yetkinləşən sağsağanlar artıq uçaraq uzaq məsafələrə yayılmağa başlayırlar. Payızda sağsağanlar çox da böyük olmayan dəstələr əmələ gətirməklə, insanların yaşayış məskənləri ətrafında toplaşırlar. Gündüzlər əhalinin qida qalıqları və tullantılarla yemlənir, axşamlar gecələmək üçün meşələrə yollanırlar. Onlarla sağsağan birlikdə gecələyir. Yazın gəlişi ilə əlaqədar sağsağanlar qışlama ərazisini tərk edib, yuvalama yerlərinə uçub gedirlər.
Yuxarıda sağsağanların bir neçə növü olduğunu qeyd etmişdik. Haqqnda nisbətən geniş məlumat verdiyimiz Adi sağsağanla bərabər, onlara qohum olan digər iki növ barədə isə qısaca danışmağı lazım bilirik.
Mavi sağsağan zahirən adi sağsağana oxşasa da, onlardan kiçik olması ilə fərqlənir. Çəkisi xeyli az olub, 60-80 q-dır. Başının yuxarı hissəsi qara göyümtül, yaxud bənövşəyi metal parıltısına malikdir. Bel və çiyin lələkləri, quyruqlarının üstü açıq boz, sükan və örtük lələkləri mavi, boğaz ağ, döş və yelpik isə açıq boz rəngdədir. Mavi sağsağanın arealı dağınıqdır. Onlara Cənubi-Qərbi Avropada, Şərqi Asiyada, o cümlədən Çin, Koreya və Yaponiyada rast gəlinir. Əsasən meşə zolaqlarında və kolluqlarada, çay vadilərində məskən salırlar. Qışda insan məskənlərinə yaxın yerlərə gəlirlər. Şəhərətrafı ərazilərdə onlarla tez-tez qarşılaşmaq olar.
Mavi sağsanlar kolniyalarla yuvalayır. Çox da böyük olmayan kasayabənzər yuvalarını kol və ya ağacların başında qururlar. May ayında yuvada 5-7 yumurta yumurtlayırlar. Yumurtaların rəngi boz-yaşıl, yaxud mavi-boz rəngdə, çil-çil olur. Çəkiləri adi sağsağanın yumurtasından kiçikdir: 26,7-19,5 mm. May ayının sonlarında və iyunun əvvəllərində bu yumurtalardan cücə çıxır. Balalar böyüdükdən sonra oktyabrın axırı, noyabrın əvvəllərində şimal bölgəsindən cənuba doğru uçub gedirlər. Mavi sağsağanların qidasını həşəratlar, yabanı bitkilərin meyvə və toxumları təşkil edir.
Qırmızıdimdik mavi sağsağanlara Asiyada, Şimal-Qərbi Himalaydan Neapala qədər hər yerdə rast gəlmək olur. Baş və boyun hissəsi qara, peysəri isə iri ağ ləkəli, yaxud çil-çildir. Qanadları boz, quyruğu göy rəngdə olub, ucu əsasən ağdır. Bədənin aşağı hissəsi qırmızı-qonur rəngə çalır. Çox da böyük olmayan qruplarala dağətəyi zonalarda yaşayırlar. Bu sağsağanların kasayabənzər yuvaları örtüksüz olması ilə seçilir. Qırmızıdimdik sağsağanlar müxtəlif hündürlüklü ağacların nazik budaqlarında yuvalayır və yuvanın içərisini ağacların yumşaq kökcükləri ilə döşəyirlər. Qidalarını yerdə tapır və onunla yemlənirlər.
Sağsağanların faydalı cəhətləri və digər xüsusiyyətləri barədə də bir neçə söz deməyi vacib saydıq. Bəziləri sağsağanı zərərli quşlar hesab edirlər. Ancaq bu, onların gördükləri faydalı işlərin müqabilində xeyli dərəcədə azdır. Belə ki, sağsağanlar zərəli cücüləri tələf etməklə kənd təsərrüfatına böyük fayda verirlər.
Yaxın keçmişə qədər sağsağanlara yalnız kənd rayonlarında rast gəlinirdisə, son illərdə onlar geniş şəkildə şəhər həyatına da daxil olmağa başlayıblar. Bizcə, həyat tərzindəki bu dəyişiklilər sağsağanların qida çətinlikləri ilə üzləşmələrindən irəli gəlir. Yəni, insanlara pənah gətirən sağsağanlar, həm dolanışıq, həm də təhlükəsizlik baxımdan sanki öz həyatlarını onlara etibar etmiş olurlar.
Sağsağanlar həyat tərzi ilə əlaqədar yaşadıqları mühitə tamamilə uyğunlaşmış heyvanlardan biridir. Ona görə də onlar üçün yaşamaq heç də çətin deyildir. Hər şeylə qidalana bilmələri də bunu sübut edir. Ağır durumdan çıxmağın yollarını da yaxşı bilrlər. Biri mikrotəkamüldə sinantrop quşlara çevrilmələridir. Əhalinin yaşayış məskənlərinə yaxın ərazilərdə məskunlaşmaları göstərir ki, sağsağanlar bacarıqlı quşlardır. Bəzi quşlar sağsağanları imitasiya etmək yolu ilə təhlükəni asanlıqla dəf edirlər. Məsələn, sağsağan cüllüt belə quşlardandır. Çovdarçılar fəsiləsinə mənsub olan cüllütləri sağsağana oxşadıqlarına görə sağsağan cüllüt adlandırırlar. Bunların bədəninin uzunluğu 40 sm, çəkisi 500 qramdır. Qarın tərəfi ağ, qalan yeri qaradır. Qanadlarının üzərində ağ zolaq vardır. Sahil quşları olub, Azərbaycana köçmə vaxtı gəlirlər. İlbiz, xərçəng, cücü, xırda balıqlarla qidalanırlar. 2-4 yumurta qoyur, 24-27 gün kürt yatıb bala çıxarırlar.
Zootoponimlər arasında sağsağan mənşəli yer adlarına rast gəlinməsi həm maraqlıdır, həm də təəccüb doğurmur. Bu, onların böyük dəstələrlə uzun müddt yaşadıqları, yaxud rast gəlindikləri yer də ola bilər. Eyni zamanda sağsağanla bağlı toponimlərin yaranmasını əhalinin ona xüsusi hal kimi münasibəti ilə də əlaqələndirmək mümkündür. Belə ki, Qarqar və Xaçın çaylarının suayrıcında yerləşən Qarabağ silsiləsinin şimal-şərq qolunun Sağsağan silsiləsi adlandırılması bizcə, təsadüfi deyildir. Sağsağanla bağlı şifaihi xalq ədəbiyyatında istəniln qədər material vardır. Sirr deyildir ki, ulularımız sağsağana “xeyir xəbər” quşu, “xoş xəbərlər müjdəçisi” kimi yanaşmış, hətta onunla əlaqəli nəğmə də yaratmışlar. Belə ki, evin astanasındakı ağac, dirək və ya dam üstünə qonub cükküldəyən sağsağana müraciətlə deyərdilər:

– Xeyir xəbər, sağsağan!
Oğlunun oğlu olub,
Qızının oğlu olub,
Düşməninin kor qızı olub.
Yerini dəyiş görüm kim gəlir?
yaxud
Yerini dəyiş görüm nə xəbərlə gəlmisən?

Sağsağanla az qala canlı danışıq, şad xəbər intizarında olan nənələrin yarasına sanki məlhəm qoyur, onu inandırırdı ki, mütləq ümidi doğrulacaq. Sağsağan yerini dəyişib, ardıcıl cükküldəyirsə, tez-tez dimdiyini yerə vurub qaldırırsa, deməli kimsə, çoxdan həsrəti çəkilən şəxs, gözlənilən xəbər gerçəkləşəcək. Bəzən, həqiqətən də bu, baş verirdi. Lakin II Dünya müharibsindən sonra bu inamla illər uzun oğlunu, qardaşını, ərini gözləyib muradına çatmayanlar da az olmamışdı. Hər halda onlar sağsağandan incimir, taleyləri ilə barışıb, gözləməyə məhkum olurdular. Sağsağanın “kök qohumu” qara qarğaya isə münasibət bambaşqaydı. Qara qarğanın evin qənşərindəki dirək və ya ağac başına qonub qarıldaması şər niyyətə, bəd xəbərə yozular, inamsızlıq yaradar, insanların fikrini məşğul edərdi. Baba-nənələrimiz dərhal yerdən bir daş, kərsək, yaxud ağac götürüb qarğaya atar, “dimdiyinə lənət, cəhənnəm ol burdan” , deyərək söyüb qovardılar. Qarğanın yerini dəyişib yaxınlıqdakı başqa bir ağaca qonaraq təkrar qarıldaması bu hərəkətin bədbəxt hadisə ilə nəticələnəcəyinə işarə kimi qiymətləndirilirdi. Bu zaman qarğa qarıldayan səmtə heyvan peyini tullayar, onu yamanlayardılar.
Əlbəttə, bunlar bir inanc kimi, sınama kimi xalqın yaddaşında nə qədər özünə yer eləsə də, hər iki quşun təbiət və təsərrüfat üçün faydalı cəhətləri misilsizdir. Şübhəsiz, biz həmin quşların əhalinin təsərrüfat və məişətindəki zərərli fəaliyyətlərini də istisna etmirik.
Heyvanlara münasibət təkcə folklor nümunələrində deyil, yazılı ədəbiyyatda da əks olunub. Klassiklərimizin əsərlərində belə nümunələr yetərincədir. Çağdaş Azərbaycan ədəbiyyatında da oxucuya təqdim etdiyimiz mövzuya aid çoxlu hekayə və şeirlər vardır. Ömrünə yurd ağrısı yazılmış, nakam şair Vahid Tumaslı (Hüseynov) “Gözləyəsi kimim var?” adlı şeirində yüz, bəlkə də min illərlə xalq inanclarında özünə tərpənməz yer eləmiş Sağsağana münasibətini aşağıdakı kimi ifadə edirdi:

Oğlu itkin düşən, ölən, qalan var,
Boğaza yığıbdı məni yalanlar.
Yazıqsan, bəlkə də körpə balan var,
Bir də bu qapıya gəlmə, sağsağan.

Şübhəsiz, bu şeirin yaranma səbəbi 20 ildən çoxdur ki, bitib-tükınməyən Qarabağ müharibəsinin gətirdiyi acılardır. Sağsağanın “xoş xəbər” müjdəsi daha inandırıcı görünmür. Bununla belə, şair sağsağanın halına yanır, körpə balasına işarə edərək, onu illərdir yalançı “müjdələri” ilə aldatmasına baxmayaraq öldürməyəcəyini bildirir və qapıdan qovur. Şair V. Tumaslı düzgün olaraq, sağsağanın elmi cəhətdən qarğalarla qohumluq əlaqələrini göstərir:

“…Fərqi yox qarasan, yoxsa alasan,
Qarğa olmağına elə qarğasan.”

Burada müəllif sağsağanın “şad xəbər”lər daşıyıcısı olduğunu xatırlatmaqla bərabər, qarğanın bəduğur xarakterinin artıq sağsağanın timsalında üzə çıxdığını təəssüf hissilə bildirərək, səbəbini “yağlı bağarsaqlar” yeməsində (yəni, harınlamasında, bu səbəbdən çaşmasında) görür. Ona görə də insanların çıxılmaz vəziyyətində hisslərilə oynayır, onları ələ salır. Qara günlərin saorağını, şad-xürrəm hal kimi çatdırır.

Yozanlar xeyirə yozubdu səni,
Qara xəbərlərin üzübdü məni.
Yağlı bağarsaqlar pozubdu səni,
Bir də bu qapıya gəlmə sağsağan.

Fikrimizcə, Vahid Tumaslının sözügedən şeiri bütövlükdə ictimai-siyasi əhəmiyyət daşıyır ki, bu da başadüşüləndir. Qeyd etdiyimiz kimi, əsrin dörddə birindən ziyadə işğal altında qalan torpaqlarımızın ağrısını, yurd yerlərimizin nəsl-nəsl tökülən insanlarını düşünən Vətəndaş Şair bundan özgə nə cür yazmalı idi? Sağsağan, əslində adı bir quşdur. Həyat tərzi və davranışı, ümumilikdə biologiyası, sağsağanın nəinki təbiət, həmçinin əhalinin təsərrüfat fəaliyyəti üçün də faydalı olduğunu göz önündə canladırır. V.Tumaslınının “Gözləyəsi kimim var?” şeirindən sonra ona xeyli nəzirələr yazılıb. Kimi şairi qınayır, kimi təqdir edir, kimi də sağsağana ikili münasibətini ortaya qoyur. Fakt isə faktlığında qalır. Sağsağan bioloji növ kimi zərərli quş deyil. Heyvanların həyat tərzi və qorunmağa ehtiyacı onlara müxtəlif cür yanaşmağı tələb etmişdir. Beləliklə, babalarımız bayquşa “xarabalıq sevən quş”, ağacdələnə “meşələrin həkimi”, qaranquşa “yazın müjdəçisi”, göyərçinə “sülh quşu”, qarğaya “bəduğur”, sağsağana “”xoş xəbərlər” müjdəçisi və s. təki baxmış, elə bu cür də qiymətləndirmişlər. Biz bunu digər kateqoriyadan olan heyvanlara da, o cümlədən bitkilərə aid edə bilərik. Bu yolla, hələ qanunların bərqərar olmadığı tarixi dövrlərdə canlıların əksəriyyəti müqəddəsləşirilərək qorunmuş və nəslinin kəsilməsinin qarşısı alınmışdır.
Yusif DİRİLİ, bioloq-jurnalist